Dövlət strukturlarında - qanunvericilik, özünüidarəetmə, icraedici, məhkəmə orqanlarında gənclərə yer verilməsi onlara göstərilən etimadın göstəricisidir. Azərbaycan gəncliyi döyüş meydanında da öz sözünü deməyi bacarır. 2020-ci ildə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən 44 günlük Vətən müharibəsində gənclər aparıcı qüvvə olaraq qələbəyə imza atdılar. Ali Baş Komandan, Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Günündə səsləndirdiyi fikirləri xatırlayaq: “Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və Müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi”.
Qarabağın yenidən qurulmasında, heç çübhəsiz ki, Azərbaycan gənclərinin rolu böyük olacaq. Bu prosesdə gənclərin rolu ilə bağlı müxtəlif fikirlər var. Məsələn, millət vəkili Aqil Abbas bir neçə gün öncə qəzetimizə açıqlamasında tələbə inşaat dəstələrinin yaradılmasını təklif edib: “Bərpa və yenidənqurma prosesi başladıqda tələbə inşaat dəstələrinin yaradılması ilə bağlı təklif vermişdim. Müstəqillikdən öncəki illərdə belə dəstələr var idi. Yeri gəlmişkən, ilk dəfə Azərbaycanda yaranmışdı, sonra ittifaqın digər ölkələrində tətbiq edildi. Tələbələr tətil müddətində Qarabağda tikinti işlərində iştirak edə, yüksək maaş ala bilərlər. O maaşla bir müddət dolanmaq olar. 1000-1500 AZN maaş alsalar, ən azı kirayə pulunu ödəyə bilərlər. Məlumdur ki, Azərbaycanda tələbə yataqxanalarının vəziyyəti ürəkaçan deyil. Tikintidə çalışan tələbələrə imtiyaz verilməli, diplomu aldıqdan sonra Qarabağda işlə və evlə təmin olunmalıdırlar. Bu, tikintini sürətləndirmək üçün yaxşı yoldur”.
“Qarabağın azad edilməsində Azərbaycan gəncliyi əsas rol oynadı. Allah şəhidlərimizə rəhmət eləsin! Azərbaycan gəncliyi Qarabağ üçün öhdəsinə düşəndən də artıq işlər görüb”.
Günel Səfərova
Bu fikirləri isə “Yeni Müsavat”a Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova deyib. G.Səfərova vurğulayıb ki, Azərbaycanda çox sayda gənclər təşkilatları, tələbə birlikləri var: “Azərbaycan gəncləri həm könüllülük, həm də vətəndaş cəmiyyəti institutlarında kifayət qədər fəaldırlar. O cümlədən informasiya mübarizəsində, xarici ölkələrdə təmsilçilik və s. məsələlərdə gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Xüsusilə son bir ildə gənclər proseslərin aparıcı qüvvəsinə çevrilib. Qarabağın yenidən qurulması, Böyük Qayıdışla bağlı proseslərdə müxtəlif istiqamətlərdə gənclər kifayət qədər fəaldır. İlk növbədə icmaların Qarabağa köçürülməsi, yaşayışa uyğunlaşması, adaptasiya prosesinə dəstək olmaq üçün gənclərin potensialından istifadə etmək olar. Məlumdur ki, məcbur köçkünlər bir neçə dəfə yaşayış yerini dəyişdiyi üçün uyğunlaşmaq asan olmayacaq. Qarabağda yeni ictimai birliklər, qeyri-hökumət təşkilatları yaradıla bilər, gənclərin asudə vaxtının təşkilində elə gənclərin dəstək verməsi daha yaxşı olar. Çünki Azərbaycan kifayət qədər qüdrətli dövlətdir, iqtisadi cəhətdən inkişaf etmiş ölkədir. Qarabağın qurulması üçün çox böyük vəsaitə ehtiyac var. Hesab edirəm ki, prosesi özəl sektorla birgə dövlət idarə etsə, bu daha məqsədəuyğun olar. Gənclər Qarabağda daha çox innovativ layihələrin həyata keçirilməsinə, konseptual məsələlərin idarə olunmasına, idarəçilikdə gənclərin rolunun artırılmasına, sosial xidmətlərin gücləndirilməsi istiqamətində fəaliyyət göstərsələr, daha yaxşı olar. Tələbələr fiziki əmək tələb edən sahələrdən daha çox bu istiqamətlərdə çalışmalıdır. Gənclər yenilikçi, innovativ təkliflər, ideyalar irəli sürərək Qarabağın yenidənqurma və bərpası prosesində yaddaqalan rol oynaya bilərlər. Azərbaycan gəncliyi yeni mərhələdə ağıllı, vətənpərvər, gündəmlə ayaqlaşmağı bacaran gənclikdir. Əlbəttə ki, niyyətimiz bütün problemlərin həllini gənclərin üzərinə yükləmək deyil. Mən gəncliyin yeni formalaşmış yanaşmalarla işləməsinin tərəfdarıyam”.
Yazını hazırladı: Nigar HƏSƏNLİ