Qarabağı minalardan onlar təmizləsin! - Revanş dalğası, status-kvo... – SENSASİON DETALLAR

“ATƏT-in Minsk qrupu formatı artıq tarixə qovuşub. Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad edib. ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə keçirilən danışıqlar heç bir nəticə vermədi, bir qarış da Azərbaycan torpağı işğaldan azad olunmadı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra edilmədi. 2020-ci ilin payızında Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etdi”.

Bu fikirləri Musavat.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

ilyas.jpg (91 KB)

Politoloq hesab edir ki, hazırkı reallıqlarda, xüsusilə də lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsindən sonra Minsk qrupu, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi kimi mənasız vəzifələrə, strukturlara, institutlara ehtiyac yoxdur:

“ATƏT regional təhlükəsizlik sisteminə töhfə vermək istəyirsə, ərazilərin minalardan təmizlənməsinə, mülki infrastrukturun yaradılmasına, regiondakı quruculuq və bərpa işlərinə töhfə verə bilər. Bununla ATƏT-in sülh təşəbbüsləri, sülh niyyəti özünü aydın şəkildə büruzə vermiş olar. Əks təqdirdə ATƏT-in hansısa mexanizmlərinin işə düşməsi bizim üçün regionda revanş dalğasının yaradılmasının təşviqi kimi anlaşıla bilər.

Digər tərəfdən, ATƏT ötən dövr ərzində Azərbaycanın ictimai rəyində də münaqişəni dondurub saxlamaq, münaqişə vasitəsilə regiona təsir göstərmək, münaqişə nəticəsində mənasız səfərlərin təşkilini həyata keçirmək istəyən bir qurum kimi yadda qalıb.

Xüsusilə hazırkı reallıqlarda regionda tamamilə başqa institutlar çərçivəsində danışıqlar gedir, razılıqlar əldə olunur, bəyanatlar səslənir. ATƏT-in bu danışıqlarda hansı missiyanı həyata keçirməsi qaranlıq olaraq qalır. ATƏT baş verən proseslərlə, müasir konfiqurasiya ilə heç bir uyğunluq təşkil etmir”.

KONFİ.jpg (98 KB)

Politoqun fikrincə, əgər yenidən mənasız və boş səfərlər həyata keçiriləcəksə, yersiz monitorinq adı altında ovaxtkı status-kvonu qoruyub saxlamaq istiqamətində tədbirlər həyata keçiriləcəksə, bu, sülhə yox, eskalasiyaya xidmət edəcək:

“Ona görə də düşünürəm ki, sülhün, sabitliyin və təhlükəsizliyin qorunması nöqteyi-nəzərindən ATƏT artıq mənasız bir qurumdur. Onsuz da Avropanın daxilində də, Ukrayna cəbhəsində gedən müharibədə də biz görürük ki, ATƏT heç bir təsir mexanizminə malik deyil. Bu baxımdan yalnız Azərbaycan və Ermənistan ziddiyyətləri üzərində öz mövcudluğunu qoruyub saxlamaq kimi addımlar əlbəttə ki, mənasızdır və nəticə verməyəcək”.

Aytən Novruz
Musavat.com

17.02.2024 21:37
3204