Qarabağdan köçənləri Gürcüstana yerləşdirmək planı

Zəlimxan Məmmədli: “Fransa erməni əhalinin Cavaxeti bölgəsinə köçürülməsində maraqlı ola bilər”

Ermənilərin Gürcüstanın Samtsxe-Cavaxeti bölgəsinə ərazi iddialar irəli sürdükləri bilinən faktdır. Ermənilər 1944-cü ildə kütləvi olaraq bu bölgəyə yerləşdirildikdən sonra bu ərazilərdə də guya qədimdən yaşadıqlarını iddia ediblər. 

Sarsaq “artsax” arzuları birdəfəlik dəfn edildikdən sonra Qarabağdan könüllü köçən ermənilərin harada məskunlaşdırılması indi ən çox müzakirə edilən mövzulardan biridir.  Məlum olduğu kimi, Paşinyan hökuməti onların əksər hissəsinin indiki Ermənistanın, yəni Qərbi Azərbaycanın 1988-ci ilə qədər azərbaycanlılar yaşayan bölgələrində, kəndlərində yerləşdirilməsini, 1988-ci ilə qədər Qarabağda yaşayan və orada qeydiyyatda olanların yenidən Azərbaycana qaytarılmasını planlaşdırır. “Bakı-xəbər” yazır ki, belə iddialar və ehtimallar var ki, Paşinyan  hökuməti Qarabağdan könüllü köçmüş ermənilərin bir qismini Ermənistanla yanaşı, Gürcüstanda ermənilərin sıx yaşadığı Samtsxe-Cavaxeti diyarında yerləşdirməyi planlaşdırır. Birinci Qarabağ müharibəsində, həm də 44 günlük müharibədə Samtsxe-Cavaxeti bölgəsindən olan ermənilər də Azərbaycana qarşı döyüşüb. Bəzi söyləntilərə görə, lokal antiterror tədbirlərinə qədər Qarabağdakı ermənilər arasında Samtsxe-Cavaxeti erməniləri də yaşayıb və sonra onlar digər ermənilər kimi  köçüb Ermənistana gediblər.

Maraqlıdır ki, Ermənistanın Qarabağdan köçüb gedən ermənilərin Samtsxe-Cavaxeti bölgəsində yerləşdirilməsi planı barədə ictimaiyyət arasında söhbətlər genişlənib və bu ehtimalın olduğu deyilir. Hətta Ermənistanın Qarabağdan gedən erməniləri Gürcüstan ərazisində məskunlaşdırma planı barədə məlumat mətbuatda yer alıb.

Qarabağdan gedən ermənilərin Gürcüstanın məlum bölgəsində məskunlaşdırılması mümkündürmü? Rəsmi Tiflis bu təhlükəni önləmək üçün hansı addımları ata bilər?

Zəlimxan Məmmədli:


Zəlimxan Məmmədli

Haqq-Ədalət Partiyası Ali Məclisinin və Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Gürcüstanda bir “Çaxaryan sindromu” var: "Separatçılıq fəaliyyətinə görə həmin Çaxaryan vaxtilə həbs də edilib. İndi azadlıqdadır və onun kimi ermənilər Cavaxeti bölgəsinə Ermənistandan erməni əhalinin köçürülməsində maraqlı ola bilər. Eləcə də Ermənistan hökuməti Qarabağdan gəlmiş ermənilər yükünün bir hissəsindən xilas olmaq üçün müəyyən sayda erməni əhalinin Gürcüstana yerləşməsini istəyə bilər. Ancaq Gürcüstan hökumətinin və gürcü cəmiyyətinin buna razı olması ehtimalı yoxdur. Gürcüstan hökuməti və cəmiyyəti Cavaxetidə separatçılıq probleminin olduğunun fərqindədir. Ona görə də başlarına əlavə bəla açmaq istəməzlər. Xüsusilə qatı separatçı və cinayətkarların təmsil olunduğu bir kəsimi Gürcüstan hökuməti ölkəsində görmək istəməz. Hakimiyyətin içərisində hansısa qrupun Qarabağdan olan ermənilərin Gürcüstanda yerləşməsini istəməsi istisna deyil. Amma bütövlükdə Gürcüstan hökuməti və cəmiyyəti bu planın həyata keçməsinə razı olmaz. Hətta hökumət nəzəri baxımdan istəsə belə, gürcü xalqı və oradakı azərbaycanlılar bunu qəbul etməzlər. Üzərində separatçılıq kimi qara ləkə olan problemli bir toplumu nə gürcülər, nə də Gürcüstan azərbaycanlıları ölkələrində görmək istəyər. Digər tərəfdən, Gürcüstan hökuməti Azərbaycanla və Türkiyə ilə münasibətlərə xələl gətirəcək addım atmaz. Gürcüstanın daxili siyasi durumu da arzuolunan səviyyədə rahat deyil. Belə bir vəziyyətdə rəsmi Tiflis özünə əlavə problemlər yaradacaq addıma getməz. Əgər Cavaxetidə hansısa erməni icması Çaxaryan kimi şəxslər, həmçinin hökumətdə hansısa fərdlər, qruplar Qarabağdan getmiş ermənilərin Gürcüstana köçürülməsi istiqamətində real hərəkətlərə başlasalar, Gürcüstan hökuməti onların qarşısını yəqin ki, qanunlar çərçivəsində sərt şəkildə alacaq. Qarabağdan getmiş erməniləri qaçqın kimi qəbul etmək hüquqi baxımdan mümkün deyil. Çünki həmin ermənilər Ermənistan və digər ölkələrin vətəndaşlıq pasportunu daşıyırlar. Qanunsuz yaşadıqları Azərbaycan ərazisindən onlar öz ölkələrinə gediblərsə, təbii ki, qaçqın sayılmırlar. Yəni Gürcüstan həmin erməniləri "qaçqın" kimi də qəbul edə bilməz. Ermənistan pasportu daşıyan Qarabağdan köçən hansısa ermənilər Ermənistan vətəndaşı kimi Gürcüstana gedib-gələ, miqrant kimi yaşamaq istəyə bilərlər. Lakin bunun da kütləvi hal almasına hökumət öz maraqları baxımından imkan yaratmayacaq. Gürcüstan hökuməti ölkələrində rahatlığı pozacaq addım atmamalıdır".

Z.Məmmədli qeyd etdi ki, Türkiyə-Azərbaycan-Gürcüstan birliyini, əməkdaşlıq münasibətlərini zədələmək üçün Fransa müəyyən təsir imkanları olan Gürcüstana erməniləri “qaçqın” kimi qəbul etmək üçün təsir göstərməyə çalışa bilər. Lakin Fransanın bu istəyinin həyata keçməsinə Gürcüstan hökumətinin şərait yaradacağı inandırıcı deyil. Gürcüstan hökuməti də yaxşı bilir ki, Türkiyə və Azərbaycanla əlaqələri, əməkdaşlıq münasibətlərini bir dəstə erməniyə görə zədələmək əbləhlik olar.  Fransadan uzanan məkrli əllərin Gürcüstanı problemlərlə üz-üzə qoyması yolverilməzdir.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

20.10.2023 11:04
2054