Erməni politoloq Sergey Melkonyan Qarabağda Cənubi Osetiya ssenarisinin (2008-ci ildə Gürcüstan torpaqlarının Rusiya tərəfindən işğal olunması nəzərdə tutulur - red.) təkrarlana biləcəyi ehtimalından yazıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, S.Melkonyan özünün Teleqram kanalında fikirlərini paylaşıb.
Melkonyana görə, həmin ssenari bu gün bir sıra səbəblərə görə mümkün deyil.
“1. İlham Əliyev Saakaşvili deyil. Əgər sonuncu Moskvada sırf Qərbin adamı kimi qəbul edilirdisə, Əliyev anlaşıla bilən və sırf anti-Rusiya mövqeyi olmayan lider hesab olunur. Hərçənd o da ölkəsini Türkiyə/Qərb təsir dairəsinə daxil edir. Yəni indiki məqamda liderin etdiyi seçimə görə ölkəni “cəzalandırmaq”dan söhbət gedə bilməz.
2. Azərbaycan Gürcüstanın acı təcrübəsini nəzərə alıb. Bakı qırmızı xətləri çoxdan keçsə də (hava məkanında Rusiya helikopterinin vurulması, 2 rus əsgərinin ölümü və 1-nin yaralanması), sülhməramlılara qarşı məqsədyönlü hücumun daha böyük problem yaradacağının fərqindədir.
3. Rusiya artıq regiondan çıxarılır - güc tətbiq etməyə ehtiyac yoxdur. Bakı, Ankara, Brüssel və Vaşinqton Rusiya sülhməramlı kontingentinə Qarabağda ehtiyac qalmadığını düşünür. Buna görə də qeyri-müəyyən inkişaf ssenarisi ilə əlavə eskalasiya riskləri lüzumsuz görünür.
4. Rusiyaya etibarlı qonşular və perimetr sabitliyi lazımdır. Moskva öz təsir zonasında Azərbaycanın təmsil olunduğu Cənubi Qafqazda yeni “anti-Rusiya”nın yaranmasına səbəb ola biləcək münaqişənin qızışdırılmasında maraqlı deyil. Rusiyaya Şimali Qafqaz yaxınlığında əlavə gərginlik yaratmaqdansa, Azərbaycanı neytral vəziyyətdə saxlamaq sərf edir.
5. Rusiyanın əsas qüvvə və vasitələrinin Ukrayna istiqamətində cəmləşməsini nəzərə alsaq, bu gün kiçik qələbəli müharibə mümkün deyil.
Buna görə də ən azı bu gün, Qarabağda (ermənilər üçün - red.) böyük gözləntilərə ehtiyac yoxdur. Bu, bütün regional və qeyri-regional güc mərkəzlərinə aiddir. İrəvanın yerinə heç kim şabalıdı oddan çıxarmayacaq. Ermənistanın de-fakto hakimiyyəti isə artıq Qarabağdan imtina edib”, - deyə Melkonyan yazıb.
Musavat.com