Köçlə gedənlər köçlə qayıda bilməz, Azərbaycan “banan ölkəsi” deyil! Politoloq: “Türklərlə birgə yaşamaq istəməyənlərin Qarabağda nə işi var...”
Separatçı qırıntıları Ermənistanda boy göstərməyə başlayıblar. O sırada Qarabağdakı mifik qurumun sonuncu saxta “prezidenti”, sentyabrın 20-də “artsax”ı buraxdığını elan edən Samvel Şahramanyan ötən həftəsonu “stəkanda fırtına” yaratmağa cəhd edib.
22 “səs”lə “seçilən” 10 günlük “prezident” deyib ki, Avropa Birliyi, ABŞ və Rusiya ermənilərin Qarabağa qayıtmasını istəyir, hətta Azərbaycan da bunda maraqlı ola bilər, çünki iddiasına görə, “beynəlxalq birlikdən ittihamlar səslənir ki, Bakı zorən köçə şərait yaradıb”. Üstəlik, o, hansısa statusdan söz açıb, ancaq bunu dəqiqləşdirməkdən yayınıb.
Yada salaq ki, oktyabrın 20-də Şahramanyan İrəvanda başqa bir absurd ifadə işlətmişdi: ""Artsax" respublikası ləğv olunmayıb. Ümumxalq səsverməsi ilə qəbul ediləni fərmanla ləğv eləmək olmaz”. Beləcə, əslində o, özü-özünü təkzib edib. Çünki “artsax” ləğv olunmayıbsa, Bakı ilə hansı status müzakirə ediləcək?
Bu, əlbəttə ki, utopiyadır. Nəyi qoyub nə axtarır bu fantaziyaçılar. Hələ ermənilərin Qarabağa kütləvi dönüşü mümkün olsun, görək olacaqmı? Azərbaycan öz şərtlərini ermənilərin könüllü köçündən qabaq elan edib. Dəyişən heç nə yox. Bundan ötrü xüsusi portal da yaradılıb. Öncə Azərbaycan vətəndaşlığı üçün müraciət edilməli, şəxsin kimliyi araşdırılmalıdır ki, ona vətəndaşlıq düşür, ya yox.
İkinci yandan, zamanında yazdığımız kimi, getmək qayıtmaq qədər sadə iş deyil, ola bilməz. Ölkədən çıxıb gedə bilərsən, amma dönüş üçün suveren dövlət kimi Azərbaycanın qanunu, legitim tələbləri var. Biz “banan ölkəsi” də deyilik. Daha Laçın postundan əlin cibində, fit çala-çala Qarabağa rahatca keçə bilməzsən. Müvafiq prosedurlara əməl eləməlisən - əcnəbi əcnəbi kimi, Qarabağ ermənisi də əlavə müvafiq yoxlanışa məruz qoyulmaqla. Böyük ehtimalla, bu yoxlanışdan sonra Qarabağda ən uzağı, bir neçə on min erməninin qalıb yaşamaq haqqı tanınacaq.
Adama deyərlər: niyə qaçıb getdiniz ki, indi də qayıda bilmirsiniz? Sual, əlbəttə, ritorikdir. Ermənistan və onun havadarları bu yolla, yəni cəmi bir neçə günün içində Azərbaycanı “soyqırımı müəllifi” kimi beynəlxalq birliyin hədəfinə gətirib Bakıya qarşı sanksiyalara nail olmağa ümidli idilər. Ümidləri puç oldu...
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğluna görə, Şahmaranyan kimilər “qatarın getdiyini” anlamaq istəmirlər: “Şahramanyanın ermənilərin Qarabağa qayıtmasının mümkünlüyü, bunun Avropa, ABŞ və Rusiyanın maraqlarına cavab verməsi, hətta Azərbaycanın da bunu istədiyini iddia etməsini necə başa düşmək olar? Birincisi, Samvel Şahramanyan ermənilərin geridönüşü mövzusunu Bakı ilə müzakirə etmək istəyir. İkincisi, hesab edir ki, Bakı Ermənistana köç edən ermənilərin geri qayıdışında maraqlıdır. Onun məntiqinə görə, Azərbaycan ermənilərin geri qaydışını beynəlxalq təzyiqdən qurtulmaq üçün həyata keçirmək istəyir. Şahramanyan "qatarın getdiyini" anlamaq istəmir".
Politoloq xatırladır: “Rəsmi Bakı Qarabağ ermənilərinə Ermənistana köç etmədən öncə müraciət etmiş, onlara bildirmişdi ki, Azərbaycan vətəndaşlığını qəbul edin və evlərinizdə yaşayın. Qəbul etmədilər, getdilər. Bundan sonra Bakının və Azərbaycan ictimaiyyətinin ermənilərin geri qayıtmasında maraqlı olduğunu söyləmək mümkün deyil. Digər tərəfdən, gedənlərin hamısının cibində Ermənistan pasportu var. Azərbaycan ermənilərə Ermənistan pasportları ilə Qarabağda yaşamağa icazə verməyəcək”.
Şahinoğlu ermənilərin əleyhinə olan daha bir amilə diqqət çəkib: “Dünya qarışıb, Yaxın Şərqdə vəziyyət gərgindir. Şahramanyana isə elə gəlir ki, beynəlxalq birlik ermənilərin Qarabağa dönüşü ilə bağlı Azərbaycana təzyiq edir. Bunun da reallıqla əlaqəsi yoxdur. Onun nə söyləməsindən asılı olmayaraq, Ermənistana köçən ermənilərin geri qayıtmaq fikirləri yoxdur, "biz türklərlə birgə yaşamaq istəmirik" deyib durublar. Türklərlə birgə yaşamaq istəməyənlərin Qarabağda nə işi var?"
Azərbaycana qarşı beynəlxalq təzyiqə gəlincə, Şahramanyan, şübhəsiz, burada şişirdir, Avropa Birliyinin, AŞ PA-nın hüquqi qüvvəsi olmayan kağız parçalarına əsaslanıb iddiasını gerçək kimi qələmə verməyə çalışır, soydaşlarını sakitləşdirməyə, ümidləndirməyə cəhd edir. Guya "artsax"la bağlı hələ hər şey itirilməyib. İtirilib! Özü də həmişəlik. Bunu Fransanın təşəbbüsü ilə daha iki dəfə keçirilən və hər ikisində fiasko olan BMT TŞ-nin iclasları da sübut edir.
“Ermənistan-Azərbaycan münaqişəsinin əsas məsələsi - Qarabağ problemi qapanıb. Bunu Putin, Lavrov və Rusiya hökumətinin bütün nümayəndələri bəyan edib. Azərbaycana təzyiq etmək olmaz. Xüsusən də Bakı Qarabağı tamamilə qaytardıqdan sonra”.
Bu sitat isə rusiyalı tanınmı siyasi analitik Aleksandr Razuvayevə məxsusdur.
Qərbin vasitəçiliyinə Bakının inamsızlığına toxunan ekspert deyib ki, Azərbaycan uzun müddətdir Avropadan edilən müxtəlif hücumlara dözüb, lakin indi, Qarabağın qaytarılmasından sonra artıq o bezib. “Bundan başqa, Qərb müsəlman dünyasını, türk dünyasını sevmir. Niyə Azərbaycan ilkin olaraq ona qarşı mənfi münasibət bəsləyən vasitəçinin "xidmətlər"indən istifadə etməlidir? Üstəlik, bütün problemləri özü həll edibsə, nə üçün onların “xidmətlər”indən istifadəyə davam etsin ki?!", - analitik vurğulayıb.
Onun qənaətincə, Avropa Birliyi nə qədər zəhlə töksə də, Azərbaycana qarşı faktiki sanksiyalar tətbiq etməyəcək, çünki Bakı mühüm enerji mənbəyidir: “Digər yandan, sanksiyalar tətbiq olunan ölkələr son nəticədə onlara uyğunlaşır. Bunu Rusiya və İranın timsalında görürük. Azərbaycan indi incə, diqqətlə, diplomatik yolla göstərir ki, bundan sonra hansı addımın atılacağını vasitəçilər yox, məhz özü seçir”.
Təbii ki, Qarabağa ermənilərin dönüşü də müstəsna olaraq Bakının verəcəyi qərarlara və qoyduğu şərtlərə bağlıdır. Qayıda bilən qayıtsın. “Biletlər” Bakıda satılır, İrəvanda və yaxud Parisdə yox!..
Siyasət şöbəsi,
“Yeni Müsavat”