Qarabağ və Şərqi Zəngəzurla bağlı ŞAD XƏBƏR - Prezident DETALLARI açdı

Cari ilin ötən dövründə ölkə iqtisadiyyatında əldə olunmuş nəticələr bizə nə vəd edir? İlin ikinci yarısında qarşıya qoyulan hədəflərə çatmaq nə qədər real görünür? Bu suallara 11 iyul 2023-cü il tarixdə ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə yetərincə aydınlıq gətirildimi?

musavirem.jpg (98 KB)

Beləliklə, son 6 ay ərzində ölkə iqtisadiyyatının bütün istiqamətləri üzrə müsbət nəticələr əldə olunsa da, iqtisadiyyatımızın ümumi artımı mütləq rəqəmlər baxımından bir o qədər də böyük deyil. Lakin son 6 ayda iqtisadiyyatımızın real sektorunda üstün artım təmin edilib, qeyri-neft sənayesində 6,5%, qeyri-neft sektorunda isə ümumilikdə 3,0%-dən çox artım əldə olunub.

Ötən dövrdə aparılan iqtisadi islahatlar və maliyyə sektorunda nizam-intizamın möhkəmləndirilməsi nəticəsində büdcəyə daxilolmalar proqnozla nəzərdə tutulduğundan 3 milyard manatdan çox arta bildi. Bu isə öz növbəsində hökumətə dövlət büdcəsinə yenidən baxıb, onun xərclərini daha 3 milyard manat artırmaq imkanı yaratdı. Nəticədə keçə ilin sonlarında təsdiq olunmuş dövlət büdcəsinin xərcləri 33 milyard manatdan 36 milyard manata qədər yüksəldi. Bu, müstəqillik dövrümüzün büdcə tarixində ən böyük uğurlardan biridir. Bizim dövlət büdcəmiz bu gün Ermənistan və Gürcüstanın dövlət büdcələrinin cəmindən 41,7% böyükdür. Halbuki Sovetlər dönəmində bir məkanda yaşadığımız Gürcüstanla müqayisədə Azərbaycan büdcənin gəlir və xərclərinə görə həmişə geridə qalırdı.

Büdcədə edilmiş dəyişikliklər Qarabağ və Şərqi Zəngəzur torpaqlarımızda bərpa işlərinin intensivləşdirilməsinə, ölkəmizin hərbi qüdrətinin möhkəmləndirilməsinə imkan yaradacaq. Dövlətimiz üçün hər iki istiqamət prioritetdir. Azərbaycan hökuməti bu gün Qarabağ və Şərqi Zəngəzur torpaqlarımızdan didərgin düşmüş insanlarımızın tez bir zamanda ata-baba yurdlarına qayıtması üçün bütün səyləri bir araya gətirmək əzmindədir. Bu ilin sonuna qədər investisiya proqramına uyğun olaraq Qarabağ və Şərqi Zəngəzur ərazilərimizdə bərpa işlərinə 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu, bir neçə illər öncə Azərbaycanın dövlət büdcəsinin xərclərinə bərabər səviyyədə olan xərclər deməkdir. İqtisadi və maliyyə qüdrəti yetərincə artmış dövlətimiz artıq belə böyük həcmdə xərcləri qarşılamaq imkanlarına sahibdir.

Azərbaycan hökumətinin Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunmuş ərazilərində bərpa işləri aparmaq və insanlarımızın bu torpaqlarda məskunlaşmasını təmin etmək üçün heç kimin dəstəyinə ehtiyacı yoxdur. Dövlətimiz işğaldan azad olmuş ərazilərimizdə bütün quruculuq işlərini son 30 ildə aparılan iqtisadi islahatlarla əldə etdiyi maliyyə imkanlarına söykənərək özü edir və edəcək.

Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Cari ilin sonuna qədər məcburi köçkünlər Laçın şəhərinin Zabux və Sus kəndlərinə qayıdacaqlar. İlin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar.

Dövlət büdcəsində edilmiş dəyişikliklə artırılan xərclərin digər bir hissəsi isə ölkəmizin müdafiə qüdrətinin möhkəmləndirilməsi üçün istifadə olunacaq. Bu, olduqca önəmli və günümüzün təxirəsalınmaz məsələlərindən biri və bəlkə də birincisidir. Ermənistanda revanşist qüvvələrin 44 günlük Vətən müharibəsində aldıqları acı məğlubiyyətin qarşılığını verməyə dair çağırışların getdikcə artdığı bir dönəmdə Azərbaycan hökuməti ölkənin müdafiə qüdrətinin möhkəmlənməsi yolunda zəruri olan bütün addımları atmağa məhkumdur. Bu gün dünyada beynəlxalq hüquq işləmir. Bu səbəbdən biz beynəlxalq hüquqa, beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə bel bağlaya bilmərik. Bizim öz müstəqilliyimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmaqdan başqa yolumuz yoxdur. Azərbaycan dövləti bu gün iqtisadi, maliyyə və hərbi qüdrətinə söykənərək heç kimə onunla ultimatum dilində danışmağa imkan vermir. Çünki O, tam müstəqildir. Bütün siyasi müstəqilliklərin kökündə isə iqtisadi müstəqillik dayanır.

Ötən 6 ayda Azərbaycanın xarici ticarət əlaqələrində müsbət saldo 10 milyard dollara yaxın olub. İlin sonuna qədər bu göstəricinin ən azı iki dəfə yüksək olacağı gözlənilir. Bu gün Azərbaycan bütün iqtisadi və maliyyə parametrləri ilə tam müstəqildir və heç kimdən heç bir formada asılılığı yoxdur. Ölkəmizin xarici borcu onun ümumi daxili məhsulunun 10%-ni ötmür.

Azərbaycan iqtisadiyyatıın uğurlarını görmək istəməyən bir para “özündənrazılara” tövsiyə edirik ki, bu rəqəmləri bizə qonşu olan ölkələrin və regionun digər ölkələrinin eyni göstəriciləri ilə müqayisə edib sonra iqtisadiyyatımızın durumuna qiymət verməyə qalxsınlar.

Azərbaycan öznün iqtisadi müstəqilliyinə son 30 ildə aparılan doğru və uzaqgörən iqtisadi siyasətlə nail ola bilib. Yeni dönəmdə isə dövlətimizin başlıca hədəfi iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində götürdüyümüz kursu daha da dərinləşdirərək ölkə iqtisadiyyatının neftdən asılılığını optimallaşdırmaqdır. Heç şübhəsiz, Qarabağ torpaqlarımızı işğaldan azad etdiyimiz kimi, iqtisadiyyatımızın neftdən asılılığına da beləcə son verəcəyik!

fikret_yusifov.jpg (160 KB)

Fikrət Yusifov
sabiq maliyyə naziri,
iqtisad elmləri doktoru, professor

12.07.2023 19:29
5198