Ekspertlər hesab edir ki, insanlara bu torpaqları becərib qazanmaq imkanı verilməli və...
Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.
Bu, “Torpaq icarəsi haqqında” Qanuna təklif olunan əlavə və dəyişikliklərlə bağlı qanun layihəsində öz əksini tapıb. Sənəd Milli Məclisin Aqrar siyasət komitəsinin oktyabrın 14-də keçirilən iclasında müzakirə edilib.
Bundan başqa, qanun layihəsinə əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın aqrar təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə veriləcək.
Qanun layihəsinin bu müddəalarının icra mexanizmi onun qəbulundan sonra səlahiyyətli dövlət orqanı tərəfindən təsdiq olunacaq qaydalarla müəyyən ediləcək. Qanun layihəsinin qəbulu ilə kənd təsərrüfatı təyinatlı torpaqlardan və su resurslarından səmərəli istifadə edilməklə regionda kənd təsərrüfatının inkişafına töhfə veriləcək, azad rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, bölgədə dayanıqlı məskunlaşmanın təmin edilməsi və məşğulluğun yaradılması dəstəklənəcək.
Qeyd edək ki, 2020-ci ildən işğaldan azad olunmuş ərazilərimizə “Böyük Qayıdış”ın təmin edilməsi üçün Azərbaycan dövləti tərəfindən kompleks fəaliyyət planlarının hazırlanması ilə bərabər artıq bu istiqamətdə olduqca əhəmiyyətli praktiki fəaliyyətlər həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə səlahiyyətli dövlət orqanlarının rəhbər şəxslərindən ibarət Əlaqələndirmə Qərargahı da formalaşdırılıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxs yaradılıb. İşğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafı ilə də bağlı dövlət başçısı tərəfindən hökumətə tapşırıqlar verilib.
Ekspertlərə görə, 1996-cı ildə MDB məkanında ilk dəfə Azərbaycanda aparılan və uğurla nəticələnən torpaq islahatı təcrübəsi mövcuddur. Bu təcrübə azad olunmuş ərazilərdə torpaq islahatının aparılması üçün də konseptual baza rolunu oynamış olacaq. 1996-cı ildə islahat aparılan zaman torpaq sahələrinin dəqiq inventarlaşdırılması aparılmadığına görə bəzi hallarda torpaqlarla bağlı dəqiq uçot məlumatlarının olması problemi var idisə, azad olunmuş torpaqlarda müasir informasiya texnologiyaları əsasında elektron uçot sistemi yaratmaq imkanı var. Həmçinin ölkənin digər regionlarında 1996-cı ildə aparılan torpaq islahatı sosial ədalət prinsipinə uyğun olub, lakin islahatdan sonra torpaqların kiçik bloklara parçalanması iqtisadi səmərəliliyi aşağı salıb. İndi keçmiş təcrübə əsasında azad olunmuş ərazilərdə torpaq islahatı aparılarkən torpaqların özəl mülkiyyətə verilməsi zamanı minimal səmərəli ölçünün gözlənilməsini təmin edən mexanizmlər tətbiq oluna bilər.
Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, həmin bölgədə 1980-ci illərdə 139.8 min hektar əkilmiş sahə mövcud olub. Əkinlərin strukturunda taxıl sahələri və üzümlüklər üstünlük təşkil edib: əkilmiş sahənin 55%-i taxıl məhsullarının, 35%-i üzümlüklərin payına düşüb.
Torpaqların icarəyə verilməsi həmin ərazilərdə məhsuldarlığın artmasına və bazarda ucuzluğun yaranmasına səbəb olacaqmı?
Azər Badamov
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”la fikirlərini bölüşüb: ""Torpaq icarəsi haqqında" Qanuna təklif olunan dəyişikliklərə əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı əhalinin məskunlaşdığı kənd və qəsəbə ərazi vahidlərinin sərhədləri daxilində yaşayış məntəqələrinə yaxın aqrar təyinatlı torpaqlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kənd və qəsəbə sakinlərinə (birillik və çoxillik əkinlərin aparılması üçün) güzəştli şərtlərlə icarəyə vermək imkanını yaradacaq. İşğaldan azad edilmiş torpaqlar əsasən kənd təsərrüfatı təyinatlı torpaqlardır. Belə ki, 2026-cı ilin sonuna qədər 140 mindən çox keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdacaq. Yenidən salınmış kəndlərə və qəsəbələrə qayıdacaq insanlara torpaqlarda becərib yaratmaq imkanı verilməlidir. Müvafiq qanunda ediləcək dəyişiklik ilk növbədə öz doğma kəndlərinə və qəsəbələrinə qayıdan şəxslərə yaşadıqları inzibati ərazilərdə güzəştli şərtlərlə torpaqları icarəyə alaraq kənd təsərrüfatı məhsulları istehsal etmək imkanını qazandıracaq. Yəni kəndli yenidən torpağa qayıdacaq və əkib-becərəcək. Bu həm də uzun illər istifadə olunmayan torpaqların yenidən dövriyyəyə qayıtması prosesini sürətləndirəcək. Belə ki, həmin torpaqlarda kənd təsərrüfatı məhsullarının əkilməsi ölkədə məhsul bolluğunu yaradacaq. Məhsul istehsalının artması birbaşa bazarlardakı qiymətlərə təsir edəcək və qiymətlərin aşağı düşməsinə töhfə verəcək. Yəni işğaldan azad olunmuş ərazilərdəki torpaqların güzəştli şərtlərlə icarəyə verilməsi imkanının yaradılması yeni iş yerlərinin açılmasına, məhsul bolluğunun yaranmasına və bazarlarda aqrar məhsulların qiymətlərinin ucuzlaşmasına xidmət edəcək".
Eyyub Kərimli
İqtisadçı Eyyub Kərimli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Çoxdan idi ki, həm yerli əhali, həm də digər böyük şirkətlər tərəfindən bu torpaqlarda istehsala başlanacağı gözlənilirdi. Qarabağda işğaldan azad olunan torpaqlarda 600 minə yaxın əkinə yararlı torpaqlarımız var. Bu, ölkə iqtisadiyyatına reinteqrasiya, qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərir. Digər tərəfdən, Qarabağ İqtisadi Zonasında məşğulluğun təmin edilməsində, iqtisadiyyatın inkişafında, iqtisadi fəaliyyətin təmin edilməsində əhəmiyyətli rol oynayacaq. Sözsüz ki, bu şərtlərlə həmin torpaqların istismara verilməsi məskunlaşmanın sürətini artıracaq. Orada ən böyük problemlərdən biri iş yerlərinin az olmasıdır. Burada yerli əhalinin işlə təmin olunmasına, kiçik sahibkarlıqla, fermer təsərrüfatı ilə məşğul olmasına geniş imkanlar yaranacaq. Digər tərəfdən, bölgənin iqtisadi potensialının artırılmasına şərait yaranacaq. Ümumilikdə, həmin bölgənin iqtisadiyyata reinteqrasiyası sürətlənəcək. Ermənistanın taxıl istehlakının 33 faizi həmin bölgələrdən hasil edilirdi. Bu da onu deməyə əsas verir ki, həmin bölgələrin böyük iqtisadi potensialı var. Bu gün torpaqlardan istifadə olunması həmin potensialın start götürməsinə imkan yaradır, kənd təsərrüfatının yaranmasına və inkişafına böyük təsir göstərir. Bu baxımdan düşünürəm ki, proses daha da sürətlənəcək".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”