“Ukraynanın ardınca Cənubi Qafqaz Rusiya, İran və Çinin təmsil olunduğu “Şərq bloku” ilə Qərbin qarşıdurma meydanına çevrilir”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli siyasi ekspert Armen Badalyan bildirib.
“Yeganə fərq ondan ibarətdir ki, Ukraynada bu qarşıdurma hərbi münaqişə mərhələsinə qədəm qoyub, burada isə savaş soyuq qarşıdurma səviyyəsində baş verir”, - deyə Badalyan qeyd edib.
Erməni politoloqun fikrincə, Rusiyanın Ukrayna cəbhəsində qeyd-şərtsiz qələbəsi halında Cənubi Qafqazdakı vəziyyətin fərqli ssenari üzrə inkişafı tamamilə mümkün görünür.
“Məsələn, Qərb öz məğlubiyyətini qəbul edib Cənubi Qafqazı Rusiya Federasiyasının təsir zonası elan edə bilər. Digər tərəfdən, Qərb, xüsusən də ABŞ Cənubi Qafqazı özləri üçün təmin etməyə çalışarkən, Ukraynada heç bir maraqlarının olmadığını düşünə bilər.
Bütün Cənubi Qafqaz indi Mərkəzi Asiyanı Qərblə birləşdirən Orta Dəhlizin bir hissəsi hesab olunur. Qərb Mərkəzi Asiyaya, xüsusən də Qazaxıstan iqtisadiyyatına - qaz, neft, qiymətli metallara 175 milyard dollar sərmayə qoyub. Üstəlik, bu, təkcə Qazaxıstana aiddir, mən hələ Mərkəzi Asiyanın digər ölkələrini demirəm. Bütün bunları oradan çıxarmaq üçün Cənubi Qafqaz lazımdır. Müvafiq olaraq, Qərbin maraqları daha çox Cənubi Qafqazda cəmləşib”, - deyə Badalyan bildirib.
Erməni ekspertin fikrincə, xüsusən də Trampın komandası ABŞ-da hakimiyyətə gəlsə, Mərkəzi Asiya Çinə təsir bölgəsi kimi daha da əhəmiyyət kəsb edəcək. Öz növbəsində, Mərkəzi Asiyanın artan rolu Qərbin Cənubi Qafqaz regionunda möhkəmlənmək istəyinin artmasına səbəb olacaq və bunun üçün bütün rıçaqlardan istifadə olunacaq.
Badalyana görə, onlardan biri də Qarabağ məsələsidir:
“Qarabağ məsələsi Qərb üçün bağlanmayıb”.
Musavat.com