“Qarabağ ermənilərinin çoxu Ermənistandan da gedəcək...” - Bakıya təzyiqlər azala bilərmi...

Qarabağı könüllü tərk etmiş ermənilər perspektiv olmadığı üçün yavaş-yavaş Ermənistanı da tərk etməyə başlayıblar. Hər halda, qonşu ölkədən gələn xəbərlərdən belə bir qənaət hasil olur. Baxmayaraq ki, həm revanşist-radikallar, həm də xaricdəki bəlli çevrələr və paytaxtlar buna qarşıdır. Çünki onlar hələ uzun müddət “etnik təmizləmə kartı”ndan Azərbaycana qarşı istifadə etmək niyyətindədirlər. 


Məsələ barədə Oxu.az-a danışan Qarabağ Erməniləri Hərəkatının rəhbəri Artur Ağacanov bildirib ki, Qarabağda separatçıların formalaşması artıq keçmişdə qalıb. 

“İnsanları Qarabağdan çıxmağa təhrik edən xuntanın keçmiş ”rəhbər"ləri (əksəriyyəti Azərbaycandadır, mühakimə olunur) indi vəziyyətdən narazıdırlar, çünki onların heç kimə faydası olmayıb, vərdiş etdikləri maliyyə dəstəyindən məhrum olublar. Aydındır ki, bu adamlar ehtirasları körükləməyə çalışacaqlar, erməni cəmiyyətinin radikal nümayəndələri isə onları dəstəkləyəcəklər. İrəvandakı Qarabağ klanının nümayəndələri, Ermənistanın keçmiş prezidentləri Robert Köçəryan və Serj Sərkisyanın tərəfdarları da bu işə qarışırlar. Ermənistana köçən Qarabağ erməniləri manipulyasiya ediləcəklər", - deyə Ağacanov vurğulayıb. 

İctimai xadim bütün bunların Ermənistanın indiki hakimiyyətinə lazım olmadığını qeyd edib, çünki tezliklə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması gözlənilir: “Separatçıların keçmiş rəhbərləri və ”Qarabağ klanı" isə Ermənistanda vəziyyəti gərginləşdirəcəklər, ona görə də onların indiki Ermənistan hökuməti ilə qarşıdurma yaşayacaqlarını demək olar. Bu fitnə-fəsad törədənlərin vəzifəsi əslində Ermənistanda hakimiyyətə gəlməkdir". 

Erməni mediasında 10-30 min Qarabağ ermənisinin artıq Ermənistanı tərk etdiyi, hökumətyönlü mənbələrin isə bu xəbəri təkzib edərək onların sayının təxminən 6 500 nəfər olduğunu deməsinə gəlincə, Ağacanov bu barədə dəqiq məlumatının olmadığını, lakin Qarabağ erməniləri ilə ünsiyyətinə əsaslanaraq, artıq 10 minə yaxın insanın Ermənistanı tərk etdiyini təxmin etdiyini söyləyib. “Amma böyük axın olacaq. Qarabağ ermənilərinin əksəriyyəti çox yaxşı başa düşür ki, Ermənistanda onları qəbul etməyəcəklər. Müəyyən sosial-iqtisadi çətinliklər var, çünki Ermənistan kiçik ölkədir, onun öz problemləri də var. Psixoloji uyğunluq məsələlərini də qeyd etməliyik. Qarabağ ermənilərinin çoxu Ermənistanda qalmayacaq. Onların, sadəcə, bir hissəsi burada qalacaq”, - Ağacanov əlavə edib. 

Qarabağın keçmiş erməni sakinlərinin Ermənistanı da tərk etməsi nə dərəcədə Azərbaycanın xeyrinə ola bilər? O halda Bakıya Qərbin, həmçinin Rusiyanın statusla bağlı təzyiqləri azala bilərmi?

Elçin Mirzəbəyli ermənilərin ən yaxşı bacardığı işlərdən DANIŞDI

Elçin Mirzəbəyli

BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan unitar dövlətdir və irqindən, dinindən asılı olmayaraq, ölkəmizdə yaşayan bütün insanlar bərabər hüquqlara sahibdirlər: “Bizim Vətənimizə son 200 ildə köçərkən və qucaq açaraq isti yuva verdiyimiz ermənilər də Azərbaycandakı bu insanlıq nümunəsinin bir parçası ola bilərdilər, amma olmaq istəmədilər. Təkcə Azərbaycanda deyil, bütövlükdə Qafqazda yaşayan bütün xalqlara xəyanət etdilər, özlərini ən müxtəlif güc mərkəzlərinin istifadəsinə verməklə, bölgədənkənar qüvvələrin ”maşa"sı rolunu yerinə yetirməklə, regionu inkişafdan saxladılar, yerli xalqların öz potensiallarını tam mənasında ifadə etmələrinə maneə oldular. İndi onların bir qrupu tarixi Azərbaycan torpaqlarında - Ermənistanda yaşayacaqlar, ya cəhənnəm olub gedəcəklər, bu da Azərbaycan xalqını və dövlətini maraqlandırmır, maraqlandırmamalıdır da. Mən, Azərbaycan vətəndaşı kimi, mütləq əksəriyyəti xalqımıza qarşı amansız cinayətlər törədən, Vətənimizin cənnət guşəsini xarabazara çevirən, xəyanətkar, qəddar, kin və nifrət püskürən bir toplumun harada yaşayacağı haqda niyə düşünməliyəm ki? Hansı cəhənnəmə gedirlərsə getsinlər... Təzyiqlərə gəldikdə isə onların ən aqressiv dönəmində geriyə addım atmamışıqsa, bundan sonra da atmayacağıq. Azərbaycan ərazilərindəki ermənilərə hər hansı bir xüsusi imtiyaz verilməyəcəyini Ermənistanın özü belə qəbullandığı halda, bu məsələnin müzakirə olunmasını belə gərəksiz hesab edirəm. Azərbaycan ərazilərini könüllü tərk edən ermənilərin Ermənistanda yaşayıb-yaşamayacaqları isə İrəvanın problemidir. Amma onlarla Azərbaycan Respublikasının ərazisində yaşayan soydaşlar arasında hər hansı bir etno-psixoloji uyğunsuzluğun olmasından danışmaq belə gülüncdür. Bu, güneyli-qüzeyli, şərqli-qərbli bütün azərbaycanlıların vahid bir millətin tərkib hissəsi olmalarının sübutudur. Erməni icmaları Qriqoryan kilsəsinin “xristianlıq” pərdəsi altında erməniləşdirdikləri müxtəlif etnik qrupların təşkil olunmuş topluluqlardır. Bu səbəbdən də çox rahatlıqla kütləvi şəkildə başqa ölkələrin ərazilərində köçə və məskunlaşa bilirlər. Əslində Qarabağı könüllü tərk edən ermənilərin Ermənistandan köçmək istəmələri Ermənistan cəmiyyətinin qəbilə, tayfa psixologiyası ilə yaşadığının sübutudur. Nə başqa xalqlardan oğurladıqları mədəniyyət, nə plagiat əlifba onları vahid bir millətə çevirə bilməyib. Ermənilər fərqli mental xüsusiyyətlərə malik olan qruplardan ibarət diaspor xalqıdır və bu reallığı onlardan istifadə edənlər də çox yaxşı bilirlər".

Əli Orucov: “Sıravi müxalifətçilər partiya rəhbərliyinə, liderlərinə  təzyiqləri artırmalıdır”

Əli Orucov: “Qarabağ erməniləri Ermənistan üçün yükdür, Moskva üçün maşadır”

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Qarabağ ermənilərinin Rusiya üçün maşa olduğunu qeyd etdi: “Ermənilərin planlı şəkildə və könüllü Qarabağ iqtisadi rayonundan köçmələri özləri üçün yeni fəsad və problemlər yaratdı. Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmalarına və təhlükəsizliklərinə yüksək səviyyədə təminat verilməsinə baxmayaraq qatı millətçilərin, revanşist və separatist ünsürlərin fitnəsinə uyaraq rahat yaşayışdan, təminatdan özlərini məhrum etdilər. Aralarında dərin peşmançılıq hissləri keçirənlər də kifayət qədərdir. Lakin qorxu və qadağalar imkan vermir ki, geri qayıtsınlar. 

Azərbaycana qarşı patoloji nifrət bəsləyən ermənilər mülayim və mötədil, yaxud da reinteqrasiya istəyən erməniləri daim basqı altında saxlayır, onların sərbəst seçimlərinə imkan vermir. Ermənistanda yaşayan ermənilərlə Azərbaycanda yaşayan ermənilər arasında ziddiyyət və bir-birlərini qəbul etməmələri hələ sovet dönəmlərindən mövcud idi. Ermənistanda onları türkləşmiş ermənilər adlandırırdılar. İndiki halda da erməni cəmiyyətində belə bir fikir formalaşmaqdadır ki, Ermənistanın başına gələn bəlaların və faciələrin gühankarları da məhz Qarabağ erməniləridir. Təbii ki, belə durum Qarabağdan köç edən ermənilərin Ermənistanda diskriminasiyaya uğraması qaçılmaz olur və orda yaşamaq da günü-gündən çətinləşir. Üstəlik də Ermənistandakı iqtisadi və siyasi durum, qarışıqlıq təkcə Qarabağdan köç edən erməniləri deyil, ümumilikdə Ermənistan əhalisini ölkələrindən çıxmalarına vadar edir. Qarabağdan köçən edən ermənilər faktoru daha çox Rusiyaya lazım olacaq. Çünki regionda qalması həmişə bu faktorla bağlı olub. Odur ki, Moskva tezliklə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına və sülh sazişinin imzalanmasına əngəl törətməkdə davam edir. Qarabağ erməniləri Ermənistan üçün yükdür, Moskva üçün də maşadır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

30.12.2023 09:39
2355