“Bu gün Bakı Nürnberqə bənzəyir. Küçələri, insanları, quruluşuyla deyil. Bu gün Bakıda həm də 1945-ci ildir. Tarixlər öz hökmünü müharibə və insanlıq əleyhinə cinayət törədənlərin cəzalandırılmasına, qalibiyyətlə işğalçıların məğlub olmasına verəndə dünyada yeni mərhələ başlamış olur”.
Musavat.com xəbər verir ki, bunu Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib.
O hesab edir ki, mühakimə prosesi Nürnberqdən daha irimiqyaslı nəticələr doğuracaq: “Bakıda müttəhim kürsülərində qəribə-qəribə məxluqlar əyləşib. Onların mühakimə prosesi əminəm ki, Nürnberqdən daha irimiqyaslı nəticələr doğuracaq.
Niyə? Gəlin bir neçə mühüm qənaətlərə baxaq:
Azərbaycan tarixində sirli qalan çoxlu sayda cinayət hadisələri və terror olayları mövcuddur.
Qarakənd faciəsi - vertolyotun vurulması ilə öldürülən dövlət xadimlərimiz prosesin ilk mərhələsi idi. Bakıda müttəhim kimi əyləşən şəxslər bu sirri açacaq qəbildəndir.
Birinci müharibə dövründə Xocalıda, Qaradağlıda, Başlıbeldə konkret olaraq kimlər terror törədib, mülki xalqı soyqırımına uğradıb, kim kimdən bu haqda göstəriş alıb, silahlarını kimlər verib, hamısı ortaya çıxacaq”.
Ekspertin fikrincə, istintaq prosesində terror fəaliyyətinin miqyası da aşkara çıxacaq:
“Digər tərəfdən, terror fəaliyyətlərində kimlərdən, hansı ölkələrdən maliyyə, silah, texniki və digər dəstək alıblar, hansı yolla əraziyə, hansı ölkədə kimin vasitəsilə keçiriblər. Lobbi və diasporada Azərbaycana qarşı müharibədə hansı ölkənin məmurları, diplomatları, deputatları, məşhur şəxsləri nə qədər korrupsiya ilə ələ alınıb, hansı vasitələrlə cinayətkar əlaqələrə girilib, hansı metodla şifrələnib, hamısına daxil olunacaq. Məşhur erməni diasporunun cinayətlərlə zəngin minlərlə səhifəlik fəaliyyətlərinə aid dosyalar endiriləcək, çünki artıq “Qara qutular” və eləcə də “Qara adamlar” Bakı istintaqında ifşa prosesinə qədəm qoymaqdadır. Bu prosesin dövriyyəsi o qədər böyükdür ki, zərbəsindən ABŞ, Avropa, Hindistan, Latın Amerikasına qədər hakimiyyətlərin cinayət əlaqəsində olduğu yüksək eşalonlarına qədər silkələnəcək. Samanta Pauerin apar-topar gəlişinin şifrələri başqa bir dünyanı açacaq üzümüzə. Bu, ABŞ-ın hakimiyyətləri devirmək üçün hazırlatdığı “P-lər”, “Paperlər” deyil, üzü daş kimi soyuq, sərt, buzlu Bakı sənədləridir. Transcinayətkar şəbəkələrin ifşası və informativ-psixoloji məğlubiyyətidir”.
Musavat.com