“Qara pul” olan 254 milyonunu ölkədən qaçıran 6 nəfərlik dəstə hakim qarşısında 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə Azərbaycandan xaricə qanunsuz pul ötürən 6 nəfərlik mütəşəkkil dəstə üzvünün cinayət işi üzrə məhkəmə araşdırmaları başlanıb.

Musavat.com xəbər verir ki, hakim qarşısına Bahadır və İkram Quliyev qardaşları, onların əmisi oğlu Fərhad Quliyev, dəstə rəhbərliyinin işlərini görən Vəli Əliyev, Cavid Əzizov və Anar Əhmədov çıxarılıblar.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində ifşa olunan dəstə üzvlərindən Bahadır, Fərhad Qasımovlar, Cavid Əzizov Cinayət Məcəlləsinin 192.3.2 - qanunsuz sahibkarlıq, 193-1.3.2- Cinayət yolu ilə əldə edilmiş xeyli əmlakı leqallaşdırma, 206.3.2 xüsusilə külli miqdarda qaçaqmalçılıq;

İkram Qasımova qarşı isə eyni maddələrlə yanaşı, Cinayət Məcəlləsinin 228.1 - qanunsuz silah gəzdirmə maddəsi, Vəli Əliyevə qarşı isə qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqın qənaətinə görə, müttəhimlər 254 milyon 409 min 947 manat pul vəsaitinin qanunsuz olaraq mütəşəkkil dəstə halında Azərbaycandan xarici ölkələrə və xarici ölkələrdən Azərbaycana köçürülməsi fəaliyyəti ilə məşğul olublar.

Aparılmış istintaqla müəyyən edilib ki, İkram Qasımov və qardaşı Bahadır Qasımovla tanışları Fərhad Qasımov, Anar Əhmədov, Cavid Əzizovla cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, Azərbaycandan xarici ölkəyə və xarici ölkədən Azərbaycana qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə giriblər. Onlar öz aralarında vəzifə bölgüsü aparmaqla sabit cinayətkar qrup yaradıb mütəşəkkil dəstə halında birləşmiş, aralarında olan vəzifə bölgüsünə əsasən Bahadır Qasımov mütəşəkkil dəstəyə rəhbərlik edib. Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri hesabına paytaxtın Yasamal rayonu, Tbilisi prospekti ev 49 ünvanında, eləcə də Türkiyənin İstanbul və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərlərində ofislər açıb, qanunsuz pul köçürmə sisteminin fəaliyyəti ilə məşğul olublar. Bütün bunlara nəzarəti etməyi qardaşı İkram Qasımova həvalə edib.

Dəstənin digər üzvü Fərhad Qasımov Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti ev 49 ünvanında fəaliyyət göstərən ofisdə mühasib qismində şəxslərdən qanunsuz köçürülən pul vəsaitlərini qəbul edən və onlara pul vəsaitlərini ödəməklə bağlı vəzifələri icra edən Cavid Əzizov və Anar Əhmədovun fəaliyyətinə nəzarət edib. O, eləcə də dəstənin Türkiyənin İstanbul şəhəri və BƏƏ-nin Dubay şəhərlərindəki üzvləri olan şəxslərlə əlaqəni təşkil etməklə qanunsuz pul köçürülməsi ilə bağlı həmin şəxslərə sifariş vermək və onlardan sifariş almaq kimi vəzifələri icra edib. Cinayətkar plana uyğun olaraq dəstə üzvləri Anar Əhmədov və Cavid Əzizov 1 yanvar 2015-ci il tarixdən 3 oktyabr 2023-cü il tarixədək olan müddət ərzində Bahadır Qasımovun rəhbərliyi, İkram Qasımovun idarəçiliyi və Fərhad Qasımovun nəzarəti altında paytaxtın Yasamal rayonundakı ofisdə xarici ölkələrə respublika ərazisindən və ya xarici ölkələrdən respublika ərazisinə qanunsuz pul köçürülməsini həyata keçirib. Bu üsulla qeyd edilən dövr ərzində ümumilikdə 254 milyon 409 min 947 manat pul vəsaitinin qanunsuz olaraq mütəşəkkil dəstə halında Azərbaycandan xarici ölkələrə və xarici ölkələrdən Azərbaycana köçürülməsi fəaliyyəti ilə məşğul olublar. Bu vəsaitin 2 milyon 500 min manatı isə xidmət haqqı kimi onların özünə qalıb.

Bundan başqa, İkram Qasımov tamah niyyəti ilə xüsusilə külli miqdarda zərgərlik məmulatlarını qaçaqmalçılıqla, yəni Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli yolla keçirmə barədə tanışları Vəli Əliyev və şəxsiyyəti istintaq yolu ilə araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib. Bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən, Vəli Əliyev Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində olan Avstriya, İsveçrə və Belçika dövlətlərində istehsal edilmiş ümumilikdə orta bazar qiyməti 853 min 771 manat təşkil edən qızıl külçələri qrupun rəhbəri İkram Qasımova təhvil verib.

İttiham aktında o da göstərilib ki, İkram Qasımov xarici ölkələrdə istehsal olunmuş və təyinatı üzrə istifadəyə və atəş üçün yararlı olan silahları paytaxtın Yasamal rayonundakı fərdi yaşayış evində saxlayıb. Onun bağ evindən 2 milyon 380 min manat təşkil edən 1 milyon 400 min ABŞ dolları məbləğində pul vəsaiti və silahlar aşkar edilərək götürülüb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

27.09.2024 12:31
888