Azərbaycan dövlətçiliyi Xankəndidə bərqərar olur
Azərbaycan dövlətçiliyi Xankəndidə bərqərar olur. Məlum olduğu kimi, orada illərlə qanunsuz iradəçilik olub, indi isə artıq sosial xidmətlər fəaliyyətə başlayacaq. “Azərbaycan erməni sakinlərini bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiya etməkdə qərarlıdır”.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “X” hesabında yazıb.
O, Azərbaycanın Qarabağın erməni sakinlərinə göstərdiyi yardım və sosial xidmətlərlə bağlı statistikanı da paylaşıb.
Məlumata görə, Qarabağın erməni sakinlərinə 22 sentyabrda ümumi 40 ton məhsul olan 2 yük maşını çatdırılıb. Həmin yük maşınlarında 6 min çörək, 1200 qutu ərzaq və 1200 qutu gigiyenik məhsul, 9 600 uşaq bezi olub.
Sentyabrın 23-də göndərilən yardımda isə 40 ton benzin, 24 ton dizel yanacağı yer alıb.
25 sentyabr tarixində Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsindəki partlayışda zərər çəkən 200 nəfər üçün tibbi ləvazimatlar göndərilib.
26 sentyabrda 65 500 ədəd müxtəlif növ gigiyenik məhsullar, bir yük maşınında 500 yataq dəsti, 30 ton benzin, 50 ton dizel yanacağı, 68 ton benzin, iki yük maşınında 22,3 ton içməli su, iki yük maşınında 40 ton un göndərilib. Bundan başqa, sentyabrın 26-da partlayışla əlaqədar Xankəndiyə Fövqəladə Hallar Nazirliyi tərəfindən 15 xüsusi təyinatlı yanğınsöndürmə briqadası göndərilib və onlar alovu uğurla söndürüblər. Həmçinin Xankəndi-Şuşa-Füzuli-Qubadlı-Eyvazlı yolu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərinin hərəkəti üçün açılıb. Xankəndidən təxliyələrə BQXK-nın təcili yardım maşınları kömək edib.
Sentyabrın 27-də əraziyə Fövqəladə Hallar Nazirliyinin 50 nəfərlik canlı qüvvə ilə 10 xüsusi təyinatlı yanğınsöndürmə maşını göndərilib. Xocalıda səhra xəstəxanası və mətbəxlərin quraşdırılmasına başlanılıb. Erməniəsilli şəxslər 32 ton qaz, 23 160 peçenye, 10 000 şokolad, 31 860 şüşə içməli su ilə təchiz ediliblər.
29 sentyabrda Xocalıda səhra xəstəxanasının quraşdırılması işini asanlaşdırmaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən 53 avtomobil və zəruri avadanlıq göndərilib. Azərbaycan xilasediciləri Xankəndi yaxınlığında baş vermiş partlayış nəticəsində 48 nəfərin cəsədini dağıntılar altından çıxarıblar.
Daha sonra Qarabağı könüllü tərk edən erməni sakinləri Xankəndidən Laçın sərhəd-keçid məntəqəsinə aparmaq üçün 10 avtobus göndərilib.
Beləliklə, antiterror tədbirlərindən sonra Azərbaycanın qədim torpağı Xankəndidə yeni bir dövr başlayır. Xankəndi XVIII əsrin axırlarında Azərbaycanın mühüm iqtisadi və mədəni mərkəzlərindən biri olan Qarabağ xanlığında yaşayış məskəni kimi salınıb. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə, Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da diqqətə alınmış, xanlığın paytaxtı Şuşanın 10 kilometrliyində, nisbətən dağ ətəyində salınmışdır. Belə ki, bu yeni yaşayış məntəqəsi kimi digər yaşayış məntəqələrində də ancaq yerli əhali, azərbaycanlılar yaşayırdı. İlk illər Xankəndidə ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınıb. Qısa bir müddətdən sonra qəsəbə Xankəndi adını alıb.
1923-cü ildə Azərbaycanın tərkibində qalmaqla Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkil edilməsi və qəsəbəsinin adının Xankəndi dəyişdirilərək bədnam Stepanakert adlandırılması hələ o zaman əkilmiş fitnə toxumları kimi bugünkü ermənilərin beynində metastaz vermiş bəd şişlərin ilk hüceyrələri idi.
Xankəndi şəhərində Ermənistan işğalına qədər yaşamış 17 minə qədər azərbaycanlı sakin də erməni separatizmində əziyyət çəkmiş, çox saylı itkilər vermişlər. Xankəndidə yaşamış sonuncu azərbaycanlı 1991-ci ilin dekabrında artıq bu şəhəri tərk etməli olmuşdu.
Erməni işğalı altında qaldığı 30 ildən artıq dövrdə Xankəndi hər cür kriminal ünsürlərin məskəninə çevrilmişdi. Buradakı bataqlıqda özlərinə yuva qurmuş və sonralar işğalçı Ermənistanın keçmiş rəhbərləri olmuş Robert Köçəryan, Serj Sərkisyan və bugünlərdə yaxalanan Vardanyan və digər xunta tör-töküntüləri ilə yanaşı Xənkəndi buraya qeyri-qanuni səfər edən ermənipərəst Fransa, ABŞ, Almaniya siyasətçilərinin, Çin, İran, Hindistan, Livan mənşəli iş adamlarının, narkotacirlərin, silah və antik əşya qaçaqmalçılarının, hətta Ermənistanda hələ də fəaliyyət göstərən vaxtı keçmiş “Metsamor” Atom Elektrik Stansiyasının tullantılarının da məskəninə çevrilmişdi. Bütün bu canlı və cansız “tullantılar” zaman keçdikcə daha da çürüməklə təkcə ölkəmiz üçün deyil, bütün Cənubi-Qafqaz üçün böyük təhlükə törədirdi. Ta ki 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsinə qədər.
Yazını hazırladı: Xalidə GƏRAY