Haaqada Azərbaycan-Türk Mədəniyyət Dərnəyi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirib.
Musavat.com xəbər verir ki, tədbir iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tuğrahan Aşkın tədbiri giriş sözü ilə açıb və faciə haqqında məlumat verib. Sonra “Ondört Masumlar” məscidinin İmamı Şeyx Mehmet Olqun şəhidlərin əziz ruhuna dualar oxuyub.
Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın, eləcə də Azərbaycanın Niderland Krallığındakı səfirliyinin birinci katibi Səbinə Sadıqlı tədbir iştirakçılarına 20 Yanvar faciəsinin ölkəmizin tarixindəki rolundan danışıb, onun müstəqilliyimizin bərpası yolunun başlanğıcı olduğunu bildiriblər. Qeyd edilib ki, Yanvar hadisələri xalqımızın tarixinə təkcə faciə kimi deyil, həm də qəhrəmanlıq səhifəsi kimi həkk olunub. Qanlı Yanvar hadisələrinin ölkəmizdə milli kimliyin formalaşmasında müstəsna rolunun olduğu, xalqımızın müstəqilliyə nail olmaq əzmini daha da gücləndirdiyi vurğulanıb.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev hadisələrin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyində mətbuat konfransı keçirərək, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayəti kəskin şəkildə qınayıb və bunu bəşəri cinayət adlandırıb.
Eyni zamanda vurğulanıb ki, Vətən müharibəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan bu gün bölgədə sülh gündəliyi həyata keçirir.
Sonda 20 Yanvar faciəsinin tarixindən bəhs edən videoçarx nümayiş olunub.