Qan selinin yuyub apardığı dostluq – Erməni general iki xalqı necə düşmən etdiklərindən danışıb -VİDEO

Bu günlərdə sosial şəbəkələrdə “Tuşonka Manvel” ləqəbi ilə tanınan general Manvel Qriqoryanın “Qarabağ hərəkatı”nın necə başladığı ilə bağlı yayılan açıqlaması çox maraqlıdır.

Ölkəsinin ordusuna ayrılan büdcəni talayan, əsgərlərin ərzağını satdıran, evində hərbi əsirlər saxlayaraq qul kimi işlədən və 2020-ci ildə ordumuzun qələbəsini görəndən sonra ölən generalın bir zamanlar erməni telekanalına verdiyi açıqlama əslində həqiqəti əks erdirir.

Qriqoryan bu sözləri özlərini öymək, erməni xalqı qarşısında xidmətlərini göyə qaldırmaq üçün deyib, amma 2023-cü ilin sentyabrından sonra baxanda bu açıqlama öz xalqına xəyanətin ifadəsindən başqa bir şey deyil.

Oğru general danışıb ki, onlar 1988-ci ildə təxribat törətmək, yerli xalqı Azərbaycana qarşı qaldırmağa təhrik etmək üçün Qarabağa daxil olanda Qarabağ ermənilərinin özləri qəzəbləniblər və “gəlmə”lərə deyiblər: “Niyə gəlmisiniz? Niyə iğtişaşlar yaradırsınız? Biz türklərlə dostuq...”.

Ardınca Qriqoryan deyib: “Qarşıdurma başlayandan sonra da azərbaycanlı dostlar “kirvə”lik adət-ənənəsi ilə erməni kəndlərinə, evlərinə gəlirdilər, süfrə açırdılar, yeyib-içirdilər”.

O, aralığa düşmənçilik salmaq üçün erməni kəndlərinə gəlib-gedən azərbaycanlıların qarşısını yolda kəsdiklərindən, bir daha erməni ailələrə qonaq gəlməmələri üçün onları döydüklərindən ağız dolusu danışıb. Bundan başqa, Qriqoryan həm azərbaycanlıların, həm də ermənilərin birgə oxuduğu Ağbulaq kəndinin məktəbində erməni uşaqları azərbaycanlı sinif yoldaşlarını döyməyə təhrik etdiklərindən bəhs edib.

Bəli, İrəvandan gəlib Qarabağda erməniləri Bakıya qarşı üsyana qalxmağa sövq edən, silahlı müqavimət başladan, bu yolla Qarabağ mahalının dağlıq hissəsində bərqərar olan muxtar vilayəti (sonradan ləğv edilib) Ermənistana birləşdirmək istəyən erməni fəallar məhz belə edib. Onların məqsədi heç də DQMV-nin erməni əhalisinin hüquqlarını, təhlükəsizlikləri təmin etmək deyildi, başlıca məqsəd vilayəti Azərbaycandan qoparmaq idi. Qalan hər şey, o cümlədən “müstəqil arsax” söhbəti gözdən pərdə asmaq səciyyəsi daşıyırdı.

Ötən il əməkdaşlarımız Xocavənd rayonunun Edilli və Tuğ kəndlərində olarkən yerli sakinlərdən biri, vaxtilə öz kəndində kinomexanik işləyən Namiq Hüseynov onlara danışıb ki, 1988-ci ilə qədər ermənilərlə azərbaycanlılar çox mehriban yaşayıblar, xeyirləri-şərləri bir olub, ancaq 1988-ci ildə hər şey dəyişib. N.Hüseynov Edilli kəndinin arxasındakı dağı göstərərək deyib: “Bax, o dağı bir beli çantalı, Edik adlı erməni aşdı, gəldi. Guya geoloq idi. O, gələndən sonra burada gecələr kimlərlə görüşdü, kimləri ələ aldısa, camaatın başı çöndü. Məktəbdə erməni uşaqlarla azərbaycanlıların davaları artdı. Hətta erməni uşaqlar onuncu sinifdə oxuyan azərbaycanlı uşağı bıçaqladılar. Atası azərbaycanlı, anası erməni olan Kamo da həmişə ermənilər tərəfindən dalaşırdı”.

Qeyd edək ki, Kamo Ağacanyan sonradan qondarma “DQR”-in “təhlükəsizlik naziri” olub. Təəssüf ki, o, yaxalanan separatçı rəhbərlərin arasında deyil, çünki vaxtında Xankəndini tərk edib, İrəvana yerləşib.
O zamanlar SSRİ respublikaları arasında sərhəd olmadığından istənilən sovet vətəndaşı öz pasportunu cibinə qoyaraq SSRİ-nin istənilən nöqtəsinə (sərhədyanı zonalar xaric) sərbəst gedə bilirdilər. İrəvanda təşkilatlanmış erməni fəallar bu hüquqdan istifadə edərək kütləvi şəkildə Qarabağın ermənilər yaşayan kəndlərinə axışır, xalqı üsyana təhrik edirdilər. Düçmənçilik dönməz xarakter alsın deyə azərbaycanlıların ilk amansız döyülmə, qətlə yetirilmə hadisələrini də məhz onlar törətmişdilər. Araya qan düşəndən sonra artıq yerli gənclər də ümumi axına qoşuldular və hər şey dağdan yuvarlanan qaya parçası kimi sona, dibə qədər getdi.

İndi artıq çox gecdir. 36 il əvvəl Qarabağda dinc, yanaşı, mehribancasına yaşamış, dostluq etmiş ermənilər və azərbaycanlılar o günləri necə böyük xiffətlə xatırlasalar da, qarşılıqlı olaraq oturub-durduqları adamların adlarını çəksələr də, aradan axan qan seli bütün dostluğu, mehribançılığı, ən əsası da qarşılıqlı etimadı yuyub aparıb.

Artıq nə biz ermənilərə güvənirik, nə də ermənilər bizə. Sentyabrın 22-də Ermənistanın və qondarma qurumun rəhbərliyi erməniləri köçə təhrik edəndə, onlar ona görə müqavimət göstərmədilər, “yox, doğulduğumuz şəhərdə, kənddə qalacağıq” demədilər ki, ortada etibar qalmamışdı. Xocalı qətliamının, eləcə də 10-a yaxın kənddə törədilən kütləvi qırğınların necə bir bağışlanmaz cinayət olduğunu xatırlayan ermənilər anlayırlar ki, hər dəfə o hadisələrin ildönümü olanda qisasçılıq hissi coşacaq və lokal səciyyəli olsa da, qarşıdurmalar, dava-dalaşlar baş verəcək.

Ona görə də onlar belə kütləvi şəkildə getdilər və çoxu yəqin ki, geriyə qayıtmaq istəməyəcək.
Manvel Qriqoryan sağ olsaydı, Qarabağlı ermənilər bu videoya görə onun üzünə tüpürməliydilər və deməliydilər ki, alçaqlar, bizim evimizdən didərgin düşməyimiz sizin cinayətlərinizin nəticəsidir.

Araz Altaylı, Musavat.com

14.10.2023 13:13
8686