Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə özünü “12-ci İmam Mehdi” kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir.
Musavat.com xəbər verir ki, iş üzrə zərərçəkənlər, şahidlərin dindirilməsi mərhələsi sona çatıb, hazırda sənədlərin tədqiqi mərhələsidir. İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.
O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb. Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib. Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Qeyd edək ki, onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesində zərərçəkənlərin ifadələri olduqca maraqlı məqamlarla yadda qalıb.
Məsələn, zərərçəkmiş Fazil İmanquliyev ifadəsində demişdi ki, hərbi xidmətdən gələndən sonra Aqillə məhlədə görüşüb:
“Həmişə dini mövzularda danışırdıq və sual verib cavablar alırdım. Hər gün 12-ci imam və onun tərəfdarları haqqında oxuyurdum. Aqil Babayev bəzi hədislərdən danışaraq mənə işarə verdi ki, 12-ci imam məhz özüdür. Mən onun imamlığını qəbul edib biyət etdim. Biz Aqil Babayevlə demək olar ki, hər gün görüşürdük. O dedi ki, malınızın 2,5 faizini zəkat verməlisən. Zəkatı təxminən 5-6 ay şəxsən özünə təqdim etmişəm, daha sonra onun təyin etdiyi Polad Mustafayevə verdim. Mən şirkətlərin birində işləyirdim, ayda 1620 dollar maaş alırdım. Aqilin yalanını 2021-ci ildə mömin qardaşlardan biri vasitəsilə bilmişəm. Qeyd etdilər ki, Aqil zəkat pullarını mənimsəyib və din pərdəsi altında saxtakarlıq edərək hamımıza yalandan imam olduğunu söyləyib”.
Aqil Babayev isə məhkəmədə demişdi ki, zərərçəkmişin dedikləri ilə razı deyil. Təqsirləndirilən şəxsin sözlərinə görə, zərərçəkmiş Fazil İmanquliyev onunla qonşuluqda yaşayıb:
“Onu tanıyıram, oxuduğum məktəbin arxasındakı binada yaşayırdı. Həmin məktəbin həyətində futbol oynayırdıq. Mən heç vaxt onunla 12-ci imamla bağlı söhbətlər etməmişəm. Zəkat da almamışam. Düzdür, ünsiyyət olub, ancaq dini mövzulardan danışmamışıq. Mən onun evində olmamışam”.
Bu cinayət işi üzrə məhkəmədə ifadə verən zərərçəkmiş Mehman Baxşızadə ifadəsində deyib ki, Aqil Babayevi “İmam Mehdi” kimi qəbul edib, ona bu illər ərzində təxminən 10 min manat verib. Bundan başqa, onun evlərinin təmir-tikintisində iştirak edib. Hər dəfə “İmam Mehdi” ona zəhmət haqqı kimi 10 min manat verəcəyini vəd etsə də, sözünə əməl eləməyib.
Mehman Baxışzadə deyib ki, “İmam Mehdi” haqda söhbətlərinə görə evdə həyat yoldaşı ona gülüb:
“Mən də bunu Aqil Babayevə danışdım. O isə həyat yoldaşımı “şeytan” adlandırdı, ondan ayrılmağımı tövsiyə etdi. Mən də Aqil Babayevin sözü ilə birgə nikahdan iki qızlarım olan həyat yoldaşımdan boşandım”.
Mehman Baxşızadənin sözlərinə görə, bir müddət sonra o, “İmam Mehdi”nin tövsiyə etdiyi qadınla ailə qurub, toy məclisi qurub, kəbinlərini də Aqil Babayev kəsib. Bu nikahdan da bir qızı dünyaya gəlib. Amma bir müddət keçəndən sonra həyat yoldaşının “İmam Mehdi” ilə sevgi münasibətlərini əks etdirən məktublar tapıb. Mehman Baxşızadə bildirib ki, Aqil Babayevə 12-ci imam kimi çox inandığına görə həmin məktublarda oxuduqlarına şübhə ilə yanaşıb. Buna baxmayaraq, oxuduqlarını həzm edə bilməyib və 2012-ci ildə həyat yoldaşından ayrılıb. Amma Aqil Babayevin özünə bu haqda heç nə deməyib. Əksinə, onunla münasibətləri davam etdirib – ona əvvəlki kimi zəkat verib, beyət edib. Bu proses Aqil Babayev həbs olunduğu vaxta qədər davam edib. Mehman Baxşızadə ikinci həyat yoldaşından ayrılandan bir müddət sonra üçüncü dəfə ailə qurub və hazırda da o qadınla yaşadığını deyilir. Hazırda proses davam edir.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com