Qalacıqda sel körpüləri dağıtdı, kənd ikiyə bölündü - Sakinlər təhlükədə - VİDEO

İsmayıllı rayon Qalacıq kəndində sakinlərin həyatına təhlükə yaranıb.

Kənd sakinləri Musavat.com-a müraciət edərək, problemlərinin həllinin işıqlandırılmasını xahiş ediblər.

Sakinlər bildirir ki, Qalacıqdan keçən iri məcralı Səngərçay kəndi iki hissəyə bölür:

“Çay üzərində yeganə kommunikasiya vasitəsi olan asma körpü var idi. Çayın sağ sahilində yaşayan əhali xəstəxanaya, məktəbə, mağazaya, icra strukturlarına getmək üçün bu körpüdən istifadə edirdi. Həmin körpünü 2 gün əvvəl sel apardı. İndi insanlar kəndin əsas hissəsinə keçmək üçün çayın içi ilə gedirlər. Burada mütəmadi yağışlar yağır və hər an güclü sel gələ və insanları apara bilər”.

Sakinlər deyir ki, ötən il çay üzərindən avtomobil körpüsü tikintisi zərurəti ilə bağlı müvafiq qurumlara müraciət ediblər:

“İqtisadiyyat Nazirliyinin göstərişi ilə Avtomobil Yolları Agentliyi tərəfindən yeni körpünün layihə-smetası hazırlanıb, ancaq indiyədək körpünün tikintisi yubanır. Hazırda isə asma körpünün sıradan çıxması kənddə 60 evdən çox hissəsini demək olar ki, blokada vəziyyətinə salıb”.

Musavat.com

30.07.2024 14:38
1186