Cənubi Qafqaz olduqca təhlükəli və tarixi mərhələdən keçir. Hazırda bu regionda maraqları olan beynəlxalq güc mərkəzləri maksimum səviyyədə fəallaşmış durumdadır. Bu fəallığın beynəlxalq güc mərkəzləri arasında kəskin ziddiyyətlər çərçivəsində inkişaf etməsi isə böyük regional fəlakət ssenarilərinə aktuallıq qazandırır.
Bəzi etibarlı mənbələrin iddialarına görə, Fransa hazırda Rusiya ilə ortaq şəkildə Cənubi Qafqaza qarşı ən təhlükəli planların müəllifləri sırasında yer alır. Çünki əgər, Fransanın hədəfləri və planları reallaşarsa, Cənubi Qafqazın yeni Suriyaya çevrilməsi qaçılmaz ola bilər. Və indi bu regionun gələcək taleyi baxımından, Rusiya ilə yanaşı, Fransanın da bu regiondan uzaq tutulması böyük önəm daşıyır.
Məsələ ondadır ki, bir neçə gün öncə Fransanın Hindistanla ortaq şəkildə Ermənistanı gücləndirməyə çalışdığı barədə önəmli faktları açıqlamışdıq. Belə ki, bir tərəfdən Fransa Hindistanla ortaq istehsal etdiyi müasir silahları rəsmi Dehli vasitəsilə Ermənistana göndərmək üçün yeni avantürist prosesə start vermək üzrədir. Fransanın Ermənistan səfirliyində bu prosesi koordinasiya etmək üçün hərbi attaşe postu da yaradılıb.
Digər tərəfdən tərəfindən isə rəsmi Paris Hindistan vətəndaşlarını pulla şirnikləndirərək, Ermənistanda Azərbaycana qarşı savaşacaq terrorçu dəstələr təşkil edir. Bəzi məlumatlara görə, parası Fransa tərəfindən qeyri-leqal yollarla ödənən müzdlu hind terrorçular üçün Ermənistan ərazisində təlim düşərgələrinin artıq fəaliyyətə başladığı da bildirilir. Bu, onu göstərir ki, rəsmi Paris Cənubi Qafqazı xaos və terror məkanına çevirmək üçün məqsədyönlü addımlar atmağa çalışır.
Ancaq etibarlı mənbənin verdiyi məlumata görə, Fransanın Cənubi Qafqazda "suyu bulandırmaq" məqsədi güdən addımları yalnız bununla məhdudlaşmır. Rəsmi Paris bir neçə gün öncə Rusiyada hərbi qiyam cəhdi ilə diqqəti çəkmiş "Vaqner" qruplaşması üzərindən də müəyyən planlar qurmağa çalışır. Hətta Fransanın "Vaqner" ilə qeyri-leqal anlaşmaya nail olduğu da iddia edilir. Həmin anlaşmaya görə, "Vaqner" Rusiya və Fransanın maraqları uzlaşan bölgələrdə rəsmi Parisin hərbi məzmun daşıyan sifarişlərini yerinə yetirməlidir.
Onu qeyd etmək lazımdır ki, Fransa "Vaqner"dən ilk dəfə 44 günlük II Qarabağ savaşı dövründə istifadə etməyə çalışıb. Belə ki, rəsmi Paris Ermənistana açıq şəkildə və birbaşa hərbi dəstək verə bilmədiyindən "Vaqner"in savaşda iştirakına çalışıb. Ancaq rəsmi Parisin bu planı vaxtında ifşa olunduğundan baş tutmayıb.
Məsələ ondadır ki, rəsmi Bakı Fransanın "Vaqner" planından xəbər tutaraq, diplomatik kanallar vasitəsilə dərhal Rusiya rəhbərliyinə etiraz edib. Kremlə xəbərdarlıq olunub ki, əgər, "Vaqner"in savaşda iştirakı reallaşarsa, Azərbaycan və Rusiya münasibətləri ciddi şəkildə korlanacaq. Eyni zamanda əsmi Bakı Azərbaycan və Rusiyanın fərqli "səngərlər"də yer almasının qaçılmaz ola biləcəyinə də eyham vurub.
Buna paralel olaraq, Türkiyə də dərhal dövrəyə girib. Rəsmi Ankara Kremlə ultimativ şəkildə bildirib ki, "Vaqner"in Ermənistanı müdafiə etmək üçün Cənubi Qafqazda peyda olarsa, Türkiyə dərhal bu regiona qoşun yeridəcək. Və nəticədə Azərbaycan-Türkiyə İttifaqı ilə münasibətləri korlamaqda maraqlı olmayan Kreml "Vaqner"in ipini çəkmək məcburiyyətində qalıb.
Bütün bunların üzərindən üç ilə yaxın bir müddət keçdikdən sonra Fransanın daha bir "Vaqner" avantürasının üstü açılmağa başlayıb. Belə ki, indi məlum olur ki, rəsmi Paris Azərbaycan və Ermənistan sərhədlərində "Vaqner"in silahlı dəstələrini yerləşdirmək planları qururmuş. Kremlin də bundan məlumatı olub, ancaq rəsmi Parisin təklif etdiyi anlaşmanın detalları Rusiyanın maraqlarına da uyğun olduğundan buna qarşı çıxmayıb.
Onu da qeyd etmək lazımdır ki, rəsmi Paris "Vaqner"in xidmətlərinə ilk dəfə bu hərbi şirkətin qurucusu Yevgeni Priqojin barəsində sanksiya qərarı verilməsindən sonra maraq göstərib. Belə ki, Qərb siyasi dairələri "Vaqner"in Liviyada törətdiyi hərbi cinayətlər səbəbi ilə həm bu şirkətə, həm də Yevgeni Priqojinə qarşı sərt sanksiyalar tətbiq edib. Fransa Y.Priqojinə əməkdaşlıq qarşılığında şəxsən ona yönəlik sanksiyaların ləğvini vəd edib. Və Y.Priqojinə "Vaqner" ilə heç bir başa əlaqəsi olmaması barədə Avropa Məhkəməsinə müraciət etmək məsləhət görülüb.
Ancaq rəsmi Paris öz vədini yerinə yetirməyə tələsməyib, əksinə, məhkəmə prosesindən Y.Priqojinə təsir vasitəsi kimi yararlanmağa çalışıb. Belə ki, "Vaqner" əvvəlcə Ermənistanın tərəfindən Azərbaycana qarşı savaşa girməliydi, yalnız bundan sonra rəsmi Paris Avropa Məhkəməsində Y.Priqojinlə bağlı sanksiyaların ləğvi barədə qərar verməsini təmin edəcəkdi. Ancaq rəsmi Bakının çevik davranması, Türkiyənin Rusiyaya ultimativ xəbərdarlığı Fransanın planlarını pozub. Kremlin məcburiyyət qarşısında "Vaqner"in ipini çəkməsindən sonra rəsmi Paris vədindən imtina edib.
Ancaq bir müddət sonra Fransa öz məkrli planını reallaşdırmaq üçün növbəti dəfə şans qazanıb. Bu dəfə rəsmi Paris "Vaqner"in qurucusuna onun anası Violetta Priqojina üzərindən təsir göstərmək imkanını əldən verməyib. Çünki Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən bir qədər əvvəl Violetta Priqojina barəsində də vaxtilə onun oğluna qarşı yönəldilmiş sanksiyaların təxminən eynisi tətbiq olunub.
Maraqlıdır ki, bu dəfə Yevgeni Priqojin daha hiyləgər davranıb. Yəni, "Vaqner"in hərbi hissələrdən birini Ermənistana göndərməkdən öncə anasına qarşı sanksiyaların ləğvində israr edib. Ona görə də, rəsmi Paris Violetta Priqojina üçün fransız vəkil tutmalı olub. Ardınca isə Violetta Priqojinanın "Vaqner" və oğlunun digər hərbi məzmunlu fəaliyyətləriyə əlaqəsinin olmadığı barədə iddia ilə Avropa Məhkəməsinə müraciət olunub. Müraciətdə hətta ana və oğul arasında qohumluq əlaqələrinin şübhə altına alınmasına belə, cəhd göstərilib.
Son məlumatlara görə, Violetta Priqojina ilə bağlı məsələ sona çatmaq üzrə idi. Tezliklə, Yevgeni Priqojinin "vaqnerçilər"in Ermənistanın müdafiəsinə göndərilməsi barədə qərar verəcəkdi. Kreml isə "Vaqner"in özəl şirkət kimi, anlaşmaların imzalanmasında sərbəst olduğunu bəhanə gətirəcəkdi. Mövcud geopolitik situasiyada Cənubi Qafqazı itirmək təhlükəsi ilə üzləşən Rusiya da "Vaqner"in Ermənistana yerləşməsində birbaşa maraqlı idi.
Ancaq yenə də Fransanın "Vaqner" planı boşa çıxmış kimi görünür. Belə ki, "Vaqner"in Kremlə qarşı hərbi qiyamından sonra "Vaqner" Rusiyada qanundan kənar hesab olunmağa başlayıb. Kreml "Vaqner"in yaxın vaxtlarda tamamilə ləğv edilməsinə və bu hərbi qruplaşmanın üzvlərinin Rusiya ərazisindən çıxarılmasına çalışır. Ən pis halda, "vaqnerçilər"in rəsmi müqavilə ilə Rusiya Müdafiə Nazirliyinin hərbi hissələrinin tərkibində "əridilməsi" nəzərdə tutulur.
Bütün bunları nəzərə aldıqda, "Vaqner" yaxın vaxtlarda hüquqi təmsilçiliyini tamamilə itirə bilər. Hər halda, bu hərbi şirkətin Rusiyanı təmsil etməsi baxımından, hüquqi bazanın aradan qalxmaq üzrə olduğu müşahidə edilir. "Vaqner"in ABŞ və Qərb tərəfindən terrorçu təşkilat kimi tanındığını nəzərə aldıqda isə situasiya daha da tündləşir. Çünki Rusiyanın birbaşa "hüquqi çətiri" olmadan Fransanın "Vaqner"dən qeyri-leqal da olsa, hərbi məqsədlərlə istifadə etməsi çox çətindir.
Bu baxımdan, hesab etmək olar ki, Fransanın Cənubi Qafqaz planları iflasa uğraya bilər. Çünki bu regionu xaosa sürükləmək üçün Ermənistandakı terror düşərgələrində təlim keçən muzdlu hindlilər qətiyyən yetərli deyil. Bu plan yalnız peşəkar fəlakət daşıyıcılarından ibarət olan "Vaqner"in iştirakı ilə reallaşa bilərdi. Hazırda isə Fransanın "Vaqner" üzərindən plan qurmaq şansları ciddi şəkildə azalmış kimi görünür.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu