Qafqaz gürzəsinin sancdığı gəncin hekayəsi - Heyrətamiz hadisə (VİDEO)

 Ötən həftə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Qax rayonunda 20 yaşlı gənci ilan sancdığı barədə açıqlama yaymışdı. Bildirilirdi ki, mayın 22-də ilan sancan şəxs ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. “2005-ci il təvəllüdlü şəxs (kişi cinsli) sağ çiyin nahiyəsindən ilan sancması səbəbi ilə Qax rayonunda iki doza ilan zəhəri əleyhinə zərdab vurulmaqla ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Şöbədə xəstəyə zəruri tibbi xidmətlərin göstərilməsinə başlanılıb. Hazırda xəstənin vəziyyəti ağır stabildir, müsbət dinamika müşahidə olunur” - deyə məlumatda bildirilirdi.

Musavat.com hadisənin hansı şəraitdə baş verdiyi və ilan sansan gəncin durumunun necə olmasını araşdırıb. Məlum olub ki, ilan sancan gənc Cəbrayılov İsrafil İsmayıl oğlu Qax rayonu, Dəymədağlı kənd sakinidir. Həmkəndlisi Cavid Məmmədov bildirib ki, hadisə baş verən gün İsrafil və digər həmkəndlisi Coşqun Məmmədov Alazan çayına yaxın ərazidə qoyun-quzularını otarırmış.

İki həmkəndli nahar etdikdən sonra İ.Cəbrayılov yorğun olduğunu deyərək bir az yatmaq istədiyini deyib və kolluq ərazidəki otun üstündə uzanıb. Bir müddət sonra sağ kürəyində ağrı hiss etsə də, o qədər də ciddi yanaşmayıb. Ardınca daha bir kəskin ağrı olduqda İsrafil yerindən qalxıb və kürəyindən sallanan ilanı görüb. Bu zaman o, digər həmkəndlisinə tərəf, təqribən 15-20 metr qaçıb, lakin ilan onun bədənindən qopmayıb. Həmkəndlisi özünü yetirərək ilanı vuraraq yerə düşürüb. Ancaq bu vaxt ilan qıvrılaraq onun üstünə tullanmaq istəyib. Kənd sakini ilanın başını əzməyə nail olub. Bundan sonra həmkəndlisi ağır vəziyyətdə olan İsrafilin yarasından qan axdığını görüb. Bir neçə km-likdəki “Niva” avtomobili olan rayon sakini, fermer Fərhad Fətəliyevə zəng edib. Eyni vaxtda da Qax rayon Mərkəzi Xəstəxanasına, “Təcili yardım” xidmətinə müraciət ediblər.

 C.Məmmədovun sözlərinə görə, “Niva” ilə yaralını təqribən 10 km-lik məsafədəki mərkəzi yola gətirib, “Təcili yardım”a təhvil veriblər. Dərhal iki doza ilan zəhəri əleyhinə zərdab vurulduqdan sonra paytaxta çatdırılıb. Həmkəndlisi bildirdi ki, atası oğlunun səhhətinin yaxşılaşdığını, amma müalicəsinin davam etdiyini bildirib.

C.Məmmədov saytımıza onu da deyib ki, İsrafilin anası bir neçə il əvvəl dünyasını dəyişib, qardaşı isə hazırda hərbi xidmətdədir. Atasının zəhmətkeş, gözütox, alın təri ilə yaşayan sadə insan olduğunu deyən C.Məmmədov qeyd edib ki, hadisədən sonra kənd sakinləri imkanları çatan qədər yardım etməyə hazır olduqlarını bildiriblər, hətta çoxlu qan itirən – həmkəndlisi deyir ki, onu “Təcili yardım”a çatdıran maşın qan içindəymiş - İsrafil üçün könüllü qan veriblər.

Musavat.com gənci sancan ilanın videosunu da əldə edib. Deyilənə görə, bu, Alazan çayı sahillərində tez-tez rast gəlinən Qafqaz gürzəsidir və olduqca təhlükəlidir.

İnternet üzərindən kiçik bir araşdırmaq apardıq. Bu gürzələrin uzunluğu 475 mm, dişilərdə — 600 mm təşkil edir. Quyruqları 7 — 8 sm-ə çatır. Başı kifayət qədər enli olur. Nadir hallarda bütünlüklə qara rəngli olanını görmək olar. Yuxarı hissəsi qara, boğazı ləkəsiz qara olur. Ümumilikdə isə qırmızı və narıncı rənglər üstünlük təşkil edir. Balalar isə qırmızı-qəhvəyi rəngdə olur. Erkəklər dişilərdən kiçik olur.

Məlumata görə, Qafqaz gürzəsinə Böyük Qafqaz dağlarının cənub-qərb ətəklərindən Abxaziya (Gürcüstan), Acarıstan və Türkiyənin şimal şərqində rast gəlinir. Onları iki hissəyə bölmək olar: Şimali Kolxida və acar-lazistan. Əsasən dağ və ön dağlıq meşələrdə, subalp və alp ərazilərində yayılırlar. Hündürlüyü 2500 m olan ərazilərdə görünürlər. 0,3 — 0,5 h ərazilərdə 4 baş ola bilir. Aktiv dövrləri mart - noyabr aylarıdır. Dərinliyi 2 metr olan çatların arasında qışlayırlar. Əsasən gəmiricilər, kərtənkələlər və quşlarla qidalanırlar. Zəhəri insan üçün təhlükəlidir.

Bir daha keçmiş olsun deyirik və vətəndaşları ehtiyatlı olmağa çağırırıq.

ELŞAD,
Musavat.com

26.05.2025 15:06
1479