Türkiyənin Erciyes Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı bugünlərdə “Yeni Müsavat” Media Qrupunun qonağı oldu. Ənənəvi olaraq yay tətilində vətənə gələn araşdırmaçı alim bu dəfə səhhəti ilə bağlı ağır sınağa məruz qaldı və açıq ürək əməliyyatı keçirdi. Həmsöhbətimizə Allahdan şəfa diləyib, şərəf tariximizin növbəti tarixi səhifələrinin yazıldığı son günlərin dəyərləndirməsini etməsini istədik, söhbətimiz çox maraqlı alındı.
- Qafar bəy, Azərbaycana budəfəki gəlişinizdə ürəyinizdən açıq əməliyyat olundunuz. Çox keçmiş olsun, Allah şəfa versin. Amma qısa zaman sonra sizi yenə də mətbuatdakı şərhlərinizlə gördük, informasiya savaşında dəstəyinizi əsirgəmədiniz. Belə demək olarmı ki, Vətən naminə həkim məsləhətlərini də bir kənara qoydunuz? Ürək əməliyyatı keçirmək ikinci dəfə dünyaya gəlməkdir. Amma millət olaraq yenidən doğulduq, Xankəndini azad görməklə. Bütün bunlar necə hisslərdir?
- Bakıya iyul ayının əvvəlində gələrkən məşğul olduğum sahə, yəni erməni məsələsi ilə əlaqədar müəyyən planlarım vardı, o işləri görəcəkdim, amma açıq ürək əməliyyatı olunmağım bu işləri təxirə saldı. Bununla belə, indiki həssas dönəmdə apardığımız informasiya savaşında erməni iddialarını ifşa etməyin gərəkliliyi daha da aktuallaşdı. Təbii ki, imkanım daxilində baş verənlərə biganə qalmadım. Sevinirəm ki, 44 günlük savaşdan sonra Azərbaycanın mətbu məkanında yeni perspektivli adamlar yetişib və xüsusən də Avropa ölkələrində erməni yalanlarını ifşa etmək baxımından onların üzərinə çox iş düşdü. Bilirsiniz, insan haqlı olanda dediyi sözün, apardığı təbliğatın effekti bir neçə qat çoxalır. Biz haqlı olduğumuzdan sözümüzün kəsəri də artmış oldu. Qələbənin möhtəşəmliyi onun gələcəyə daşınması ilə də ölçülür. Ermənilər və onların havadarları üzərində qələbəmizin qədrini bilmək və onu diplomatik meydana daşıyıb bərkitmək üçün politoloji qabiliyyəti olan adamlara ehtiyac var. Biz daha çox belə uzmanların yetişməsinə çalışmalı idik. Xəstə olduğum dövrdə də birbaşa olmasa da, belə qabiliyyət sahiblərini yönləndirmək üçün əlimdən gələni etdim. Biz, çox çətin bir problemin həlli ilə bağlı üzərimizə vəzifə almışıq. Dediyiniz kimi, Xankəndinin azadlığını görmək xoşbəxtliyini yaşayan bizlərə ölüm yoxdur. Şəxsən mən erməni işğalının hər günündə özümü təhqir olunmuş bir şəxs sayırdım. İndi qəddimiz düzəlib. Başı dik gəzmək xoşbəxtliyini yaşamaqdayıq. Bu çox böyük səadətdir, millətimiz öz adına layiq şərəfli illərini yaşamaqdadır. Nə gözəl ki, ölmədik, bu şərəfli günləri gördük.
Yeri gəlmişkən, ürəyimdə yaranmış problemlərin aradan qaldırılması ilə bağlı baş həkim professor Kamran Musayevin başçılığı ilə Mərkəzi Klinik Xəstəxananın bütün personalına bir daha təşəkkürlərimi bildirirəm.
- Qafar bəy, siz erməni dilinin mükəmməl bilicisi olduğunuz üçün fikriniz maraqlıdır, Qarabağdan köçən ermənilər necə olub ki, kütləvi şəkildə Azərbaycan dilini öyrənib? Hər halda, dilimizi bilənlər də məntiqlə 30 il ərzində işlək olmayan dili unutmalıydılar. Dilimizin öyrənilməsi reinteqrasiyaya tədarük görülməsi demək deyildimi? Elə isə niyə getdilər? Burada məkr olmamış deyil.
- Qarabağda yaşayan ermənilərin bizim dilimizi bilməsində təəccüblü heç nə görmürəm. Kökdən gələn xüsusiyyətlər var. Onlar dədə-babadan türkçə danışıblar. Hətta orta əsrlərdə onların öz dillərini unutduqları zamanlar olub, böyük əksəriyyətin ailə dili türkcə olub və həmin ənənə bu gün də davam edir. Qarabağ isə hər zaman Azərbaycanın tərkib hissəsi olub və Azərbaycan dilini öyrənmədən ermənilərin yaşaması çətin olub. Bir başqa cəhət də var, onların bizim dilə marağı sevgidən olmayıb. Elə indinin özündə Ermənistanda universitet və orta məktəblərdə Türkiyə və Azərbaycan türkcəsinin tədris edilməsi gələcəkdə bizimlə ideoloji mübarizəyə hazırlıq kimi qiymətləndirilməlidir. Mən ermənilərin dilimizi reinteqrasiyaya hazırlıq məqsədilə öyrəndiklərini düşünmürəm... Hər halda, bu, ermənilərin nə dərəcədə “istedadlı” olduğunun göstəricisidir. Onlar yaşadıqları bütün ölkələrdə öncə oranın “dilini” öyrənirlər. Bizim dili də “bilməklə” 30 il torpaqlarımızı işğal altında saxlamağa nail oldular. Amma bəzən başqa cür də olur. Konkretləşdirsək, ermənilərin hamısı poliqlot olsalar belə, həqiqəti dəyişdirməyə gücləri çatmaz: Qarabağ Azərbaycandır!
- Qarabağdakı ermənilərin sayının şişirdilməsində əsas məqsəd haqda deyilənlərlə razısınız? Yoxsa burada bizim bilmədiyimiz hiylə də var? Ümumiyyətlə, real say nə qədərdir, sizcə?
- Ermənilərin özləri də bilirlər ki, Qarabağda 120 min erməni heç vaxt olmayıb. Sovet dövründə keçmiş DQMV-də erməni əhalinin sayı ilə bağlı saxtakarlıq edirdilər. Onlar belə bir fikir yaratmağa çalışırlar ki, burada xeyli əhali var. Əhali ilə bağlı saxtakarlığı məktəblərdəki şagirdlərin sayı ilə müəyyən etmək olur. Min ailədən ibarət bir kənddə 30-40 şagird varsa, demək, əhalinin sayı da ona uyğun olmalıdır. Əhalinin sayının şişirdilməsi bəzi siyasi və sosial saxtakarlıqlar məqsədilə edilir. İndi Qarabağı tərk edən əhali ilə bağlı da erməni saxtakarlığının şahidi oluruq. Qarabağda 50-60 minlik əhalinin olduğunu onlar özləri tez-tez dilə gətirirdilər. Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradılandan sonra guya “120 min əhalinin blokadaya düşməsini” iddia etdilər və tez-tez bu rəqəmi səsləndirməyə başladılar. Laçından neçə nəfərin keçməsi ilə bağlı əlimizdə olan rəqəmlər açıqlanarsa, bu saxtakarlığın da iç üzü açılacaq.
- Ermənistan Qarabağdakı bir günlük antiterror tədbirinə sakit reaksiya versə də, şənbə günü, Qranada danışıqlarından bir neçə gün əvvəl şərti sərhəddə tətiyi çəkdi və əsgərimiz şəhid oldu. Sizcə, niyə? Ermənistan niyə vəziyyəti gərginləşdirmək yolunu seçdi?
- Bir günlük antiterror tədbirləri göstərdi ki, Azərbaycanın istədiyi hərbi vəzifəni yerinə yetirmək gücü var və Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyan Ermənistan sülh prosesinə müsbət yanaşmalıdır. Nə qədər ki, sülh yoxdur, hər iki ölkə arasında hər an müharibə alovu atəşlənə bilər. Ermənistan antiterror əməliyyatlarının keçirildiyi gün bir güllə belə atmadı. Müharibənin onun ərazisinə keçəcəyindən çəkindi. Amma o, özünü bölgədə gedən proseslərin tərəfi kimi göstərmək istəyir. Bölgədə maraqları olan ölkələrin əlində alət olmaqdan irəli heç bir diplomatik manevr edə bilmir. Qranada görüşü ərəfəsində sülh müqaviləsini imzalayacaq ölkə görünüşü versə də, buna hazır olmadığını sərhəddəki hərəkətləri ilə göstərmiş oldu. Sülh müqaviləsi nə vaxtsa bağlansa belə, bu ölkəyə inanmaq çətindir. 2020-ci ilin 10 noyabr sazişi də bunun örnəyidir, Ermənistan öhdəsinə götürdüyü məsələlərin heç də hamısına əməl etmədi, bundan sonra da edəcəyinə şəxsən mən inanmıram. Sülh prosesi üçün çalışan ölkələr də Ermənistanı bəzi şeylərə məcbur etmək siyasəti aparmalıdırlar.
- İrəvanın Azərbaycandan BMT-nin Ədalət Məhkəməsinə şikayətinin nəticəsi necə ola bilər? İkili standartların mövcudluğu artıq bizdə təəccüb doğurmur, bu mənada soruşuram...
- Bundan əvvəl də Ermənistan Azərbaycanı beynəlxalq məhkəmələrə verib, istədiyi qərarı da çıxarmağa nail olub. Amma iki ölkə arasında normal hüquqi münasibətlər olmadığından çıxarılan qərarların yerinə yetirilməsi ciddi sayılmır, önəm kəsb etmir. BMT Ədalət Məhkəməsində, bildiyimə görə, Azərbaycan da Ermənistana qarşı iddialar qaldırıb. Münaqişənin hüquq sahəsinə keçməsi normaldır və bütün mübahisəli məsələlər bu platformada həll edilməlidir.
- Azərbaycanın Ermənistandan tələb etdiyi kompensasiyanın həcmi haqda nə deyə bilərsiniz?
- Ermənistanın 30 il ərzində Azərbaycana vurduğu zərərlə bağlı təzminat verilməsi kimi ciddi məsələnin üzərinə getməliyik. Müxtəlif ekspertlərin hesablamalarına görə, Ermənistan Azərbaycana işğal dövründə 300 milyard dollardan çox zərər vurub. Qoy olsun 100 milyard. Ermənistan bu pulu vermək gücündə deyil, o zaman əvəzinə torpaq verməlidir. O zaman həlli çətin görünən problemlərin çoxu avtomatik həll oluna bilər. Dünya təcrübəsində belə şeylər olub. Məncə, biz bu məsələnin üstünə düşməliyik.
- Necə bilirsiniz, Rusiya sülhməramlıları mövcud situasiyada hansı mövqedə dayanacaq? Hərbi kontingent 2025-ci ildən tez bölgəni tərk edə bilərmi, yoxsa daha 5 illik ölkəmizdə “qonaq” olmaq niyyətindədir?
- Qarabağdakı Rusiya sülhməramlılarının nəzarət zonasında əhali yoxdursa, Rusiya kontingentinə ehtiyac qalmayacaq və gün keçdikçə rusların missiyası ilə bağlı siyasi durulma baş verəcək. Rusiyanın bütün münaqişə dövründə əsas məqsədi bölgədə hərbi varlığını təmin etmək olub. 2020-də belə bir şərait yarandı və ruslar təkrar Azərbaycana girdilər. Onların burada qalma müddəti 2035-də bitsə də buradan vaxtından əvvəl ayrılmaları üçün səbəblər var. Qalan erməni əhali reinteqrasiya edir, onların təhlükəsizliyi təmin olunur və Rusiyanın sülhməramlılarına ehtiyac qalmır. Onların qalması və getməsi Azərbaycandan asılıdır. Azərbaycan başqa bir ölkənin əsgərinin daha 5 il burada qalmasına razılaşmayacaq. Onlar gedəcəklər.
- Bəs Zəngəzur dəhlizi ilə bağlı gözləntiniz necədir? Türkiyənin bu məsələdə marağı gün-gündən artır. Baxmayaraq ki, sayın Ərdoğan əgər Ermənistan razılaşmasa, dəhliz İrandan keçəcək deyir.
- Zəngəzur dəhlizi zor-xoş açılacaq. Ermənistanın narahatlıqlarının heç bir əsası yoxdur. Onlar bu işi Qarabağdakı erməni əhaliyə hansısa haqlar almaq üçün edirdilər. Bu olmadı. İndi Ermənistan öz əhalisinin rihafını düşünməlidir. Bu dəhliz ölkənin iqtisadiyyatına canlanma gətirəcək, dəhlizin açılmasından ən çox Ermənistan fayda görəcək. Ərdoğanın bu işi həll etmək üçün İran alternativini təklif etməsindən sonra Ermənistanı bu məsələyə daha diqqətlə yanaşacaq... Ermənistanın gələcəkdə Azərbaycan və Türkiyə ilə münasibətlərinin bir gün düzələcəyini nəzərə alsaq, dəhlizin açılmasına dirənişin mənasızlığını nəhayət anlayacaqlar. Buna mane olan maraqlı ölkələrin çoxluğundadır, Ermənistan onun-bunun ağzına baxır. Yaxında bir konsensusun olmasına inanıram.
- Sizcə, Qarabağda hər şey bitdimi? BMT-nin missiyası nəyisə dəyişdirə bilərmi?
- Məncə, məsələnin bitməsi ilə bağlı verəcəyimiz qərar yanlış olardı. Bir həftə içində ermənilərin tərk-silah ediləndən sonra ölkəmizi kütləvi şəkildə tərk etməsinin arxasında hansısa erməni planının olmasını istisna etmirəm. BMT missiyası bunun başlanğıcımı olacaq, demək çətindir. Ermənilər Qarabağa geri qayıtmanın müxtəlif variantlarını artıq müzakirə edirlər, üzərimizə gələcəkləri kəsindir. Amma bizim kimsədən çəkinəcək hərəkətimiz olmayıb. BMT missiyasının obyektiv müşahidə aparmasının bizə zərəri olmaz.
Elşad PAŞASOY,
Foto: “Yeni Müsavat”