Saxta qadın profilləri açır, sosial şəbəkələrdə kişilər ilə əlaqə saxlayır, nalayiq şəkillərlə şantaj edirdilər.
Musavat.com xəbər verir ki, Türkiyədə xarici əlaqələri olan dəstənin qarşısı alınıb, 7-si xarici ölkə vətəndaşı olmaqla 18 şübhəli tutulub.
Mərkəzi Tekirdağda olan 7 vilayətdə eyni vaxtda keçirilən əməliyyatda yaxalananlar arasında mütəşəkkil cinayətkar qruplaşmanın rəhbəri də olub.
Hadisənin təfərrüatlarını Türkiyənin daxili işlər naziri Ali Yerlikaya paylaşıb.
"Qəfəs-36" əməliyyatı dələduzluqdan tutmuş şantaj və hədələrə qədər bir çox cinayətlərdə əli olan mütəşəkkil cinayətkar qruplar üçün başlayıb. Saxlanılan təşkilat üzvlərinin 30 milyon TL-lik oğurluq etdiyi də müəyyən edilib.
Əməliyyatlar nəticəsində; 2 avtomobil, 33 mobil telefon, 27 SİM kart, müxtəlif banklara məxsus 47 debet kartı, külli miqdarda xarici valyuta və türk lirəsi, habelə xarici şəxslərin adına verilmiş saxta əmək sənədləri ələ keçirilib.
Musavat.com