Qadınlar buna görə peyğəmbər seçilməyibmiş… - Maraqlı açıqlama

“Təkcə son zamanlar deyil, insanlıq tarixi boyunca bu məsələni müxtəlif cəmiyyətlərdə fərqli şəkillərdə qabardanlar çox olub. Günümüzdə də belə müzakirələr sosial şəbəkələrdə kritik hal alıb. Ancaq məsələnin məğzini anladığımız zaman mübahisəyə yer qalmır. Rəbbimiz Qurani-Kərimdə "Nəhl" surəsində buyurur ki, biz göndərdiyimiz elçilər Məhəmməddən öncə də var olub. Yəni ondan əvvəl də rəsullar yer üzünə göndərilib. Buradan belə görünür ki, Allah elçilərini kişilərin arasından seçib”.

Bu fikirləri ilahiyyatçı Ağa Hacıbəyli “Yeni Sabah”a açıqlamasında deyib. O, peyğəmbərlərin niyə qadınlardan yox, yalnız kişilərdən seçildiyini belə şərh edib:

“Ancaq bu məsələ Allah qatında kişilərin qadınlardan daha üstün və dəyərli olduğuna dəlalət etmir. Qurani-Kərimin bir ayəsində rəbbimiz buyurur ki, sizin aranızda Allaha ən yaxın olanınız təqvalı olan kəsdir. Demir ki, kişi, ya da qadın olanınızdır. Kimin qəlbində təqva, sevgi, şəfqət, mərhəmət duyğuları üstünlük təşkil edirsə, o insan daha çox rəbbimizə yaxındır. Rəbbimizin ölçüsü budur. Peyğəmbərlərin niyə qadın yox, məhz kişilərdən seçilməsi ilə bağlı suallara gəlincə isə, biz Allahın seçiminə tabe olmalıyıq. Amma işin hikmət tərəfi də var. Düşünün ki, bir xanım peyğəmbər olmalıdır. Ancaq qadınların üzrlü olduğu müəyyən günlər var. Məsələn, bətndə uşağı var. O zaman dağda, vadidə, savaşda və digər öndərlik etməsi lazım olan yerlərdə bu vəzifəni tam yerinə yetirə bilməyəcək. Yaxud qucağında körpəsi var və onu atıb getmək imkanı yoxdur. Buna bənzər onlarla səbəblər var. Rəbbimiz də bu hikmətlər səbəbindən qadınları peyğəmbər olaraq seçməyib”.

İlahiyyatçı islam dinində qadınlara böyük dəyər verildiyini vurğulayıb:

“Qurani-Kərimdə "Nisə" surəsi var ki, qadınlara aiddir. Ancaq kişilərə aid belə bir surə yoxdur. Bundan başqa, İsa peyğəmbərin anası Məryəm haqda, eyniadlı surə mövcuddur. Bu da onu göstərir ki, İslamın müqəddəs kitabında qadınlara böyük dəyər verilir. Qadınlar peyğəmbər olmasa belə, onların anaları, bacıları və qızları olublar. Həmçinin, ali vəzifələrdə təmsil olunublar. Bunu bir çox nümunələrlə sübut etmək olar. Məsələn, peyğəmbərimizin həyat yoldaşı xanım Xədicənin İslam dini üçün verdiyi xidmətləri bəlkə yüzlərlə, minlərlə kişi edə bilməyib. Ona görə də, vaxtımızı mübahisə etməyə yox, İslam dinini daha gözəl görməyə xərcləməliyik”.

27.06.2024 20:15
2229