“Qadınlar başqa zala keçsinlər” – müəllimlərlə keçirilən görüşdə Xruşşovun qeyri-adi təklifi...  

1953-cü ilin sentyabr ayında, yeni tədris ilinin başlanması ilə bağlı Nikita Xruşşovun müəllimlərlə, bütövlükdə ölkənin təhsil işçiləri ilə görüşü sovet liderinin “maraqlı” bir təklifi ilə başlanıb.

Xruşşov tribunaya qalxaraq istehzalı bir təbəssümlə görüş iştirakçılarına müraciət edib:

- Kişilər bu zalda qalsın, qadınlar isə başqa zala keçsinlər.

Anlaşılmaz və gözlənilməz təklif təhsil işçilərini çaşdırıb. Xruşşov isə onların bu çaşqınlığını böyük həvəslə seyr etdikdən sonra sözünə davam edib:

094_480x0_97d.jpg (65 KB)

- Sizin çaşqınlığınızı anlayıram. Yəqin ki, mənim bu təklifimi ağılsızlıq kimi qəbul edirsiniz. Elə mən də sizinlə eyni fikirdəyəm. Amma çox təəssüf edirəm ki, 10 il bundan qabaq belə bir ağılsızlıqla üzləşmişik. Yəqin ki, hamınız xatırlayırsınız. 16 iyul 1943-cü ildə Stalin sərəncam imzaladı. Sərəncamda qızlar və oğlanların ayrı təhsili nəzərdə tutulurdu. Bununla da Moskvada, Leninqradda, müttəfiq respublikaların paytaxtlarında, diyar və vilayətlərin mərkəzlərində, böyük şəhərlərdə məktəblər iki yerə bölündü, qızlar və oğlanlar ayrı təhsil aldılar. Bu absurd bir qərar idi və bu, heç bir məntiqə sığımayan islahat idi. Məhz bu və digər qərarlara görə bu gün sovet təhsili böyük problemlərlə üz-üzə qalıb. Artıq neçə illərdir ki, SSRİ-nin təhsil sistemi dövlət qayğısından kənardadır. Bu məsələ bir tərəfə, dəhşətli fakt oldur ki, dövlət təhsilin qayğısına qalmamaqla yanaşı, onun işinə şüurlu surətdə əngəl törədib. Məqsəd nə imiş? 1920-ci illərdəki savadsızlığı geri qaytarmaq? Yoxsa savadsız bir cəmiyyətdə daha asan bir şəkildə liderlik etmək? Tarixə nəzər yetirin. Hətta müharibə gedən ölkələrdə dövlət başçıları təhsilin qayğısına qalıblar. Bu sahəyə xüsusi diqqət ayırıblar. Bəs biz nə etdik? Nə müharibə illərində, nə də müharibədən sonrakı dövrdə təhsilə sonuncu məsələ kimi yanaşdıq...”

Altı saatdan artıq davam edən müşavirə təhsil mövzusundan daha çox siyasi xarakter, Stalin hakimiyyətinin tənqid etmək məqsədini daşıyıb. Xruşşovun çıxışı isə iki saat çəkib. Çıxış edənlərin məruzələrinə baş katibin şərh və münasibətlərini də əlavə etsək, belə qənaətə gəlmək olar ki, müşavirə yalnız Xruşşovun “ürəyini boşaltmaq” üçün keçirilib.

original-2.jpg (95 KB)

Maraqlıdır, Xruşşovun müşavirədə xüsusilə “vurğuladığı” Stalinin qərarı nədən ibarət olub?
SSRİ Xalq Komissarları Sovetinin 16 iyul 1943-cü il tarixli 789 nömrəli qərarı ilə SSRİ-nin böyük şəhərlərində, müttəfiq respublikaların paytaxtlarında, diyar və vilayət mərkəzlərində birinci sinifdən başlayaraq qızların və oğlanların ayrı təhsil alması göstərilib. Qərar rayon, qəsəbə və kənd məktəblərinə şamil olunmayıb. Ayrı təhsil üçün müttəfiq respublikaların, diyar və vilayətlərin partiya komitələri rəhbərlərinə məktəblərin də ayrı fəaliyyət göstərməsi tapşırılıb. Bu “məktəb islahatı”nın ilk problemi də məhz bu məsələdən başlanıb. Onsuz da ağır müharibə illərində, o cümlədən elə müharibədən sonrakı çətin dövrdə əlavə məktəblərin inşası mümkünsüz məsələ sayılıb. Mərkəzi Komitəyə daxil olan yüzlərlə məktubdan sonra qərarın bu hissəsi “yumşaldılıb”. Qızlar və oğlanlar eyni məktəbdə oxuyublar, amma ayrı-ayrı növbələrdə. Elə məktəblər olub ki, dərslər üç növbədə keçirilib.

İkinci bir problem pedaqoji kadrların çatışmazlığı olub ki, qızların və oğlanların ayrı təhsil alması dərs yükünü artırıb.

Stalinin bu “məktəb islahatı” sovet təhsilini digər problemlərlə də üzləşdirib. Amma buna baxmayaraq mərkəzi qəzetlər ayrı təhsilin daha keyfiyyətli olmasından səhifələrlə yazılar veriblər. 18 avqust 1943-cü ildə “Pionerskaya pravda” qəzeti Stalinin sözügedən sərəncamını belə şərh edib:

“Məktəblərdə qızların və oğlanların ayrı təhsil alması ilə bağlı hökumətin qərarı sovet təhsil sisteminə yenilik gətirəcək. Məktəb elə birinci sinifdən oğlanları orduya hazırlamalıdır, qızlardan fərqli olaraq oğlan məktəblilərin təhsilində fiziki və hərbi hazırlıq daha çox üstünlük təşkil etməlidir...”

Mərkəzi Komitə müvafiq qərarla bağlı mətbuatda tanınmış təhsil işçilərinin yazılarının getməsini də təşkil edib.

6577d2f7fbfaeee0fc4284dca6f285eafafb0d8b (1).jpg (72 KB)

789 nömrəli qərar pedaqoji ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Təxmini statistikaya görə ölkənin təhsil sahəsində çalışanların 70 faizi bu qərarı yanlış addım kimi dəyərləndirib.

1950-ci ildə “Literaturnaya qazeta”da qızların və oğlanların ayrı təhsili mövzusunda geniş diskussiya keçirilib. Cəmiyyətin ayrı-ayrı təbəqələrindən redaksiyaya 800-dən artıq məktub daxil olub. Məktublarda birgə təhsil sisteminin bərpa olunması xahişi və tələbi öz əksini tapıb. Redaksiya məktubların ümumi xülasəsini hazırlayıb Mərkəzi Komitəyə təqdim edib. Kreml çoxsaylı müraciətlərə heç bir reaksiya verməyib.

Stalinin “məktəb islahatı”nın ömrü 11 il çəkib. Nikita Xruşşov hakimiyyətə gəldikdən sonra 789 nömrəli qərar ləğv edilib, SSRİ-də birgə təhsil sistemi yenidən bərpa olunub.

İlham Cəmiloğlu, Musavat.com

13.06.2024 10:53
5145