Qadın keçmiş ərinin ikinci arvadını bıçaqladı - TƏFƏRRÜAT

Astara rayonunda 1959-cu il təvəllüdlü Şəhla keçmiş ərinin ikinci arvadı Mədinəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu il fevralın 23-də Astara rayonunun kəndlərindən birində baş verib.

Şəhla yaşadıqları evdə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı mətbəx bıçağı ilə Mədinənin sağ bud nahiyəsinə bir dəfə vurub.

Hadisəni törədən Şəhlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şəhla ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, ailə üzvləri ilə birlikdə Astara rayonunun kəndində yaşayır:

“Zərərçəkmiş Mədinə ərim Səlimin ikinci arvadıdır. Bir neçə ildir ki, Mədinə bizimlə yaşadığı üçün aramızda mübahisələr baş verir. Hadisə günü, saat 9 radələrində yaşadığım evdə olan zaman Mədinə yenidən mənə söz ataraq sataşdı. Mənim evdən getməyimi tələb etdi. Bu səbəbdən aramızda mübahisə yarandı. Mübahisə zamanı əsəbiləşdiyimdən və Mədinənin hərəkətlərindən bezdiyimdən mətbəx bıçağını götürdüm, onun arxa bud nahiyəsinə vuraraq ona xəsarət yetirdim. Qorxduğuma görə həmin mətbəx bıçağını həyətə tulladım. Ancaq hara tulladığımı dəqiq bilmirəm”.

Astara Rayon Məhkəməsinin hökmü ilə Şəhla aylıq qazancının 20 faizi məbləğində dövlət nəfinə pul tutulmaqla altı ay müddətinə islah işləri cəzasına məhkum edilib.

03.08.2023 17:12
806