Qadın əyləncələri ilə yadda qalan nazir – Mixaylov bütün dövrlərdə mövqelərini saxlamağı bacarıb

 

1960-cı ilin may ayında Mərkəzi Komitədə keçirilən müşavirədə Nikita Xruşşov onun haqqında son qərarını verib:

“Sizin varlığınız artıq məni qıcıqlandırır. Mən sizi yaxın ətrafımda görmək istəmirəm. Sizin kommunist əxlaqına zidd hərəkətləriniz, həyat yoldaşınızın tükənməyən əyləncələri, yanında 5-10 xidmətçi saxlaması bütün sərhədləri keçib. Biz bu gün sizin haqqınızda qərar çıxaracağıq. Sizin Moskvada qalmağınız məqbul sayıla bilməz...”

Beləliklə, SSRİ-nin mədəniyyət naziri Nikolay Mixaylov 1960-cı ildə nazir kürsüsünə əlvida deyib, Nikita Xruşşov onu Moskvadan çox-çox uzaqlara, İndoneziyaya səfir göndərib.

Bu təyinat Mixaylov üçün gözlənilməz olsa da, sabiq nazir çox da böyük narahatlıq keçirməyib. O, qısa bir zamanda yenidən Moskvaya qayıdacağına inanıb, şanslarına güvənib. Ümumiyyətlə, Mixaylov mövcud dövrdə ən şanslı məmurlardan biri sayılıb. Belə ki, həm Stalinin, həm Xruşşovun, həm də Brejnevin hakimiyyəti illərində Mixaylov yuxarı eşalonda özünə rahatlıqla yer edə bilib.

Nikolay Mixaylovun vəzifə karyerasında mətbuat mühüm rol oynayıb. O, məhz “Oraq və çəkic” zavodunda fəhlə işləyərkən zavod qəzetinə yazdığı məqalələrlə fərqlənib. Bunu nəzərə alan zavod rəhbərliyi Mixaylovun ali təhsil almasını vacib sayıb və komsomol xətti ilə  Fəhlə Universitetinə göndəriblər. Daha sonra o, Moskva Dövlət Universitetinin jurnalistika fakültəsində kurslar keçib.

Mixaylov 1937-ci ildən fəaliyyətini “Pravda” qəzetində davam etdirib. Bir ildən sonra isə onu “Komsomolskaya pravda” qəzetinə redaktor təyin ediblər. Yaradıcılıq imkanları “genişlənən” Mixaylov bu vəzifədə daha yaxşı tanınıb. Onun tənqidi yazıları Mərkəzi Komitənin, xüsusilə də İosif Stalinin diqqətindən yayınmayıb. Elə Stalinin təşəbbüsü ilə də Mixaylov Ümumittifaq Komsomol Komitəsinə birinci katib seçilib.

Mixaylov bu vəzifədə komsomol rəhbərindən daha çox “NKVD” komissarının missiyasını yerinə yetirib. Onun repressiya siyahıları “NKVD” başçısı Nikolay Yejovun siyahılarından heç də geri qalmayıb. Repressiya öhdəçiliklərini qat-qat artıqlaması ilə ödəyən Mixaylov məhz bu ərəfədə Kremldə ciddi siyasi fiqura çevrilib. Stalinin onun haqqında “biz gələcəyimizi bugünkü komsomola tam etibar edə bilərik, çünki bu komsomola Mixaylov rəhbərlik edir” ifadəsi Nikolay Mixaylovun fəaliyyət dairəsini daha da genişləndirib, o, Siyasi Büronun üzvü seçilib.

Mixaylova Mərkəzi Komitədə Georgi Malenkov himayədarlıq edib. Elə onun təşəbbüsü ilə də o, 1952-ci ildə Mərkəzi Komitənin katibi, eyni zamanda təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsinə irəli çəkilib. Mixaylovun Mərkəzi Komitəyə gətirilməsi ilə Kremldaxili qruplaşmalarda gərginlik yaranıb. Bu gərginliyin əsas “müəllif”lərindən biri Mixail Suslov olub ki, o, Mixaylovu ideologiya aparatında görmək istəməyib. Suslov öz istəyinə nail olmağı bacarıb. “Boz kardinal” münasibətləri çox da gərginləşdirməmək üçün rəhbərlik qarşısında Mixaylovun Moskva vilayət Partiya Komitəsinə birinci katib seçilməsi təklifi ilə çıxış edib. Beləliklə də Mixaylov Moskvanın birinci katibi vəzifəsinə seçilərək Kremldən kənarlaşdırılıb.

Nikita Xruşşovun hakimiyyətə gəlişi ilə Mixaylovun vəzifə karyerasında “narahatlıq” yaranıb. Mixaylov yeni hakimiyyətdə özünü Kremldə görmək istəyib. Ancaq o, bu məsələdə Xruşşovla dil tapa bilməyib. Sonda Mixaylov Xruşovdan mədəniyyət naziri vəzifəsini ala bilib.

Digər məmurlardan fərqli olaraq Mixaylov zəngin həyat tərzi ilə fərqlənib. Onun tanınmış aktrisalarla eşq macəraları da  sirr qalmayıb. Mixaylov yaddaşlarda daha çox qadın əyləncələri ilə yadda qalıb. Həmçinin nazirin həyat yoldaşı da geyimləri, zinət əşyaları, səyahətləri, çoxsaylı xidmətçiləri ilə diqqətdən yayınmayıb. Bütün bunlar sonda Mixaylovun vəzifədən azad olunması ilə nəticələnib.

Yuxarıda qeyd etdiyimiz kimi Mixaylov 1960-cı ildə İndoneziyaya səfir göndərilib. Bu vəzifə onun üçün sürgün sayılıb. O, dəfələrlə geri çağrılması üçün müraciətlər etsə də, cəhdləri boşa çıxıb. Nəhayət, Xruşşov devrildikdən, Brejnev hakimiyyətə gəldikdən sonra vəzifə qapıları Mixaylovun üzünə yenidən açılıb.

Bu dəfə Brejnevlə olan köhnə münasibətləri onun köməyinə çatıb. Brejnev onu nazir statusunda olan SSRİ Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin sədri təyin edib. Baş katiblə münasibətləri normal olsa da, Mixaylov Suslovla yola gedə bilməyib. O, bu vəzifədə beş il işləyib. 1970-ci ildə Suslovun təkidi ilə Mixaylov təqaüdə göndərilib.

Vəzifədə olduğu illərdə Mixaylov sərt və kobud bir adam kimi yadda qalıb. Onun haqqında ən “maraqlı” fikri isə şair-publisist Mixail Svetlov söyləyib:

“Mən mədəniyyət nazirindən yox, nazirin mədəniyyətindən qorxuram...”

Təqaüdə göndərildikdən sonra Mixaylov Moskva ətrafındakı dəbdəbəli bağ evində yaşayıb və köhnə əyləncələrindən, qadın məclislərindən yenə də əl çəkməyib.

Nikolay Mixaylov 1982-ci ildə, 75 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

12.07.2023 13:45
2718