Qadağalar aradan qalxdı - Bazarda qiymətlər endi

ABŞ Venesuelanın neft və qaz sektoruna qarşı sanksiyaları dayandırıb.

Musavat.com ABŞ Maliyyə Nazirliyinin açıqlamasına istinadən xəbər verir ki, qərar Venesuela hökumətinin müxalifətlə yeni prezident seçkilərinə hazırlıqla bağlı razılığa gəlməsindən sonra qəbul edilib.

Vaşinqton altı ay ərzində Venesuela nefti və qazı ilə əməliyyatlara qoyulan məhdudiyyətləri aradan qaldırıb. ABŞ hökuməti həmçinin Venesuelanın qızıl mədən şirkəti “Minerven” ilə əməliyyatlara icazə verib.

Bundan əlavə, Venesuelanın bəzi dövlət istiqrazlarının, həmçinin “Petroleos de Venezuela SA” dövlət şirkətinin səhm və istiqrazlarının təkrar ticarətinə qoyulan qadağa aradan qaldırılıb. Lakin Venesuela istiqrazlarının ilkin bazarda alınmasına qoyulan qadağa qalır.

Qeyd edək ki, Amerikanın Venesuelanın neft və qaz sektoruna qarşı sanksiyaları dörd ildir ki, qüvvədədir. Ekspertlərə görə, sanksiyaların qaldırılması Venesuela neft hasilatının sutkada 200 min barel artmasına səbəb ola bilər.

ABŞ Maliyyə Nazirliyinin qərarından sonra neft bazarında qiymətlər enməyə başlayıb. Hərraclarda Brent markalı neftin qiyməti 92 dollardan 90 dollara qədər ucuzlaşıb.

Musavat.com

19.10.2023 13:00
3973