Putinlə Trampın görüşü Bakıda baş tuta bilər - Detalları politoloqlar açıqladı

Rusiya prezidentinin müşaviri, iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev Donald Trampı Bakıda keçiriləcək iqlim konfransına-COP29-a dəvət etməyi təklif edib(APA).

Edelgeriyevin fikrincə, COP29-da Trampdan Amerika Birləşmiş Ştatlarının Paris Sazişinin tərəfi kimi qalıb-qalmayacağını öyrənmək olar.

"Bizim ən yaxın vaxtlarda beynəlxalq tədbirimiz Azərbaycanda keçiriləcək. Bu, çox böyük BMT tədbiridir. Qoy, Azərbaycan Trampı COP29-a dəvət eləsin. Biz də onunla danışaq. Soruşaq ki, Paris Sazişindən çıxmaq istəyirmi?", - deyə Edelgeriyev bildirib.

Qeyd edək ki, Tramp Rusiya Ukrayna müharibəsini bitirəcəyini deyib. Bu baxımdan da Tramp və Putinin yaxın gələcəkdə görüşməsi zərurəti ortadadır. Bəs belə bir görüş üçün məkan olaraq Bakı seçilə bilərmi? Yada salmaq yerinə düşər ki, bundan əvvəl də NATO silahlı quvələrinin komandanı ilə, Rusiya silahlı quvələrinin komandanlığı arasında belə bir görüş olub.

Siyasi təhlilçi, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı Aqşin Kərimov mövzu ilə bağlı Musavat.com-a  fikrini bildirib.

O deyib ki, Donald Trampın prezident səlahiyyətlərinə başladıqdan sonra onun Rusiya lideri Vladimir Putinlə görüşü istisna olunmur:

WhatsApp Image 2024-11-07 at 12.37.46.jpeg (95 KB)

"Çünki cənab Tramp Ukrayna müharibəsini bitirəcəyinə söz verirsə, burada Moskva ilə dialoq qaçılmazdır. Bundan başqa, Rusiya da ABŞ ilə olan gərginliyin qarşısını almağa kömək edə biləcək reseptləri axtarır. Deməli, hər iki güc ikitərəfli əlaqəni tez bir zamanda bərpa etmək üçün əlamətləri sətiraltı mesajlarla bir-birlərinə çatdırırlar.

COP 29-u ABŞ və Rusiya alternativ danışıqlar platforması kimi nəzərdən keçirə bilər. Rusiya Prezidentinin köməkçisi və iqlim məsələləri üzrə xüsusi nümayəndə Ruslan Edelgeriyevin Moskva ilə Vaşinqtonun qarşılıqlı fəaliyyətə hazır olmasını COP29 üzərindən qiymətləndirməsi yuxarıdakı fikri gücləndirir. Görünür ki, COP29-da iştirak edəcək ABŞ və Rusiya nümayəndələrinin mümkün danışıqları üçün plan hazırlanır, lakin belə bir müzakirənin baş tutacağını indidən birbaşa söyləmək çətindir.

Trampın səlahiyyətlərinə başladıqdan sonra Putinlə Bakıda görüşə biləcəyi isə bir qədər şübhəli görünür, ancaq məsələnin qaranlıq tərəflərinə işıq salmaq lazımdır.

Bakı hələ Qarabağ münaqişəsi zamanı bir neçə dəfə NATO və Rusiya generallarının görüşdüyü məkan olub və bu, Tramp administrasiyası dövründə vüsət alıb. Trampın növbəti hakimiyyət illərində əvvəlki təcrübəni təkrarlanacağı istisna oluna bilməz və bu, Ukrayna üzrə müharibənin regional risklərini azaltmaq səylərinin bir hissəsinə çevrilə bilər.

Yəni proqnozlaşdırmaq üçün əsas var ki, Ukraynadakı mövcud şərait Rusiya ilə ABŞ-nin ikitərəfli strateji sabitlik dialoqunu canlandırsın və bunun bir hissəsi kimi NATO-Rusiya generallarının Bakıda görüşü təşkil edilsin. Bununla belə, region üzrə Rusiya-ABŞ danışıqları baş tutacaqsa, bu, “Moldova Qərbin, Gürcüstan Kremlin” nəticələrinə əsasən nəticələr vəd edəcək".

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov da Musavat.com-a fikirlərini bölüşüb:

WhatsApp Image 2024-11-07 at 12.37.56.jpeg (185 KB)

"Trampın hansısa konfrans zamanı görüşünü istisna edə bilmərik. Amma onların ayrıca görüşməsi hazırda mövzu ola bilməz. Amma hər hansı tədbir fonunda mövzu ola bilər. Hələlilk Tramp Amerikanın dövlət başçısı sayılmır. Onun prezidentliyi yanvarın 20-də elan ediləcək.  Trampın ABŞ adından COP 29 da iştirak etməsi də gözlənilmir. İkinci məqam ondan ibarətdir ki, Trampın baxış bucağı bir qədər fərqlidir. Trampa görə tullantıların azaldılmasına görə, ekologiya ilə bağlı siyasətin yürüdülməsi boşunadır. Hətta prezident olsaydı belə, iştirakı real görünmür. Bütün bunlar onu deməyə əsas verir ki, Putin və Tramp istəsələr belə COP tədbirində görüşə bilməzlər. Ümimiyyətlə isə  Rusiya tərəfinin belə açıqlama verməsi onu göstərir ki, Azərbaycanı neytral, etibarlı dövlət kimi tanıyırlar. Azərbaycan etibarlı dövlətdir. Bundan əvvəl də burada NATO və Rusiya generalları bir neçə dəfə görüşüblər. Azərbaycanda bir çox dövlətlərin nümayəndələri, siyasi xadimləri görüş keçiriblər. Bu o deməkdir ki, Bakı neytrallığını qoruyur. Azərbaycandakı görüşlərdə hər hansı informasiyanın heç yerə sızmayacağını da bilirlər".

Afaq Mirayiq,
Musavat.com

07.11.2024 12:39
505