Putinin sülh şərtləri - Gizli DETALLAR AÇIQLANDI

Rusiya lideri Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ilə Ukraynada sülh müzakirələrinə açıqdır. Lakin o, ciddi ərazi güzəştlərini istisna edir və Kiyevin neytral statusunun təmin olunmasında israrlıdır.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Kreml hazırkı cəbhə xətti üzrə müharibəni dayandırmağa hazırdır. Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin bölüşdürülməsi məsələsi müzakirə mövzusu ola bilər. Bundan əlavə, Kreml Xarkov və Nikolayev bölgələrindəki bəzi ərazilərdən qoşunların qismən çıxarılmasına razılıq verə bilər.

Bununla belə, Rusiya tərəfi Ukraynanın NATO-ya üzv olmamasını, hərbi qüvvələrinin sayının məhdudlaşdırılmasını və rus dilinin istifadə hüquqlarının qorunmasını tələb edir.

Mənbələrin sözlərinə görə, Putin atəşkəsi Rusiya üçün "qələbə" kimi görür. Bu qələbə əsas şərq ərazilərində nəzarətin təmin edilməsi, rusdilli əhalinin müdafiəsi və Krım yarımadasına gedən quru dəhlizinin açılması ilə xarakterizə olunur. Lakin Krımın statusu, rəsmi şəxslərin bildirdiyinə görə, müzakirə mövzusu deyil.

Eyni zamanda, agentliyə danışan mənbələr ABŞ-ın ATACMS raketlərini Ukraynaya ötürmək qərarının Moskvanın tələblərini artırdığını və sülh nizamlanması perspektivlərini daha da çətinləşdirdiyini qeyd edir. Əgər razılıq əldə olunmazsa, Rusiya hərbi əməliyyatlarını davam etdirməyə hazırdır.

İqbal RZAYEV,
Musavat.com

20.11.2024 11:39
1646