Putinin rəqibləri niyə ölürlər? – Onları Əzrayıl dəryazı daima təqib edir

Rusiya müxalifətinin lideri Aleksey Navalnının həbsxanada vəfat etməsi dünya miqyasında qalmaqala səbəb olan hadisədir. Artıq aparıcı Avropa dövlətlərinin rəhbərləri, beynəlxalq təşkilatlar bu ölümün təsadüfi olmadığını qeyd edir, müvafiq araşdırmanın nəticələrini gözləmədən Rusiya rəhbərliyini günahlandırırlar.

Bu, ona görə belə olur ki, hələ illər öncədən həyatına nadir tapılan zəhərli maddə ilə qəsd edilən, daha sonra dəfələrlə sırf qurama işlərlə həbsə alınan, nəhayət, xarici agent adlandırılaraq məhkum olunan Navalnının başı üzərində Əzrayıl dəryazı çoxdan fırlanırdı.

Bir neçə ilin içində cəzaçəkmə məkanı 20 dəfədən çox dəyişdirilən, hər dəfə daha ağır şəraitli həbsxanala köçürülən, son dəfə isə “dünyanın qurtardığı yerə” – Yamalo-Nenets Muxtar Rayonundakı Xarp türməsinə aparılan Aleksey Navalnının barəsəində son qara xəbərin gələcəyi hər gün gözlənilirdi. Budur, 47 yaşındaykən Rusiyanın 1 nömrəli siyasi dustağının ölüm xəbəri gəldi. Çox adam hiddətlənsə də, heç kəs təəccüblənmədi.

puuuuttt.jpeg (15 KB)

Odur ki, xarici ölkələrdə artıq ənənəvi və demaqoji ifadələrdən istifadə etmir, “təhqiqatın sonunu gözləmədən dəqiq bir söz demək düzgün olmaz” demirlər, birbaşa Kremlə barmaq tuşlayıb qətl ittihamı irəli sürürlər.

Bu miqyasda hadisə baş verib, dünya mediası Rusiyadan, Navalnının ölümündən yazır, ancaq Rusiyanın özünün aparıcı media qurumlar bu mövzuda kiçik, quru və rəsmi informasiyalar verərək, işlərini bitmiş sayırlar. Təkcə bu fakt göstərir ki, mediaya “bu hadisədən heç nə yazmayın” tapşırığı verilib.

İndi xarici mediada son 20-22 ildə RF rezidenti Vladimir Putinlə toqquşan və zorakılıqla və ya şübhəli şəraitdə ölən şəxslərin personasına diqqət yönəldilir. Onlardan 10-12-si çox məşhurdur.

Sergey Yuşenkov ad-soyadlı keçmiş ordu polkovniki 1999-cu ildə mənzildə baş verən partlayışlardan birinin arxasında Putin hökumətinin dayandığını iddia edir və sübutlar toplayırdı. O, liberal Rusiya hərəkatını siyasi partiya kimi qeydiyyatdan keçirəndən bir az sonra, 2003-cü ildə Moskvada evinin qarşısında güllələnib.

Cinayət və korrupsiya haqqında yazan jurnalist Yuri Şekoçixin 1999-cu ildə “Novaya qazeta”nın redaksiyasına hücumu araşdırırdı. O, ABŞ-a getməsinə bir neçə gün qalmış qəflətən ölüb. Rusiya hakimiyyəti onun tibbi sənədlərini məxfi elan edib.

“Novaya qazeta”nın müxbiri Anna Politkovskaya “Putinin Rusiyası” kitabında Kreml rəhbərini ölkəni polis dövlətinə çevirməkdə ittiham edib. O, Çeçenistandakı zorakılıqlar haqqında geniş yazıb və bir neçə dəfə Moskva radiosunda çıxış edib. 2006-cı ildə o, yaşadığı binanın liftində güllələnib. Putin Kremlin Politkovskayanın qətlində iştirakını inkar edərək deyib ki, onun “ölümü özü həm Rusiyada, həm də Çeçenistanda indiki hakimiyyətə... onun fəaliyyətindən daha çox ziyan vurur”.

litvin.jpg (4 KB)

Rusiya rəhbərliyinin yüzlərlə insanın ölümünə səbəb olan bir sıra ev partlayışlarını təşkil etməkdə ittiham edən keçmiş DTK zabiti Alekander Litvinenko 2006-cı ildə Londondakı oteldə ölümcül polonium-210 ilə zəhərlənmiş bir fincan çay içdikdən üç həftə sonra ölüb. Britaniya təhqiqatı müəyyən edib ki, Litvinenko "ehtimal ki, prezident Putinin təsdiq etdiyi" əmrlərlə hərəkət edən rus agentləri Andrey Luqovoy və Dmitri Kovtun tərəfindən zəhərlənib. Rusiya onları ekstradisiya etməkdən imtina edib və 2015-ci ildə Luqovoy “Vətənə xidmətə görə” medalı ilə təltif olunub.

estema.jpg (12 KB)

Çeçenistanda adi hala çevrilmiş adam oğurluğu və qətlləri araşdıran jurnalist Natalya Estemirova 2009-cu ildə evinin yaxınlığında oğurlanıb, başından odlu silahla güllələnib və meşəyə atılıb. Onun qətlində heç kim mühakimə olunmayıb.

Rusiya ordusuna qarşı insan haqları işlərində çeçen mülki vətəndaşlarını təmsil etməklə tanınan insan haqları üzrə vəkil Stanislav Markelov Putini tənqid edən məqalələr yazıb. Markelovu 2009-cu ildə Kreml yaxınlığında maskalı silahlı şəxs güllələyib. “Novaya qazeta”nın əməkdaşı olan Anastasiya Baburova ona kömək etmək istəyən zaman öldürülüb. Rusiya rəsmiləri qətllərin arxasında neonasist qrupunun olduğunu və onun iki üzvünün qətlə görə məhkum edildiyini bildirib.

nem-maq.JPG (70 KB)

Vəkil Sergey Maqnitski 2009-cu ilin noyabrında ağır döyülüb, ona tibbi yardım göstərilməyib və o, həbsdə vəfat edib. Maqnitski polis əməkdaşlarının dələduzluqda əli olduğuna dair sübutlar aşkar etdikdən sonra həbs edilmişdi. 2012-ci ildə Maqnitski ölümündən sonra vergidən yayınmaqda təqsirli bilinib. ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalardan biri “Maqnitski aktı” adlanır.

1990-cı illərin sonunda president Yeltsinin yaxın çevrəsinə yerləşən, özünü maqnat adlandıran Boris Berezovski Putinlə münaqişə üzündən ölkəni tərk edib, Britaniyaya sığınsa da, Putini devirməyə söz vermişdi. O, həmçinin Kremli 2009-cu ildə zəhərlənmiş keçmiş kəşfiyyatçı Aleksandr Litvinenkonun qətlini təşkil etməkdə ittiham edirdi. 2013-cü ildə Berezovski İngiltərədəki evində kilidli vanna otağında, boynunda ilgəklə ölü tapılıb. Əvvəlcə bunun intihar olduğu qəbul edilsə də, istintaq ölümün səbəbini müəyyən edə bilməyib.

nemtop.jpg (11 KB)

1990-cı illərdə baş nazirin müavini olan, gələcəkdə ölkə prezidenti seçiləcəyi ehtimal olunan Boris Nemtsov 2000-ci ildə Boris Yeltsini əvəz edən Putini dəstəkləsə də, sonradan onun qatı müxalifinə çevrilmiş, prezidenti və onun komandasını kəskin şəkildə tənqid edirdi. O, 2015-ci ilin fevralında Rusiyanın Ukraynadakı hərbi müdaxiləsinə qarşı nümayişə çağırış etdikdən bir neçə saat sonra naməlum şəxslər tərəfindən kürəyindən güllələnib. Putin Nemtsovun qətli ilə bağlı təhqiqatı “şəxsi nəzarətinə götürüb”, lakin qatilin azadlıqda olduğu bildirilir.

 2016-cı ildə Rusiyadan qaçdıqdan sonra Putini kəskin tənqid etməyə başlayan Rusiya Kommunist Partiyasının keçmiş üzvü Denis Voronenkov Kiyevdə öldürülüb. O zaman Ukrayna prezidenti Petro Poroşenko bu qətli “Rusiyanın dövlət terroru aktı” adlandırıb.

Ötən iin iyununda Rusiya rəhbərliyinə qarşı hərbi qiyam qaldıran, ertəsin gün niyyətindən vaz keçən və Belarus prezidenti Aleksandr Lukaşenkonun vasitəçiliyi ölkəni tərk edən, sonra bağışlandığını güman edərək ölkəyə qayıdan biznesmen Yevgeni Priqojin 1 ay sonra yaxın ətrafı ilə birlikdə təyyarə qəzasında həlak olub. Bu işlə bağlı yekun qənaət budur ki, Priqojinin təyyarəsi qəsdən partladılıb.

11nav22.jpg (7 KB)

Bütün bu müəmmalı qətl və ölümlərə görə Aleksey Navalnının ölümünün qəsd nəticəsi olması çoxlarında şübhə doğurmur. Çünki siyasi rəqiblərin təsadüfi ölümü 1-2 ola bilər, əgər o, 10-dn çoxdursa, demək, ortada bir xətt var.

Araz Altaylı, Musavat.com

17.02.2024 13:00
1683