Putinin qızının patentə görə aldığı məbləğ təəccüb doğurdu

Rusiya prezidenti Vladimir Putinin dostlarına yaxın şirkət dövlət başçısının böyük qızına elmi araşdırmalarına görə pul ödəyəcək.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, iş adamları Mariya Vorontsovanın sonsuzluğun müalicəsilə bağlı patenti ilə maraqlanıblar.

Putinin böyük qızı Mariya Vorontsova 2024-cü ilin yanvarında bir neçə həmkarı ilə birlikdə üç patenti qeydə alıb. Məlumata görə, bunlar biotexnologiya sahəsində patentlər sayılır: “Adrenal vəzin anadangəlmə disfunksiyasının müalicəsi üçün vektorların birləşməsi”, “Adeno-assosiasiyalı virusa əsaslanan ekspressiya vektorları” və “Adeno-assosiasiyalı virusa əsaslanan ifadə vektorlarının toplusu”.

Maraqlıdır ki, onların hamısı eyni gündə, yanvarın 30-da qeydiyyata alınıb.

Patentin həmmüəllifləri Vorontsovanın dəfələrlə birgə tədqiqat apardığı həmkarlarıdır. Onların arasında Sakr Navar, Pavel Voloçkov, Olqa Qlazova və Lyudmila Şevtsovanın adı çəkilir. Bu insanlarla birlikdə Vorontsova 2023-cü ilin sonunda İsveçrənin “International Journal of Molecular Sciences” tibb jurnalında birgə elmi məqalə dərc etdirib. Bütün patentlər “Genetiçeskiye Texnologii” MMC şirkətində qeydiyyatdan keçib və indi o, Vorontsova və həmmüəlliflərə patentlərdən istifadə üçün pul ödəyəcək. Bu şirkətin üçdə ikisi SIBUR neft şirkətinin idarə heyətinin üzvü Aleksey Kozlova məxsusdur (onun səhmdarları Putinin dostlarıdır). 2023-cü ildə şirkətin gəliri 94 milyon rubl (təxminən 1 milyon 100 min ABŞ dolları) təşkil edib, xalis mənfəəti isə daha yüksək olub - 178 milyon rubl ( 1 milyon 912 min ABŞ dolları).

Şirkətin 2023-cü il üçün maliyyə hesabatlarında 2 milyon rubl xərclədiyi göstərilir.

Musavat.com

30.09.2024 16:25
1256