Rusiya Türkiyə ərazisində qaz habının yaradılması layihəsinin icrasına diqqəti artırır. Daha doğrusu, öz qazını satmağa bazar tapmayan Moskva Türkiyənin imkanlarından istifadə etməyəcəyi təqdirdə uduzacağını, nəhayət ki, başa düşdü.
Sentyabrın 4-də Soçidə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı ağırlayan Vladimir Putin bildirib ki, Rusiya və Türkiyə qaz habının yaradılması üçün hüquqi bazanı hazırlayacaq işçi qrup formalaşdıracaq. O qeyd edib ki, işçi qrup qaz habının fəaliyyətini tənzimləyəcək hüquqi bazanı hazırlayacaq.
Rusiya prezidentinin sözlərinə görə, artıq “Qazprom” layihənin reallaşması üçün yol xəritəsini “Botaş”a təqdim edib. İşçi qrup həmçinin hərracların sxemini, qazın paylanma mexanizmini hazırlayacaq.
Xatırladaq ki, Ukraynaya hücumundan sonra Avropa tərəfindən kəskin sanksiyalara məruz qoyulan Rusiya zəngin bir bazarı itirib: 2021-ci ildə Avropanın qaz təminatındakı 45 faizə yaxın payı indi 12 faizin altına düşüb. Gələn ildən isə bu göstəricinin daha aşağı olacağı təhlükəsi böyükdür: Ukrayna öz ərazisindən Rusiya qazının nəqlini tamamilə dayandıracaq.
Avropanın qaz bazarının tamamilə itirilmək təhlükəsinin yarandığını görən Vladimir Putin ötən ilin oktyabrında təşəbbüs qaldıraraq, Türkiyədə qaz habının yaradılmasını təklif etmişdi. Bu təklif Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan tərəfindən müsbət qarşılandı, layihələndirmə, icra istiqamətində real addımlar atılmağa başlandı.
Bu ilin aprelində Türkiyə parlamenti beynəlxalq qaz ticarəti mərkəzinin, qaz qovşağının fəaliyyəti üçün zəruri olan qanunvericiliyə dəyişiklik prosesinə başlayıb. Bu barədə Türkiyənin o vaxtkı enerji və təbii sərvətlər naziri Fatih Dönməz “CNN Türk” telekanalına müsahibəsində deyib: “Qaz qovşağı kontekstində ilk qanunvericilik qərarları parlamentdən keçib. Bu qərarlar sayəsində "Botaş" (Türkiyə neft-qaz şirkəti - red.) və digər şirkətlər daha sürətli və asan işləyə biləcəklər. Qaz ticarəti mərkəzinin açılması ilə qiymətlər də aşağı düşəcək ki, bu da Avropa üçün vacibdir. Türkiyə qazın istinad qiymətini müəyyən edən bazarlardan birinə çevriləcək".
Türkiyə Böyük Millət Məclisinin qanunvericiliyə etdiyi dəyişikliklə BOTAŞ-ın əsasnaməsində yeniliklər olunub. Şirkətin işi prezident sərəncamları ilə tənzimlənəcək, onun yeni qurumları yaradılacaq. Bundan əlavə, Türkiyədə özəl şirkətlərə də qaz idxal etmək icazəsi verilir. Lakin bu icazə maye qaz - LNG və spot boru qazına aid deyil.
Türkiyəli nazir qaz mərkəzinin bu ilin sonunadək işə salınacağını bildirib: “Şərqi və Cənub-Şərqi Avropada qaz ticarəti mərkəzi yoxdur. Bizim təmasda olduğumuz region ölkələri qaz mərkəzi layihəsini dəstəkləyirlər. Ümid edirəm ki, biz bir il ərzində mərkəzin fəaliyyətinə başlaya biləcəyik”.
Lakin növbəti mərhələdə aparılan müzakirələr dalana dirəndi. Rusiya mətbuatı bunu Türkiyənin habın yaradılması işlərinin maliyyələşməsində Rusiyanın da iştirakını istəməsi ilə əsaslandırdılar. Bu iddialarla bağlı hər hansı açıqlama verilməsə də, iyulda Afrika ölkələri nümayəndələri ilə görüşdə Putin Türkiyədə hab deyil, elektron ticarət platformasının yaradılmasını təklif etdiyini açıqladı. Eyni zamanda Rusiyanın iştirakı ilə İranda qaz habının yaradılması ideyası ətrafında müzakirələr başladıldı. Lakin bir ay sonra Rusiya yenidən Türkiyədə qaz habının yaradılması planına qayıtmalı oldu. Çünki Moskvanın Avropadakı ən yaxın tərəfdaşları olan Macarıstan və Serbiya da alternativ mənbələrdən qaz almaq üçün fəaliyyətlərini genişləndirirlər. Hər iki ölkə Azərbaycandan qaz alışına dair razılaşmalar əldə ediblər. Üstəlik, Ukrayna öz ərazisindən tranziti dayandırdıqdan sonra Rusiya qazını Avropaya yalnız Türkiyə üzərindən çatdıra biləcək.
Rusiyalı ekspertlərin hesablamalarına əsasən, 2027-ci ilədək Türkiyədəki qaz habından Avropaya ildə 35,75 milyard kubmetr mavi yanacaq ötürmək mümkün olacaq. Hazırda Türkiyəyə Qara dənizin dibindən “Türk axını” xəttinin iki borusu ilə 31,5 milyard kubmetr, “Mavi axın” xətti ilə 16 milyard kubmetr - cəmi 47,1 milyard kubmetr Rusiya qazının ötürülməsi imkanı var. 2022-ci ildə bu həcmin yalnız 33,2 milyard kubmetri reallaşıb. Əgər Türkiyə və Avropa ölkələrindən tələbat artarsa, ildə Rusiya bu xətlərlə Türkiyəyə əlavə olaraq 12,9 milyard kubmetr qaz ötürə bilər.
Türkiyənin həmçinin Tengiz-Ankara boru xətti ilə İrandan ildə 10 milyard kubmetr qaz almaq imkanı var.
Azərbaycandan isə Cənub Qaz Dəhlizi ilə ildə 25 milyard kubmetr qaz daxil ola bilər.
Beləliklə, hazırda Türkiyənin 3 ölkədən qaz cəlb etmək potensialı illik 82,5 milyard kubmetrdir. 2022-ci ildə ölkənin özünün boru qazı istehlakının 39,7 milyard kubmetr olduğunu nəzərə alsaq, Türkiyənin formalaşdırılmaqda olan qaz habı ilə Avropaya ildə 42,8 milyard kubmetr qaz ötürmək imkanı ola bilər. Cənub Qaz Dəhlizinə daxil olan TANAP-ın genişləndirilməsi və digər planlar reallaşarsa, bu həcmi 75 milyard kubmetrə çatdırmaq mümkündür.
Türkiyədən Avropaya qaz ötürən iki xətt var: “Türk axını”nın Balkana uzanan hissəsi ilə ildə 15,6 milyard kubmetr(2022-ci ildə 11,6 milyard kubmetr ötürülüb -red.), Cənub Qaz Dəhlizinin Avropa komponenti olan TAP-la isə ildə 12 milyard kubmetr qaz ötürmək imkanı var. Azərbaycan 2027-ci ilədək TAP-ın genişləndirilməsi planını icra edərsə, ötürücülük gücü ildə 20 milyard kubmetrə çatacaq. Beləliklə, 2027-ci ildə Türkiyə qaz habından Avropaya 35,75 milyard kubmetr qaz ötürmək imkanında olacaq.
Rusiya ekspertləri bildirirlər ki, Azərbaycan qazının ixrac qiymətini bp başda olmaqla, xarici şirkətlər konsorsiumu müəyyən etdiyinə görə, Türkiyə yalnız Rusiyadan aldığı qazı özünə sərf edən qiymətə əldə etmək və satmaq imkanında olacaq. Lakin rusiyalı ekspertlərin Türkiyəni bu məsələdə tamamilə Rusiyadan asılı tərəf kimi təqdim etmələrinə baxmayaraq, Ankaranın imkanları yalnız bu ölkə ilə bağlı deyil. Əvvəla, TANAP-ın ötürücülük gücünün ikiqat artırılması Türkiyəyə Azərbaycandan daha çox qaz almaq imkanı yaradacaq. Özü də bu qaz yalnız xarici konsorsiumların qazı olmayacaq. Belə ki, Azərbaycanın “Şahdəniz”dən əlavə də qaz yataqları var. Onlardan biri olan “Abşeron” yatağından ilk qazın hasilatına iyul ayında başlanıb. Bu yataqdan çıxarılan illik 1,5 milyard kubmetr qaz daxili tələbatın ödənməsinə yönəldilir, nəticədə, Azərbaycan həmin həcmdə qazı ixrac etmək imkanı əldə edir. Bundan əlavə, “Ümid” yatağından hasilat getdikcə artırılır. 2026-cı ilin sonunadək Azərbaycanda 1,8 QVt gücündə külək və günəş enerjisi istehsalı imkanı yaradılacaq. Bu isə 1 milyard kubmetr qazın elektrik enerjisi istehsalından ixraca yönəldilməsi potensialı deməkdir.
Azərbaycan həmçinin “Azəri-Çıraq-Günəşli” yatağının dərin qatlarından, “Babək” strukturundan da qaz hasilatını təmin edəcək.
Türkiyənin daha bir imkanı ölkənin özündə qaz hasilatına başlanması ilə yaranıb. Hələlik gündəlik 10 milyon kubmetr olan hasilatın sürətlə artırılması nəzərdə tutulur. Digər tərəfdən, Akkuyu Atom Elektrik Stansiyasından əldə edilən elektrik enerjisi sistemə daxil olduqdan sonra ölkənin daha çox qazı enerji istehsalından qaz habı vasitəsilə ixraca yönəltmək imkanı yaranacaq.
Nəhayət, Türkiyənin maye qaz terminallarının gücü imkan verəcək ki, daha çox maye qaz alaraq onu adi qaza çevirib Avropaya ötürsün. Avropanın Türkiyədən qaz alan cənubunda maye qaz terminalları yox dərəcəsindədir. Bu infrastrukturun qurulması illərlə vaxt və milyardlarla dollar investisiya qoyuluşu tələb edir. Cənubi Avropa ölkələrinin belə imkanları olmadığına görə onlar boru qazına möhtac durumdadır. Yaxın və ortamüddətli dövrdə Türkiyənin Şərqi Aralıq dənizindən hasil olunacaq qazın öz üzərindən Avropaya nəqlini təmin etmək imkanı da yarana bilər. Söhbət İsrail qazından gedir. Bu layihə ilə bağlı ilk danışıqlar 2015-ci ildən başlanıb. 2016-cı ildə iki ölkə Aralıq dənizinin dibi ilə Türkiyəyə boru xəttinin çəkilməsi barədə razılığa gəlib, hətta layihələndirmə işlərini həyata keçirmək üçün işçi qrup da yaradılıb. Lakin sonradan münasibətlərdə radikal soyuqlaşma baş verdiyinə görə layihə kənara qoyuldu. Bu qaz kəmərinin uzunluğu 500-550 kilometr, ötürücülük gücü 32 milyard kubmetr, dəyəri isə 1,5 milyard avro həcmində hesablanır.
Şərqi Aralıq dənizi qazının Avropaya nəqli üçün 2020-ci ildən icrasına başlanmasına çalışılan “EastMed pipeline” layihəsi Türkiyənin etirazları üzündən dalana dirənmiş vəziyyətdədir. Layihə İsrailin “Leviafan” və Kiprin “Afrodita” yataqlarından qazın İtaliyaya qədər çatdırılmasını nəzərdə tutur. Uzunluğu 1900 kilometr olan qaz kəməri layihəsinin ümumi dəyəri 7 milyard dollar hesablanır. Lakin əksər analitik mərkəzlər bu məbləğin 9 milyard dollara qədər artacağını gözləyirlər.
Hazırda Türkiyə ilə İsrail arasında münasibətlərin istiləşməsi gedir ki, bu da ölkələrin qaz ticarəti üçün əlverişli zəmin yaradır.
Türkiyədə qaz habının yaradılması Azərbaycan üçün də öz qazını rəqabətli qiymətlərlə satmaq imkanı təmin edə bilər.
Dünya SAKİT,
“Yeni Müsavat”