Əslində, Rusiya prezidenti Vladimir Putinin ABŞ-da çıxan nüfuzlu “Taym” (“Zaman”) jurnalı tərəfindən “İlin adamı” tituluna layiq görülməsi barədə xəbərdə həqiqət payı cəmi 11 faizdir.
Çünki Putinin adı “İlin adamı” tituluna namizədlərin qısa siyahısına salınıb. O siyahıda ondan başqa daha 8 adam var. Yəni Putin bu il o adı almaya bilər və böyük ehtimalla almayacaq. Bunun niyəsi barədə sonra yazarıq.
İndilikdə onu qeyd edək ki, siyahıda ümumilikdə doqquz namizəd var və bunlar aşağıdakılardır:
Çin lideri Si Jinping (üçüncü dəfə dövlət rəhbəri postuna seçildiyinə görə);
Britaniya kralı III Çarlz (2023-cü ilin mayında Böyük Britaniya taxtına çıxdığına görə);
“Barbi” kuklası (2023-cü ildə ən çox gəlir əldə edən filmin personajı olduğuna görə);
Müğənni Teylor Svift (2003-cü ildə rekord məbləğdə qazanc əldə etdiyinə görə);
OpenAI rəhbəri Sem Altman (İşdən çıxarılsa da, şirkətin baş direktoru vəzifəsinə qayıtdığına görə);
Cerom Pauel (Amerika Federal Ehtiyat Sisteminin (FRS) rəhbəri olaraq inflyasiya ilə mübarizə tədbirləri həyata keçirdiyinə görə);
Hollivudda il boyu iş şəraitinin və maaşlarının dəyişdirilməsini tələb edən tətil iştirakçıları;
ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı iddiaya rəhbərlik edən prokurorlar.
Qalib bu gün (6 dekabr) elan olunacaq və onun kim olacağı hələ bəlli deyil. Əslində bu, o qədər əhəmiyyətli bir hadisə deyil.
Qeyd edək ki, “Taym” jurnalı və onun oxucuları 1927-ci ildən “İlin adamı”nı seçirlər. Qalibin şəkli jurnalın dekabr sayının üz qabığında yer alır. Bu adı ilk alan amerikalı pilot Çarlz Lindberq olub. O, Atlantik okeanını tək uçub keçib.
“Taym” tərəfindən “İlin adamı” seçilənlər arasında olduqca odioz, ziddiyyətli despotlar da olub. Ona görə də qeyd olunur ki, jurnal tərəfindən “İlin adamı” seçilmək, nə şərəf, nə də təsdiq əlaməti deyil. Bu, heç populyarlığın tanınması anlamına da gəlmir.
“İlin adamı” nominasiyasının mövcud olduğu müxtəlif dövrlərdə bu ada Franklin Ruzvelt (1932, 1934, 1941), Adolf Hitler (1938), İosif Stalin (1939, 1942), II Yelizaveta (1952) layiq görülüb. Nikita Xruşşov (1957), Martin Lüter Kinq (1963), Yuri Andropov və Ronald Reyqan (1983), Mixail Qorbaçov (1987, 1989), Corc Buş-ata (1990), II Con Pol (1994), Vladimir Putin (2007) və başqaları da öz dövrlərində “İlin adamı” olublar.
Hazırda Putinin bu titula namizəd göstərilməsinin Kreml propoqondistləri tərəfindən tirajlanması göstərir ki, onlar bu məsələyə Putinin öz liderliyini dünya miqyasında qəbul etdirməsinin təsdiqi kimi yanaşırlar.
“Taym” jurnalı isə yazıb ki, Vladimir Putin 2023-cü ildə öz mövqelərini gücləndirib və təsir imkanlarını artırıb.
Əslində bu, mübahisəli fikirdir. Elə bu günlərdə yayılan xəbərə görə, Rusiya lideri gələn ilin sentyabrında G-20 təşkilatının Braziliyada keçiriləcək sammitinə dəvət olunacaq, amma onun Braziliyada həbs olunub-olunmayacağına president Luiz İnasio Lula da Silva belə təminat verə bilmir.
Bu da o deməkdir ki, Putin Braziliyada keçirilən sammitdə iştirak edə bilməyəcək. Çünki Beynəlxalq Cinayət Məhkəməsi onun haqqında həbs orderi verib və Roma Statuna qoşulan hər bir dövlət kimi Braziliya da borcludur ki, RF prezidenti ölkə ərazisinə daxil olduğu təqdirdə onu həbs etsin.
Bu səbəbdən artıq iki ildir ki, Putin “ölkə dustağı”na çevrilib və beynəlxaq sammitlərdə iştirak etmək, rəsmi səfərlərə getmək üçün Rusiyadan çıxa bilmir. Bir neçə ay öncə Putin CAR-da keçirilən TRİKS təşkilatının sammitinə də qatıla bilmədi. Halbuki Rusiya bu təşkilatı təsis edənlərdən biridir.
Təsəvvür edin, dünənə qədər özünü Rusiyanın federal subyektlərindən biri kimi aparan Ermənistan belə Roma Statutuna qoşulduğu üçün Putinin bu ölkədə həbs edilə biləcəyini bəyan edib. Düzdür, sonradan Ermənistan rəhbərliyi bunun necə bir təhqiramiz açıqlama olduğunu anlayaraq, sözlərini dəbbələdilər və belə qələmə verdilər ki, guya Roma Statutuna sırf Azərbaycandan olan canilərin həbs edilməsi üçün qoşulublar, amma Kreml buna inanmadı və üzrxahlığa oxşayan açıqlamanı ciddi qəbul etmədi.
Belə olandan sonra Vladimir Putinin 2023-cü ildə öz mövqelərini gücləndirməsindən və təsir imkanlarını artırmasından necə danışmaq olar?
Əksinə, o mövqelər xeyli zəifləyib və təsir imkanları xeyli daralıb. İndi Rusiyaya qarşı çıxmayan yalnız bəzi qonşuları, bir də ABŞ-la müəyyən intriqası, çəkişməsi olan, ona boyun əymək istəməyən və onun hansısa dövləti təkləyib çökdürmək siyasətinə dəstək vermək istəməyən ölkələrdir.
Ona görə də “Taym” bu gün Putini “İlin adamı” seçsə, əmin olun ki, bunun alt qatında nəsə bir səbəb, xüsusi bir niyyət var.
Araz Altaylı, Musavat.com