Rusiyanın gözlənilmədən 30 saatlıq “Pasxa atəşkəsi” elan etməsi dünya mətbuatının gündəmindədir.
Musavat.com xəbər verir ki, əksər beynəlxaql KİV bu addımı Putinin ABŞ-ın yeni prezident administrasiyası ilə gərginliyi azaltmaq və Donald Trampla potensial tərəfdaşlığa zərər verməmək istəyi ilə izah edir.
Britaniyanın Sky News nəşrinin Moskva müxbiri Ayvor Bennet yazdığına görə, 30 saatlıq atəşkəs Ukrayna və ABŞ-ın hələ martın əvvəlində təklif etdiyi 30 günlük atəşkəslə eyni deyil. Amma Kremlin diplomatik oyununda bunun hələ də böyük əhəmiyyəti var: "Bu, Donald Trampın iki ay əvvəl sülh danışıqlarına başlamasından sonra Moskvanın ilk real güzəştidir".
O xatırladıb ki, bir müddət əvvəl Kreml həm cəbhədə atəşkəs, həm də dənizdə daha məhdud atəşkəs təklifini rədd edərək, hər iki təşəbbüsü özünün qeyri-adekvat ilkin şərtlərində batırıb. Və Moskvanın bu barışmazlığı Vaşinqtonda hakimiyyəti açıq şəkildə qıcıqlandırmağa başlayıb.
Ağ Evdən gələn son güclü narazılıq siqnalı dünən ABŞ-ın Ukrayna üzrə danışıqlar prosesindən mümkün çıxması ilə bağlı açıqlama oldu. Ertəsi gün Moskvanın özü qəfildən atəşkəs təklifi ilə çıxış etdi. Bennett hesab edir ki, Putin Trampın danışıqları tərk etməsində risk görüb.
Britaniya ordusunun istefada olan polkovniki və hərbi analitik Riçard Kempin The Telegraph-da yazdığına görə, Putinin qəfil addımı dünən ABŞ-ın danışıqlardan çıxacağına dair açıqlamasına görə atılıb: "Putin indiyə qədər Trampla sərt oynayıb, lakin indi anlaya bilər ki, vaxt daralır. Hazırda cəbhədə Rusiyanın üstünlüyü olsa da, Putin bu müharibənin ən azı indilik bitməsini istəyir".
Britaniyalı analitikin fikrincə, Putin həqiqətən də başa düşür ki, Rusiya iqtisadi vəziyyəti sabitləşdirmək üçün müharibədə fasiləyə ehtiyac duyur. Və belə görünür ki, Rusiya ABŞ prezidentinin sülh təşəbbüslərini daim sabotaj etməkdə həddi aşarsa, Putin əslində Trampın reaksiyasından qorxur.
Kamp hesab edir ki, Kreml qəfil atəşkəs elan etməklə Trampı sakitləşdirməyə çalışır və ona danışıqlarda hansısa qələbəni elan etmək imkanı verir: “Kremlin Ukraynanın “təxribatlarına” hazır olduğunu vurğulaması onun Zelenskinin sülhə ciddi yanaşmadığını bəyan etmək və topu Kiyevin meydançasına qaytarmaq üçün müəyyən insidentlər yaratmaq və ya uydurmaq niyyətindən xəbər verir”.
Musavat.com