Putini Monqolustana aparan səbəb – böyük çöküş qorxusu

Sentyabrın 3-də Rusiya prezidenti Vladimir Putinin Monqolustana səfəri gözlənilir. Kreml tərəfindən rəsmən təsdiqlənən bu səfər indidən beynəlxalq qalmaqala səbəb olub. Səfərə ilk reaksiya Kiyevdən gəlib. Ukrayna prezidenti Volodomir Zelenski Monqolustana Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Putin barəsində həbs qərarı verdiyini xatırladıb. BCM də eyni mövqedən çıxış edib və Ulan-Batoru Putinin səfərinə razılıq verməməyə çağırıb. BCM-nin sözçüsü doktor Fadi Əl-Abdallah BBC-yə deyib ki, məhkəmənin üzvü olan dövlətlər “Roma Statusunun IX Fəslinə uyğun olaraq əməkdaşlıq etməyə borcludurlar”.
Sözçü onu da bildirib ki, Roma statusunu imzalayan dövlətlər tərəfindən “əməkdaşlıq etməmə” halları ətraflı araşdırılacaq, bundan sonra bütün iştirakçı ölkələrdən ibarət Assambleya öhdəlikləri pozan tərəfə qarşı “zəruri hesab etdiyi tədbirlər görəcək”.
Kremldə isə Putinin Monqolustanda sürprizlərlə qarşılaşacağına inanmırlar. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin sualını cavablandırarkən deyib:“Bizim Monqolustandan olan tərəfdaşlarımızla əla münasibətlərimiz var. Və əlbəttə ki, prezidentin səfərinin bütün aspektləri diqqətlə hazırlanıb”.

Qeyd edək ki, Putinin Ulan-Batora səfəri Rusiya liderinin 2023-cü ilin martında barəsində həbs qərarı çıxarmasından sonra BCM-nin yurisdiksiyasını qəbul edən bir ölkəyə ilk ziyarəti olacaq. Qərb dövlətləri çəkinir ki, Putin bu səfərlə ona qarşı tətbiq olunmuş beynəlxalq sanksiyaları tədricən dələ bilər. Bu səbəbdən də Monqolustanın səfər öncəsi ciddi beynəlxalq təzyiqlərlə üzləşəcəyi istisna deyil. Nəzərə alsaq ki, Monqolustan demokratik dəyərləri mənimsəmiş ölkədir və Qərb dünyası ilə inteqrasiyaya ciddi əhəmiyyət verir, o zaman sual yaranır: Monqolustan Putini qəbul etməklə niyə Qərb dünyasını qarşısına almaqdan çəkinmir? Ən əsası, ölkəsinin müharibələrlə sınağa çəkildiyi bir zamanda Putin niyə Monqolustana gedir? Beynəlxalq təzyiqlər nəticəsində Ulan-Bator Putini göz altına ala bilərmi?

Tərtər hadisələrinin bənzər forması Naxçıvanda keçirilib" - Heydər Oğuz  inanılmaz DETALLAR açıqladı - VİDEO

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a bildirib ki, Monqolustanın belə bir addım atmaq ehtimalı yoxdur. O qeyd edib ki, geniş ərazilərə sahib olmsına baxmayaraq, Monqolustan yalnız iki dövlətlə həmsərhəddir: “Bunlardan biri Rusiya, digəri isə Çindir. Monqolustan həm də dənizə çıxışı olmayan ölkələrdəndir. Bütün bu xüsusiyyətlər Monqolustanı Putin üçün ən təhlükəsiz dövlət halına gətirir. Çünki o, Monqolustanda həbs olunarsa, mütləq ya Rusiya, ya da Çin üzərindən keçirilərək BCM-nin müstəntiqlərinə təhvil verilməlidir. Rusiya ilə məsələ bəllidir. Çin də buna icazə verməz. Deməli, Putinin monqollardan qorxması üçün heç bir əsas yoxdur.

Üstəlik, Putinin Monqolustana səfərində hər hansı hərbi əməkdaşlıq əlaqələrini qurmaq ehtimalı yoxdur. Əvvəla, ona görə ki, Monqolustanın belə bir gücü yoxdur. Onun cəmi 10 min nəfərlik aktiv hərbi qüdrəti var. Demək olar ki, heç bir hücum təyyarəsi mövcud deyil. Hərbi büdcəsi isə cəmi 70 milyon dollar civarındadır. İkincisi, cəmi milyon insan yaşayan ölkənin insan resursları da çox zəifdir. Deməli, Putinin Monqolustana səfəri onun hərbi əməkdaşlıq imkanlarından yararlanmaq ola bilməz.

Rusiya iqtisadi cəhətdən də elə güclü deyil ki, Monqolustanın təbii sərvətlərinin istismarında rol oynasın. Zəngin nadir torpaq nümunələrinə və metallurgiya potensialın malik olan Monqolustanda o cür məsələlər Çinin nəzarətindədir və Pekin Rusiyaya bu imkanı verməz”.

Heydər Oğuzun fikrincə, Putinin Monqolustana səfərinin yalnız bir məqsədi ola bilər: “O da bu ölkədən keçməsi planlaşdırılan “Sibir gücü” qaz kəmərlərinin taleyi. Məlum olduğu kimi, Putinin Bakıya səfəri ərəfəsində Rusiyaya ən ciddi zərbə Monqolustandan gəldi. Avqustun 19-da Ulan-Batorun Rusiyadan Çinə çəkiləcək “Sibirin Gücü 2” qaz kəmərinin tikintisi təxirə saldığı açıqlandı. Bəlli oldu ki, Monqolustan “Qazprom”un bu layihəsini yaxın illər üçün hazırlanan milli inkişaf planına daxil etməyib. Çinin “The South China Morning Post” nəşrinin məlumatına görə, Monqolustanın bu qərarından sonra ən azı bir neçə il ərzində sözügedən layihənin tikintisini davam etdirmək mümkün olmayacaq.

Monqolustanın Təhlükəsizlik Şurasının keçmiş üzvü Munkhnar Bayarlhavgi mediaya verdiyi açıqlamada bu faktı təsdiqləyərək məsuliyyəti Çinin üstünə atdı: “Biz uzun fasiləyə giririk, çünki Moskva artıq Pekinlə istədiyi razılaşmaya nail ola biləcəyinə inanmır və çox güman ki, layihəni daha yaxşı vaxtlara qədər təxirə salacaq". Onun iddiasına görə, Çin Rusiyadan qazı daxili bazar qiymətinə, hardasa indikindən 4 dəfə ucuz almaq istəyir. Rusiya isə bu qiymətə qaz satmaq istəmir. Ardınca Şanxay Sosial Elmlər Akademiyasının Rusiya və Mərkəzi Asiya üzrə eksperti Li Lifan “The South China Morning Post” qəzetinə müsahibəsində məsələnin əsl səbəbinə belə aydınlıq gətirdi: “Monqolustan Çin və Rusiyadan sərmayə almağa ümid edir, amma Rusiyanın ona verməyə heç bir pulu yoxdur. Çin isə boru kəmərini çəkməyə tələsmir”.

Maraqlıdır ki, bundan əvvəl Britaniyanın “The Financial Times” nəşri bənzər məlumatlar yaymışdı. Nəşrin iddiasına görə, Rusiyanın Çinlə “Sibirin Gücü 2” qaz kəmərinin tikintisinə dair saziş bağlamaq cəhdləri qiymət siyasətində və Pekinin Moskvadan almaq niyyətində olduğu qazın miqdarında fikir ayrılıqları səbəbindən dalana dirənib.

Nəşrin həmsöhbətlərinin qeyd etdiyi kimi, Çin dövlətin subsidiyaları sayəsində müəyyən səviyyədə saxlansa da, “Sibirin gücü” – 2 vasitəsilə tədarük olunan qazı Rusiya Federasiyasında daxili yanacaq qiymətlərinə yaxın qiymətə ödəməyə hazırdır. Bundan əlavə, Pekin qaz kəmərinin tutumunun tədarük üçün nəzərdə tutulduğu yanacağın həcminin yalnız kiçik bir hissəsini almaq istəyir. Bir sözlə, Rusiyaya gözləmədiyi zərbə ən çox etibar etdiyi Asiyadan gəlmişdi. Üstəlik, bu elə bir zamanda baş vermişdi ki, Ukrayna Rusiyadan Avropaya uzanan qaz kəmərlərindən birinin keçdiyi Sudjanı ələ keçirmiş və gələn ilin ilk günlərində nəqli dayandıracağını açıqlamışdı. Belə bir vəziyyətdə nə Qərbə, nə də Şərqə enerji sata bilməyəcək Rusiya prezidenti çarəni keçmiş müttəfiqləri ilə görüşərək çözmək durumundadır. Əks halda, gələn ildən etibarən Rusiya tarixinin ən ağır iqtisadi böhranı ilə üzləşə bilər. Bu isə təkcə Ukrayna cəbhəsində böyük problemlərlə üzləşmək deyil, həm də ümumiyyətlə bir dövlət kimi çökmək mənasına gəlir. Zənnimcə, Putini Monqolustana səfər etməyə məcbur edən də bu amildir. Amma onun səfər çərçivəsində nəyəsə nail olacağı inandırıcı görünmür”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

31.08.2024 11:15
1166