Kursk vilayətinə genişmiqyaslı hücumdan bir neçə saat sonra Rusiya prezidenti Təhlükəsizlik Şurasının(TŞ) üç üzvünü kabinetinə çağırmışdı. Biri keçmiş müdafiə naziri, indiki TŞ katibi, o biri “çiçəyi burnunda olan” iqtisadçı-müdafə naziri Belausov və Federal Təhlükəsizlik Xidmətinin rəisi Bortnikov. Mərizəçi-Baş Qərargah rəisi Gerasimov toplantıya videoformatda qatılmışdı, aydındır ki, Moskvada deyildi, haradasa Kursk tərəfdə oturmuşdu.
Putini son illər ekranda belə sifətdə gördüyümü xatırlamıram. Məsələn, Priqojinin qiyamında Putin əsəbi və qəzəbli idi. İndi isə pərt və məyus... Gerasimovun dedikləri əlbəttə efir üçün idi, Kurskdakı real vəziyyət Putinin sifətində “yazılmışdı”...
Şoyqunun vəzifədən uzaqlaşdırılmasından sonra Müdafiə Nazirliyindəki həbslər müharibə edən orduda ciddi boşluqlar olduğunu göstərdi. Sərhədi Federal Təhlükəsizlik Xidməti qoruyur, əgər bir neçə kilometr aralıda Ukraynanın çoxlu sayda texnika və canlı qüvvə topladığlnı kəşfiyyat da görə bilmirsə, demək, bu strukturda da ciddi problemlər var.
Putinin hakimiyyətdə olduğu 2000-ci ildən bəri Rusiyada təbii fəlakətdən tutmuş, terror aktlarına qədər görmədiyi ağır hadisə yoxdur, amma bu, bir ilkdir. İlk dəfədir ki, Putinin Ali Baş Komandan olduğu ölkənin sərhədlərini başqa bir dövlət tanka-topla keçib ərazi tutublar. Həm də Rusiya üçün strateji bir vilayətdə. Kursk AES-i yada salmaq kifayətdir. Kursk AES Rusiya enerji sisteminin ən mühüm obyektlərindən biridir. Artıq 50 ilə yaxındır ki, stansiya əksər sənaye müəssisələrini enerji ilə təmin edir. AES Kursk şəhərindən 40 km qərbdə, Ukraynanın Sumı vilayəti ilə sərhəddən təxminən 100 km aralıda yerləşir. Kursk AES Rusiyanın vahid enerji sistemində ən mühüm müəssisələrdən biridir. AES-lə bağlı dəqiqləşmiş heç bir xəbər yoxdur. Ukraynanın oradək irəliləməsi real görünmür.
Ukrayna Silahlı Qüvvələri sərhədlərindən 6 kilometr məsafədə yerləşən Sudja şəhərinin böyük hissəsini nəzarətə aldığı deyilir. Bura təxminən 6 minə yaxın əhalinin yaşadığı şəhərdir. Sudja şəhəri iki yerə bölən Sudja və Oleşnya çaylarının üzərində yerləşir. Sudja çayı adını tatarlardan alıb. Tatar dilindən su aydındır, “ca” isə “torpaq” və ya “kirli torpaq” kimi tərcümə olunur.
Son xəbərlərə görə, Rusiya hərbçiləri Ukrayna ordu bölmələrinin hücumlarını dayandıra bilib, amma bu şəhərin əhalisi əsasən, daha təhlükəsiz ərazilərə köçürülüb.
Rusiyadan Avropaya gedən qaz kəməri Sudjadan keçir. və Ukrayna Silahlı Qüvvələri Sudja GIS-ni ələ keçirib. Burada “Qazprom” qazı Ukraynanın qaz nəqli sisteminə ötürür. Sudja marşrutu Rusiya ilə Avropanı birləşdirən beş qaz kəmərindən yeganə işlək olanıdır, sanksiyalar səbəbindən indi cəmi 5 faiz qaz ixrac edilir, amma bu, gündəlik bir neçə milyard rubl deməkdir.
Bunlar yəqin ki, indi Putinin vecinə deyil, gözünə görünmür. Onu indi ən çox düşündürən şübhəsiz, qarşı tərəfə, düşmənə bu cür boşluğun necə verilməsidir. Nədir bu, Putin hakimiyyətinə sabotaj, inamsızlıq? Prezident özü Nazirlər Kabinetinin üzvləri ilə görüşdə bunu “genişmiqyaslı təxribat” adlandırıb. Kimin təxribatı? Bir dövlətin ərazisinə toplu-tüfəngli hücumun bir adı var-müharibə, ərazi təcavüzü…
Ola bilsin, Putin baş verənləri belə “aşağı səviyyədə” qiymətləndirməklə Ukraynanın son iki ildən bəri ən ciddi hərbi uğurunu kiçiltmək istəyir. Ukraynanın Kurska hücumla nəyə nail olmağa çalışdığı aydındır. Zelenski hakimiyyəti qarşıdakı danışıqlarda Ukraynanın mövqeyini gücləndirməyi hədəfləyir. Kursk bölgəsinə hücum Ukrayna və Qərbdəki pessimist əhval-ruhiyyəni dəyişmək üçün də fürsət oldu. Nəticəsi bundan sonra nə olursa-olsun (“İslanmışın yağışdan nə qorxusu?”) Ukrayna Kursk zərbəsində uduşdadır. Orada möhkəmlənə bilməsələr belə, Rusiya dərsini aldı.
Rusiyanın Ukraynanın 4 vilayəti qoparmaq istəyinin qarşısında Sudja “dənizdə bir damladır”. Amma qarşındakı iddialı Putindirsə, onun üçün o “bir damla” Rusiyanın özü ağırlığındadır. Putini zəif yerindən vurdular, Rusiyanın ərazisində yad ölkənin, hətta düşmən ölkənin zabiti dayanıbsa, bu onun kimi Ali Baş Komandan üçün ağır zərbə, ağrılı sınaqdır. Ona görə indi əsas sual “Ukrayna nə edəcək” deyil, “Putin nə cavab verəcək” üzərində fokluslanıb.
Ola bilsin, Putin Kiyevdəki NATO generallarının da hazırlamasında iştirak etdiyi hücumla Qərbin ona təklif etdiyi oyun qaydalarla oynamaqdan imtina edir. Çünki Rusiyanın “Müdafiə haqqında” qanunun 18-ci maddəsi “müharibə vəziyyəti” adlanır və Kurskda baş verənlər bütün əlaməti ilə müharibə vəziyyəti elan etməyi tələb edir. Putin isə gözləmə mövqeyindədir. Bəlkə də hələ də bu hücumun şokundadır...
Nazim SABİROĞLU,
Musavat.com