Putinə iki milyard dollarlıq rəsm kolleksiyası miras qalıb

Srağagün vəfat edən sənətşünas Nina Moleva prezident Putinə milyardlarla dollar dəyərində rəsm kolleksiyası vəsiyyət edib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yazıçılar Birliyinin və Rəssamlar İttifaqının üzvü, tarix elmləri doktoru, sənətşünaslıq namizədi Nina Moleva fevralın 11-də dünyasını dəyişib.

Onun həyat yoldaşı, avanqard rəssam Eliya Belyutinin vəfatından sonra klassik sənətkarların əsərləri, o cümlədən 200-ə yaxın rəsm kolleksiyası ona miras qalıbmış. Bu əsərlərin arasında Mikelancelo, Rubens, Leonardo da Vinçi, Titian, Donatello, El Qreco, Rembrandt, Velaskes kimi məşhər rəssamların eskizləri və hazır işləri var.

Fransanın Hotel Drouot hərrac evinin mütəxəssisləri kolleksiyanın başlanğıc qiymətini 400 milyon dollar qiymətləndiriblər. Ən geniş yayılmış məlumata görə, kolleksiyanın qiyməti iki milyard dollara çata bilər.

Lakin 20-ci əsr boyunca kolleksiya elmi araşdırmalar üçün əlçatmaz olduğu üçün rəsmlərin həqiqiliyini müəyyən etmək mümkün olmayıb. 2019-cu ildə Tretyakov qalereyasının rəssamlıq şöbəsinin müdiri Larisa Kaşuk öz Facebook səhifəsində qeyd edib ki, bir çox əsərlər kolleksiyadan muzeylərdə nümayiş etdirilir. Bundan əlavə, o, Belyutin və Molevanın mənzilinin fiziki olaraq bu qədər rəsm saxlamaq üçün kifayət qədər yerə sahib olacağına şübhə edib.

2013-cü ildə Moleva kolleksiyanı Rusiyanın qanuni nümayəndəsi kimi prezident Vladimir Putinə vəsiyyət edib.

Musavat.com

 

14.02.2024 11:40
1681