ABŞ-ın Kolorado ştatının Ali Məhkəməsi Donald Trampı prezidentliyə namizəd kimi diskvalifikasiya edib və onun adının ştat seçki bülleteninə salınmasını yasaqlayıb. Məhkəmə qərarını 2021-ci il yanvarın 6-da, Tramp tərəfdarlarının Konqres binasına soxularaq orada iğtişaşlar törətməsi ilə əsaslandırıb. Məhkəmə həmin hadisələrdə birbaşa Trampın əli olduğuna qərar verib.
Bundan öncə Kolorado məhkəməsinə bir qrup seçici tərəfindən Trampa qarşı şikayət verilib. Onlara görə, ABŞ-a xidmətlə bağlı sədaqət andı içmiş şəxs seçilmək hüququna malik deyil və Birləşmiş Ştatlara qarşı üsyan və ya qiyamda iştirak edibsə, federal və ya əyalət dövlət vəzifəsini tuta bilməz.
Kolorado ştatının aşağı məhkəməsi öncə etirazı rədd edib. Aşağı məhkəmənin qərarında göstərilib ki, sözügedən qadağa ABŞ prezidenti üçün nəzərdə tutulmayıb. Lakin ştatın Ali Məhkəməsi Konstitusiyanın bu şərhi ilə razılaşmayıb. O, Donald Trampın qiyamda əli olduğunu və konstitusiya qadağasının potensial prezidentliyə namizədlərə də şamil edildiyi qənaətinə gəlib.
“Prezident Tramp hakimiyyətin dinc yolla ötürülməsini pozmağa yönəlmiş zorakılıq və qanunsuz hərəkətləri təhrik və təşviq edib”, - deyə məhkəmənin qərarında deyilir.
Məhkəmə qərarı sensasion olub, çünki indiyədək iki ştatda Donald Trampı diskvalifikasiya etmək cəhdləri yerli məhkəmələr tərəfindən prosessual əsaslarla rədd edilib. Kolorado Ali Məhkəməsinin qərarı ölkənin Ali Məhkəməsi tərəfindən ləğv edilməsə, Trampın digər ştatlardakı rəqibləri onun adının səsvermə bülletenində yer almasına mane olmaq imkanı əldə edəcəklər. Donald Trampa qarşı oxşar iddiaya Miçiqan Ali Məhkəməsi də baxır.
Putinin dostunun bu minvalla noyabr seçkisində iştirakı bloklana bilərmi? Ümumiyyətlə, Ağ Evdə növbəti 4 ildə kimin oturması Azərbaycana sərfdir - Baydenin, yoxsa Trampın?
Elşən Mustafayev
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Trampın şanslarını çox görür: “Bu səbəbdən müxtəlif vasitələrlə onu seçkidən kənarlaşdırmaq üçün yollar axtarırlar. Kolorada ştatının məhkəməsinin verdiyi qərar əslində Trampın Respublikaçılar Partiyasının namizədi olma şanslarını artıra bilər. Çünki veriləcək şikayət əsasında bu qərar ləğv də oluna bilər, şikayət olunmadan Ali Məhkəmə özü də bu qərarın icrasını dayandıra bilər. Amma ən azı son 100 ildə belə bir hadisə olmadığından ABŞ seçiciləri bunu demokratik dəyərlərə sığmayan hadisə kimi qəbul edib, bir namizədi sıradan çıxarıb, digər namizədə yol açmaq kimi dəyərləndirirlər. Bu hal isə Trampın namizədliyi olacağı halda hətta pespublikaçılara səs verməkdə tərəddüd edən secicilərin də etiraz olaraq səs verəcəklərinə gətirib çıxara bilər. Hazırda böyük vəkillər ordusu bu məsələ üzərində ciddi iş aparır, eyni zamanda Senatda, Konqresdə gərginliklər başlayıb, sosial şəbəkələrdə, tv, qəzet və saytlarda, ən əsası canlı olaraq əhali arasında Trampa qarşı ədalətsiz qərarın verilməsi müzakirələrə səbəb olub. Bu isə dediyim kimi demokratların səslərinə ciddi təsir edəcək əsas faktorlardan biridir. Hazırkı prezident Baydenin yenidən namizəd olacağı halda isə bu səslərin daha da aşağı düşəcəyini proqnozlaşdırırlar. Respublikaçılar partiyasının içində bu ilkin seçkini qazanmaq üçün Trampdan əlavə daha 3 namizəd var və onlar da bu hadisəyə etirazlarını bildiriblər. Amma məsələ ondadır ki, bu qərardan sonra partiya daxilindəki seçkilərdə də seçicilərin səslərinin çoxunun Trampa gedəcəyini söyləyənlər var. Hətta bülletenində Trampın adı olmasa belə ilkin seçkidə seçici əli ilə istədiyi adamın adını ora yaza bilər və normaldır. Düşünürəm ki, Trampın bu məsələdə qarşısına çıxan əngəlləri aşma şansları var. Respublikaçılar partiyasının rəhbərliyi də var gücü ilə bu məsələnin üzərinə gedəcək. Çünki artıq məlum oldu ki, məhkəmə qərarından sonra ölkədə müzakirə olunan 1 nömrəli mövzu budur və Trampı haqsızlığa məruz qalan namizəd kimi dəyərləndirib etirazlar edirlər. Yəni hadisədən öncəki dövrlə müqayisədə Trampın reytinqində ciddi artım müşahidə olunmaqdadır. Respublikaçıların hakimiyyətə gəlməsinə çalışanlar isə bu şansı əldən verməməyə çalışacaqlar. Hazırda elə kampaniya başlanılması gözlənilir ki, digər məhkəmələr də bunu presedent olaraq qəbul edib anoloji qərarlar verməsinlər. O səbəbdən hesab edirəm ki, Respublikaçılar partiyası məhkəmə qərarını ləğv etdirməyi bacarıb, digər belə qərarların verilməsinin qarşısını alacaqlarsa, Trampın növbəti ABŞ prezidenti olması şansları böyükdür. Baydendən fərqli olaraq Trampın 2020-də prezidentliyin son ilində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinə göstərdiyi ədalətli münasibəti də unutmaq olmaz. Bəziləri Trampı Rusiyaya loyal münasibətdə olan və hətta Putinə simpatiyası olan kimi dəyərləndirirlər. Bu bir aldadıcı görüntü idi və əslində tam əksinədir. Tramp heç bir halda Ukraynadakı müharibəni körükləyib bugünkü işğal üçün Rusiyanın əlinə səbəb vermədi, digər variantlarla zəiflətməyə çalışırdı, buna da nail olma ərəfəsində idi və s. Yəni Rusiya yanılmışdı”.
Azər Hüseynov
AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Trampı çox da qəhrəman etməyin tərəfdarı deyil: “Tramp milyarderdir. Dünya maliyyə sisteminin tərkib hissəsidir, kapitalistdir. Öz hakimiyyəti dövründə dünyanı böhrana salan çox addımlar atdı. Ona görə Tramp Amerika siyasi sisteminin azad mübarizə məkanı olduğunu göstərməlidir. Amma lap tutaq ki, Tramp antiqobalistdir. 1913-cü ilə qədərki, öz qitəsində qalan bir Amerika istəyir. Bu seçkidə Tramp qalib ola bilməsə də, ona bənzər biri nə zamansa hakimiyyətə gələ bilər. Putinə gəldikdə isə onun Amerika siyasətinə daha təsirli təsir mexanizmləri var. Bu da Amerikanın öz xarici siyasəti ilə dalana girməsidir. Yaxın Şərq, Fələstin, Ukrayna və s.
Ona görə Azərbaycan ağıllı edir. Dedi ki, Amerikaya öz ərazimi regionun heç bir ölkəsinə qarşı sənə poliqon etmərəm. Azərbaycan çox gözəl bilir və görür ki, bəzi aktorların imkanları çox şişirdilir. Ona görə region oyunçuları əsasdır. Kimdir bunlar? Türkiyə qardaş olaraq, Rusiya, İran qonşu olaraq, Gürcüstan bizə ehtiyacı olan tərəfdaş olaraq. Ermənistan da özünü gərək yaxşı aparsın. Azərbaycana və Türkiyəyə qulaq assın. “Bizim üçün Baydenmi, Trampmı” sualına gəlincə, sadəcə bizə hörmət edəcək, işimizə qarışmayacaq, perspektiv “işğalçı” saymayacaq istənilən biri qalib gəlsin".
Kənan Novruzov
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Trampın radikal siyasətçi olmadığını söylədi: “Trampın qalib gəlməsi istisna deyil. Onun daxildə kifayət qədər tərəfdarı var. Üstəgəl, hazırkı ölkə lideri Cozef Baydenin xarici siyasətindəki bəzi uğursuzluqlar, habelə radikal addımlar mövcud iqtidara qarşı narazılıqları artırır. Əlbəttə, Baydenin reytinqinin azalmasında onun yaşının, tez-tez yıxılmasının, çıxışları zamanı çaşmasının, unutqanlığının da müəyyən rolu var. Tamamilə sürpriz bir şəxsin seçkilərdə qalib gəlməsi də mümkündür. Ümumiyyətlə, seçkilərin nəticəsi təkcə seçki kampaniyasından yox, həm də bundan sonra ”böyük şahmat taxtasında" baş verənlərdən asılıdır. Ukraynada və Yaxın Şərqdəki müharibənin gedişi, həmçinin Rusiya və Türkiyə ilə münasibətlərin hansı templə inkişaf etməsi seçkilərin nəticəsinə təsir edə bilər.
Tramp Baydendən fərqli olaraq radikal siyasətçi deyil. O, əvvəllər bir neçə dəfə deyib ki, hakimiyyətə gəlsə, Ukraynadakı müharibəni bir sutkaya bitirə bilər. Əlbəttə, bu, hər şeydən əvvəl manipulyasiya cəhdidir. Tramp bununla xal yığmaq istəyir. Ancaq nəzərə almaq lazımdır ki, Rusiya Prezidenti Vladimir Putinlə Tramp arasındakı münasibətlər daha yaxşı idi, nəinki Putin-Bayden münasibətləri. Tramp hakimiyyətə gəlsə, məsələn, Ukraynaya dəstəyi birdəfəlik dayandırmaqla müharibəni bitirə bilər. Amma Respublikaçı liderin Kiyevin xeyrinə addım atacağını düşünmürəm.
907-ci düzəlişə gəldikdə isə bu qərarın ləğv olunmasını gözləmirəm".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”