Rusiya prezidenti Vladimir Putin Ankaraya səfər edərsə, təyyarəsinin rus qırıcıları tərəfindən müşayiət olunmasını tələb edib.
Musavat.com xəbər verir ki, bu məlumatı Türkiyədəki mənbələrə istinadən “Middle East Eye” yayıb.
Adı açıqlanmayan mənbələr bildiriblər ki, 2020-ci ildən Türkiyəyə səfər etməyən Rusiya prezidenti səfərin təşkili üçün qeyri-adi tələb irəli sürüb - Ankaraya uçuş zamanı onun təyyarəsinin Rusiya qırıcıları tərəfindən müşayiət olunması tələbi. Mənbələr bunun uçuş marşrutu boyunca, xüsusən də Ukraynanın hava hücumundan müdafiə sistemlərindən yarana biləcək təhlükə ilə əlaqədar narahatlıqla bağlı olduğunu bildirir.
Türkiyənin iki keçmiş səfiri tələbi ən “son dərəcə qeyri-adi” və yerinə yetirilmə ehtimalının az olduğunu deyib. Türkiyə hökuməti xarici liderlərin özünün döyüş təyyarələri ilə müşayiət olunmasını təşkil edə bilər, lakin Putinin təyyarəsinin Rusiya təyyarələri tərəfindən müşayiəti Alyansın hava məkanının təhlükəsizliyinə təsir edə biləcək bir presedentdir.
Bundan əlavə, Rusiya tərəfi Vladimir Putinin Ankarada Amerika şirkətlərinə məxsus iri hotellərdə yerləşməsinin təhlükəsizliyindən narahatlığını bildirib. Alternativ yerləşmə dövlət evi olardı, lakin belə bir protokol olduqca nadirdir.
Bildirilir ki, Rusiya prezidentinin oktyabrın əvvəlində planlaşdırılan səfəri indi şübhə altındadır, çünki Türkiyə hakimiyyəti Rusiya liderinin tələblərini yerinə yetirməkdən imtina etməyi düşünür.
Musavat.com