Vladimir Putin 2025-ci il martın 1-dək Donetsk vilayətinin bütün ərazisinin tamamilə rus qoşunlarının nəzarətinə keçməsini istəyir. O, Rusiya hərbi komandanlığına bununla bağlı göstəriş verib.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiyanın tanınmış “teleqram” kanalları məlumat yayıb. Kremlə yaxın sayılan “Kremlyovskaya tabakerka” kanalı Rusiya Müdafiə Nazirliyindəki mənbələrə istinadla yazıb ki, xüsusilə də Gürcüstandakı seçkilərin nəticələrindən olduqca razı qalan Putin hərbçilərlə görüşündə yüksək əhval-ruhiyyədə olub: “Bazar günü prezident hərbçilərlə qısa danışdı. O, yaxşı əhval-ruhiyyədə idi. Prezident Gürcüstan seçkilərinin nəticələrindən razı qalıb. Vladimir Vladimiroviç hətta zarafat edib ki, Gürcüstanda “xüsusi hərbi əməliyyat” keçirmək zərurətindən yayınmağa ümid edir. O, hərbçilərin qarşısına da aydın vəzifələr qoyub”.
Kanal yazır ki, Putin gələn ilin martına qədər Donetsk vilayətinin bütün ərazisinin işğal olunmasını istəyir. Lakin Rusiya hərbçilərinin heç də hamısı bu tapşırığın icrasının real olduğuna əmin deyil. Çünki onların çoxu Donbass uğrunda döyüşlərin ən azı gələn ilin böyük hissəsini əhatə edəcəyini düşünür.
Putin öz növbəsində “döyüş əməliyyatlarının uzadılmasının son dərəcə arzuolunmaz olduğunu” vurğulayıb. Kanal yazır ki, Rusiya başçısı Donbasdan fərqli olaraq, Kurskla bağlı konkret vaxt qoymayıb: “Eyni zamanda, Vladimir Vladimiroviç Kursk vilayətinin azad olunma tarixi ilə bağlı dəqiq göstəriş verməyib. Hərbçilər prezidenti inandırdılar ki, orada vəziyyət son dərəcə mürəkkəbdir və hələlik dəqiq vaxt barədə danışmaq mümkün deyil”.
Gündəmdəki bütün xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Ağ Partiyanın sədri Tural Abbaslıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/tvmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat