Rusiya Kursk vilayətində tam nəzarəti təmin edib, Ukrayna Silahlı Qüvvələrinin qruplaşması tam izolyasiyaya alınıb.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə Kremldə keçirdiyi danışıqlardan sonra bəyan edib.
"Vəziyyət tam nəzarətimiz altındadır və ərazimizə daxil olan qruplaşma izolyasiya edilib", – deyə Putin bildirib.
Onun sözlərinə görə, Ukrayna qoşunlarının bu zonada idarəetməsi itirilib.
"Təxminən bir-iki həftə əvvəl ukraynalı hərbçilər oranı kiçik qruplarla tərk etməyə cəhd edirdilərsə, artıq bu, mümkün deyil", – deyə Rusiya lideri vurğulayıb.
"İndi onlar yalnız kiçik qruplarla – iki-üç nəfərlik dəstələrlə çıxmağa çalışırlar, çünki bütün ərazi tam atəş nəzarətindədir", – Putin əlavə edib.
Onun sözlərinə görə, "Ukrayna ordusu texnikanı tamamilə atıb, onu çıxarmaq mümkün deyil və bu, artıq qəti şəkildə müəyyən olunub".
O qeyd edib ki, əgər qarşıdakı günlərdə tam fiziki bloklama baş verərsə, heç kim oradan çıxa bilməyəcək. Cəmi iki variant qalacaq – ya təslim olmaq, ya da ölmək.
Musavat.com