ABŞ Rusiya prezidenti Vladimir Putinin Şimali Koreyaya rəsmi səfəri və Pxenyanda koreyalı həmkarı Kim Çen Inla strateji tərəfdaşlıq sazişi imzalamasını tərəfdaşlığın genişləndirilməsi kimi qiymətləndirir.
Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenter deyib.
Onun sözlərinə görə, bu, həm də Rusiyanın dünya səhnəsindəki yerini göstərir. Karpenter əlavə edib ki, Şimali Koreya, İran, Suriya və müəyyən dərəcədə Çin hazırda Kremlin ən yaxın tərəfdaşlarına çevrilib. Pekin Rusiyanı silahla təmin etməsə də, qabaqcıl silah sistemlərinin istehsalı üçün ikili təyinatlı məhsullar göndərir.
“Xüsusilə Rusiya hərbi sənayesi üçün barıt, optika və müxtəlif avadanlıqların istehsalı üçün nəzərdə tutulan nitroselülozun tədarükündən gedir. Bütün bunlar Ukrayna, ümumilikdə Avropanın təhlükəsizliyinə təhlükəni artırır. Bu, geniş mənada Rusiyanın bir araya gətirdiyi koalisiyadır”, - Ağ Ev rəsmisi vurğulayıb.
Bəs prezident Vladimir Putinin Ağ Evin Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterin dediyi tərkibdə yeni “Cənub ittifaqı” qurması mümkündürmü? Mümkün olarsa Avropaya, Qərbə qarşı ciddi təhlükə yarada bilən ittifaq olacaq?
Aydın Quliyev
Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın Şimali Koreya, İran, Çin, Suriya kimi ölkələrlə indiki münasibətlərində əslində fundament etibarilə yeni bir şey yoxdur. Hələ sovet ittifaqı zamanında Qərblə “soyuq müharibə”nin ən güclü vaxtlarında SSRİ-nin bu ölkələrlə münasibətləri çox yaxşı idi: “SSRİ dağılandan sonra və onun hüquqi siyasi varisi olaraq Rusiya Federasiyasının indiyə qədərki dövründə də adıçəkilən dövlətlərlə ənənəvi yaxın münasibətlər olduğu kimi saxlanılıb. Həmişə də yüksələn dinamika üzrə gedib. Bu gün Rusiyanın Çinlə, Şimali Koreya, İran və Suriya ilə münasibətlərdə yenilik etmək cəhdi keçmiş ənənələrə söykənir və müəyyən qədər də bugünkü reallıqlarla bağlıdır. Bununla bağlıdır ki, "soyuq müharibə" dövründən fərqli olaraq indi Rusiyanın Qərblə münasibətləri tam açıq qarşıdurma müstəvisindədir. Hətta Ukraynada açıq müharibə meydanında üz-üzə gəliblər. Rusiyaya qarşı geniş sanksiyalar tətbiq olunur. Rusiyanın demək olar bütün istiqamətlərdə manevr imkanları məhdudlaşdırıldığı üçün özünün ənənəvi müttəfiqləri ilə daha da sıx ittifaqa getməyə məcburdur. Bu, təkcə Rusiya üçün deyil, eyni zamanda seçilmiş həmin ölkələr üçün də indiki şəraitdən çıxış yoludur. Hələ sovet dövründən indiyə qədər Qərbin bu ölkələrlə də münasibətləri gərgin olub. ABŞ Dövlət Departamentinin, beynəlxalq təşkilatların illik hesabatlarında həmişə İranın, Suriyanın, Şimali Koreyanın, başqa bir sıra ölkələrin adı dünyada terroru dəstəkləyən ölkələr kimi keçib. Həmin ölkələrə Qərb ölkələri həmişə dünyada radikalizmi gizli şəkildə dəstəkləyən və terror təşkilatlarının fəaliyyətini dəstəkləyən ölkələr kimi yanaşıblar. Bugünə qədər də Çini çıxmaq şərtilə, həmin ölkələr sanksiyalar altındadır. Sadəcə, Çinin çox güclü iqtisadiyyatı olduğu və Qərb ölkələri ilə dərin iqtisadi əlaqələrə malik olduğu üçün Çinə qarşı kəskin addımların atılmasından yayınırlar. Bu gün Rusiyanın sıxışdırılmış vəziyyətdə həmin ölkələrlə əlaqələri daha da sıxlaşdırmaq cəhdi Rusiyanın özünü müdafiə niyyəti ilə bağlıdır. Eyni zamanda o ölkələr də Qərbin təzyiqləri qarşısında özlərini müdafiə eləmək üçün son addımlarını atırlar. Çünki bu ölkələrin Qərblə qarşıdurmada getdikcə imkanları məhdudlaşır, fəaliyyət meydanları daralır və aydan-aya daha ağır siyasi, iqtisadi vəziyyətə düşürlər".
Siyasi şərhçi hesab edir ki, Rusiyanın bu cür ölkələrlə hansısa ittifaq yaratması bəlkə də nominal olaraq mümkündür, yəni hansısa adla yeni bir ittifaqın elan edilməsi baş verə bilər. Amma bu da vəziyyəti ciddiyə dəyişməyəcək və Qərbə ciddi təhlükə yaratmayacaq: “Rusiyanın bu ölkələrlə sıx münasibətləri onsuz da uzun illərdir mövcuddur. Rusiya həmin ölkələrin bəziləri ilə başqa təşkilatlarda da bir yerdədir. Lakin Rusiyaya elə də böyük üstünlüklər gətirmirlər. Yeni bir ittifaqın da ciddi dəyişikliklərə səbəb olacağı gözlənilmir. Məsələnin daha bir incə tərəfi var ki, Çin belə ittifaqlara rəsmi qoşulmaz. Çin mümkün qədər bitərəf siyasət aparmaq kursuna üstünlük verir. Çinin bu gün qarşı-qarşıya dayanan blokların hər hansı birinə birmənalı cəhətdən siyasi və hərbi cəhətdən qoşulması onun məhv olması demək olar. Çinin regional ittifaqlara qoşulması ehtimalı çox aşağıdır”.
Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya prezidenti Vladimir Putin son aylarda xarici səfərlərinin sayını artırıb. O, ilk növbədə Ukrayna müharibəsində Rusiyaya dəstək verən dövlətlərə üstünlük verib. Kreml sahibi Çindən sonra Şimali Koreya və Vyetnama səfər edib. Vladimir Putin Koreya Xalq Demokratik Respublikasına sonuncu dəfə 24 il əvvəl, yəni 2000-ci ildə səfər etmişdi. Putindən başqa keçmiş SSRİ liderlərindən heç biri, o cümlədən Rusiyanın ilk prezidenti Boris Yeltsin Şimali Koreyaya səfər etməmişdilər. Putin isə bu ölkəyə ikinci dəfədir səfər edib. Putindən başqa dünya liderlərindən sadəcə Çin lideri Tsi Cinpin 2019-cu ildə Pxenyana səfər edib.
ABŞ və Cənubi Koreya Putinin Şimali Koreyaya səfərindən çox narahat olublar: “Vaşinqton və Seul hesab edirlər ki, Rusiya hərbi texnologiyalarını Şimali Koreya ilə paylaşa bilər. Həqiqətən Rusiya ilə Şimali Koreya arasında iqtisadi əlaqələr aşağı səviyyədədir, 2021-ci ildə ticarət mübadiləsi cəmi 2 milyon dollar civarında olub. Doğrudur, sonrakı iki ildə ticarət mübadiləsi artıb və 29 milyona çatıb. Ancaq Rusiyanın Cənubi Koreya ilə ticarət mübadiləsi miqyasında bu çox kiçik rəqəmdir. Rusiya ilə Cənubi Koreya arasında ticarət mübadiləsinin həcmi 15 milyard dollardan çoxdur. Yənu bu rəqəmlərdən də görünür ki, Şimali Koreya Rusiyanın ticarət tərəfdaşı deyil. İki ölkə arasında əlaqələr siyasi dəstək müstəvisində qurulub. Pxenyan Ukraynaya qarşı müharibədə Rusiyaya dəstəyini ifadə edib. Vaşinqtonla Seulu əsas narahat edən məhz bu amildir. Bu iki dövlətin rəsmilərinin fikrincə, Rusiya Şimali Koreyaya sualtı gəmilər, ballistik raketlər üçün texnologiyalar ötürə bilər. Bu mümkündür. Rusiya ilə Koreya Xalq Demokratik Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında saziş imzalanıb. Bu sazişə görə, tərəflərindən birinə qarşı təcavüz halında hərbi yardımın göstərilməsi nəzərdə tutulub.
Pekin Kremlin tərəfdaşı olsa da, Rusiyanın Şimali Koreya ilə strateji tərəfdaşlığına ehtiyatla yanaşır. “Reuters” agentliyi Pekinin Qərbə qarşı Rusiya-Şimali Koreya ittifaqına qoşulmaq istəmədiyini yazıb. Pekinin Pxenyana böyük təsir imkanları var və Çin bunu Rusiya ilə bölüşmək istəmir".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”