Putin və onun alternativləri – Yeltsinin vəliəhdi 10 gündən sonra 5-ci dəfə seçiləcək

Rusiyada martın 15-17-də keçiriləcək prezident seçkisinin bütün namizədləri hazırdır. RF-nin Ali Məhkəməsinin qərarı ilə seçkidə “ən real namizəd” kimi iştirak etmək istəyən Boris Nadejdinin namizədliyin qeydə alınmasına ümidi kəsiləndən sonra seçki bülleteninə 4 siyasətçinin adı daxil ediləcək. Bunlar Vladimir Putin, Nikolay Xaritonov, Leonid Slutski və Vladislav Davankovdur.

kandid.JPG (26 KB)

Bu namizədlərdən ikisi köhnə, ikisi yenidir. 4 dəfə president seçilmiş, 5-ci dəfə seçilməyə hazırlaşan Putinlə yanaşı, Xaritonov da bir dəfə prezidentliyə namizəd olub və ikinci yeri tutub. O, 20 il öncə, 2004-cü il seçkisində 13,6 faiz səs alıb. Leonid Slutski və Vladislav Davankov isə hələ yeni “siftə” edirlər. Slutski Jirinovskinin siyasi xələfi olduğu üçün güman ki, gələcəkdə də namizəd olacaq. Onun keçmiş şefi bütün seçkilərə qatılır, qeydə alınır və 3-4-cü yerləri tuturdu.

Bunlardan başqa, builki seçkiyə Sergey Baburin, Anatoli Bataşev, Andrey Boqdanov, Yekaterina Duntsova, Sergey Malinkoviç, Vladimir Mixaylov, Boris Nadejdin, İvan Otrakovski, Rada Russkix, İrina Sviridova, Aleksandra Tişenko kimi namizədlər də qatılıblar. Baburin öz namizədliyini Putinin xeyrinə geri götürsə də, MSK yerdə qalanlarının namizədliyini qeydə almayıb.

Beləliklə, Putin son 24 ildə ilk dəfədir ki, seçkiyə heç bir ciddi alternativi olmadan gedir və indidən bilmək olar ki, o, 70 faizdən artıq (bəlkə də 80 faiz) səs toplayacaq.

200-pr.nam.JPG (28 KB)

Əslində Putinin ən çətin seçkisi yalnız 2000-ci ildə keçirilən ilk seçkisi olub. O zaman o, yenicə baş nazir təyin olunmuşdu, prezident Yeltsin istefa verərək, Putini siyasi varisi elan etmişdi. Bununla belə, 2000-ci ildə V.Putin xalq arasında o qədər tanınmasa da, seçkilərin birinci turundaca güclü rəqiblərinə qalib gəlib, 52,3 faiz səslə RF prezidenti seçilib.

Onun ən güclü rəqibi, kompartiyanın lideri Gennadi Züqanov 29,1, demokratik qüvvələrin təmsilçisi Qriqori Yavlinski 5.8, deputat Aman Tuleyev 2.9, Rusiyanın baş “liberal-demokrat”ı Vladimir Jirinovski 2,7 səs alıb. Bundan başqa, Konstantin Titov 1,4, Ella Pamfilova 1,0, məşhur rejissor Stanislav Qovoruxin 0,4, sabiq baş prokuror Yuri Skuratov 0,4, Aleksey Podberyozkin 0,1, Umar Cəbrayılov 0,1 faiz səs alıb.

2004-pr.nm.JPG (23 KB)

2004-cü il seçkisində Vladimir Putin o qədər də çətinliklə üzləşməyib, və 71,3 faiz səs alıb. Yuxarıda qeyd etdiyimiz kimi, Nikolay Xaritonov 13,6 faiz səslə ikinci olub, Sergey Qlazyev 4.1, İrina Xakamada 3,8, Oleq Malışkin 2,02, Sergey Mironov 0, 7 faiz səs alıb.

2008-ci il seçkisi də demək olar ki, Putinin seçkisi olub. Rusiya konstitusiyasına görə, o, ardıcıl üçüncü dəfə prezidentliyə namizəd olmaq hüququna malik deyildi. O zaman Putin nə konstitusiyanı dəyişdirmək, nə də əsas qanunda özünə sərf edən maddələr taparaq üçüncü müddətə namizədliyini sürmək istəməyib. Ancaq o, özünün və partiyasının hakimiyyətini əldən vermək fikrində olmayıb. Ona görə də öz əvəzindən prezidentliyə etibar etdiyi yaxın dostunun namizədliyini irəli sürüb, özünə baş nazir postu və hakim “Vahid Rusiya” partiyasının sədrliyini götürüb, bir növ Stalin və Xruşov kimi baş nazir və hakim partiyanın sədri vəzifələrini birləşdirərək yenə də dövlətdə əsas sahibi olub.

2008-pr.nam.JPG (25 KB)

2008-ci il seçkisinin bir özəlliyi də o olub ki, Putin “seçkidən öncə seçki” keçirib və Medvedyevə ciddi alternativ ola biləcək şəxslərin namizəd kimi qeydə alınmasına imkan verməyib. Həmin vaxt aşağıdakı şəxslər prezidentliyə namizədliklərini irəli sürmüş və seçkiyə buraxılmamışdılar: Dmitri Berdnikov, Valeri Bespalov, Vladimir Bukovski, Sergey Qlubokov, Yuri Qudcabidze, Aleksandr Donskoy, Vladimir İşçenko, Harri Kasparov, Mixail Kasyanov, Nikolay Kuryanoviç, Boris Nemtsov, Tatyana Postnova, Mariya Solovyenko və Oleq Şenin.

Bu şəxslərdən üçü – Kasparov, Kasyanov və Nemtsov Medvedyevin şansını azalda, ən azı seçkinin ikinci tura keçməsini qaçılmaz edə bilərdilər.

Nəticədə Dmitri Medvedyev seçkiyə “köhnə namizədlər”lə gedib və 70,2 faiz səs alıb. Gennadi Züqanov 17, 7 faiz səslə ikinci, Vladimir Jirinovski 9,3 faiz səslə üçüncü olub. Andrey Boqdanov isə 1,3 faiz səs qazanaraq, “adını tarixə yazdırıb”.

Aydın məsələ idi ki, Putin prezidentliyi Medvedyevə müvəqqəti verib və vədə başında yenidən geri alacaq. Dişinə şirə dəymiş Medvedyev prezident postunda daha bir müddət qalmaq üçün bir az çəm-xəm eləsə də, 2012-ci il seçkisində dinməz-söyləməz şəkildə ali postu təhvil verməli olub.

2012-pr.nam.JPG (23 KB)

Həmin vaxt Putin yenə seçkidən əvvəl seçki keçirib və öz alternativlərini özü müəyyən edib, nəticədə Lidiya Bednaya, Leonid İvaşov, Nikolay Levaşov, Eduard Limonov (Savenko), Dmitri Mezentsev, Boris Mironov, Svetlana Peunova, Rinat Xamiyev, Viktor Cherepkov, Qriqori Yavlinski kimi namizədlər seçkiyə buraxılmayıblar. Əslində onların içində Yavlinskidən başqa ciddi namizəd olmayıb.

2012-ci il seçkisində Vladimir Putin 63,6 faiz səs alaraq prezident seçilib. Digər namizədlərin topladığı səs faizi aşağıdakı kimi olub: Gennadi Züqanov – 17,1, Mixail Proxorov - 7, 9, Vladimir Jirinovski – 6,2, Sergey Mironov – 3,8 faiz.

Konstitusiya dəyişikliyinə görə, bundan 4 yox, 6 il sonra, 2018-ci ildə keçirilən seçkiyə maksimum sayda, 36 namizəd qatılıb və onlardan tam əksəriyyəti qeydə alınmayıb. Namizədliyini geri götürənlər və MSK tərəfindən qeydə alınmayanlar aşağıdakılar olub: Elvira Aqurbaş, Anton Bakov, Oleq Bulayev, Tatyana Volovik, İrina Volınets, İrina Qagite, Ayna Həmzətova, Yekaterina Qordon, Mixail Kozlov, Marina Kopenkina, Vladimir Kuznetsov, Laki Li, Natalya Lisitsina, Oleq Lurye, Vladimir Mixaylov, Aleksey Navalnı, Stanislav Polişuk, Sergey Polonski, Tristan Prisyagin, Vasili Puqaçov, Siracdin Ramazanov, Yelena Semerikova, Yuri Sidorov, Sergey Stolpak, Roman Xudyakov, Viktor Çepenin, Aleksandr Çuxlebov, Andrey Yatsun.

2018-ci ildə Aleksey Navalnının Putinə əsas alternativ olacağı gözlənilirdi, ictima rəy sorğuları belə göstərirdi, ancaq Navalnının namizədliyi qeydə alınmayıb.

2018-PR-NAM.JPG (18 KB)

Vladimir Putin 2018-ci il seçkisində 76,6 faiz səs alıb. Pavel Qrudinin 11,7, Vladimir Jirinovski 5,6, Kseniya Sobçak 1,6, Qriqori Yavlinski 1,0, Boris Titov 0.76, Maksim Suraykin 0,68, Sergey Baburin 0,65 faiz səs toplayıb. Həmin seçkinin ən sensasion sürprizi isə yüngül həyat tərzi keçirməsi ilə məşhurlaşan Kseniya Sobçakın 30 ilin demokrat siyasətçisi Yavlinskidən çox səs alması sayıla bilər.

10 gündən sonra keçirilən seçkilərlə bağlı vəziyyət isə yazının əvvəlində dediyimiz kimidir.

2020-ci ilə qədər qüvvədə olan qanunvericiliyə görə, dövlət rəhbərinin dəyişməsi qaçılmaz idi. Daha sonra, 2020-ci ildə qəbul edilmiş konstitusiyaya görə, Vladimir Putin daha iki müddətə namizəd olmaq imkanı əldə edib. Əgər ömrü çatsa, o, 2036-cı ilə qədər hakimiyyətdə olacaq. Hələ ondan sonrada yəqin ki, öncədən seçib təyin etdiyi varisi – vəliəhd baş nazir postunda olan şəxs prezident olacaq. Çünki Rusiyada müxalifətçilər heç vaxt heç bir seçkidə qalib gəlmirlər.

Araz Altaylı, Musavat.com

 

05.03.2024 10:10
2600