Putin Rosselxoznadzor-u Qazaxıstanın üzərinə göndərdi: Çoxsaylı məhsulların idxalına qadağa qoyuldu

Rosselxoznadzor 2024-cü il oktyabrın 17-dən Qazaxıstandan Rusiyaya pomidor, respublika tərəfindən sertifikatlaşdırılmış bibər, əkmək üçün üçüncü ölkələrdən gələn günəbaxan toxumu, Qazaxıstan mənşəli təzə bostan məhsulları, buğda, kətan toxumu və mərciməyin idxalına müvəqqəti məhdudiyyətlər qoyur.

Musavat.com xidmətin açıqlamasına istinadən xəbər verir ki, buğda, kətan toxumu və mərcinin tranzitinə Qazaxıstan nümayəndələrinin fitosanitar sertifikatlarının birbaşa son təyinat ölkəsinə rəsmiləşdirilməsi və Qazaxıstan mənşəli taxılın dəmir yolu vaqonlarından birbaşa gəmi anbarlarına daşınması şərtilə icazə verilir: “Qərar Qazaxıstanın səlahiyyətli idarələrinin Rusiya ərazisinin fitosanitar təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməməsi səbəbindən qəbul edilib”.

Rosselxoznadzor qərarla bağlı Qazaxıstan tərəfini, Aİİ üzv dövlətlərinin səlahiyyətli orqanlarını, habelə Rusiyanın maraqlı federal icra hakimiyyəti orqanlarını məlumatlandırıb.

Agentliyin məlumatına görə, 2024-cü ilin əvvəlindən Qazaxıstandan Rusiyaya daxil olan tənzimlənən məhsullarda Avrasiya İqtisadi İttifaqına üzv ölkələr üçün zərərli sayılan 215 karantin obyektinin aşkar edilməsi faktı müəyyən edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çoxdur: “Bu ilin sentyabrında Rosselxoznadzor qazaxıstanlı həmkarlarına müraciət edərək Rusiyaya idxal olunan bir sıra tənzimlənən məhsullar üçün fitosanitar sertifikatların verilməsini dayandırmağı xahiş edib. Amma fitosanitar sertifikatların verilməsi, həmçinin aşkarlanma halları davam edib. Bundan əlavə, karantin obyektlərinin aşkarlanması ilə bağlı araşdırmanın nəticələri təqdim edilməyib”.

Qeyd edək ki, Qazaxıstanın fitosanitar qurumu ötən həftə Rosselxoznadzor-dan aşkarlamış olduğu karantin obyektlərinə dair faktlar təqdim etməsini istəyib. Astana bildirib ki, qurum onlara hansısa karantin obyektlərini tapdığını deyir, amma konkret analiz nümunələri, faktlar təqdim etmir.

Musavat.com

17.10.2024 21:15
795