Fərarilik o vaxt artır ki, orduya, Ali Baş Komandana inam azalır, hərbi hissələrdə özbaşınalıq artır
Müharibə zonasını və hərbi hissələri özbaşına tərk edən 100-dək fərarinin (“dezertir”) bu dəfə də Krasnodarda saxlandıqları komendaturanın ərazindən kütləvi qaçmaq cəhdi əvvəllər bəlkə də əhəmiyyətli hadisə kimi diqqət cəlb etməzdi. Müharibə aparan ölkədə isə kütləvi fərarilik artıq hadisədir və istənilən orduda bunun səbəbləri ciddi araşdırılmalıdır. Məsələn, 44 günlük Vətən müharibəsində Ermənistan ordusunda 10 mindən çox fərarinin olması son nətcəyə bəlkə də əhəmiyyətli təsiri olmadı, çünki Azərbaycan torpaqlarının işğaldan azad edilməsində qərarlı, erməni ordusu isə məğlubiyyətə məhkum idi. Ermənistan rəhbərliyi müharibədən keçən 5 ildə dəfələrlə məğlubiyyətin, eləcə də kütləvi fərariliyin səbəblərini araşdırmağa cəhd edib, komandir heyətindən həbslər olub, amma ortada nəticə yoxdur. Əslində səbəblər bəllidir: fərarilik o vaxt artır ki, orduya, Ali Baş Komandana inam azalır, hərbi hissələrdə özbaşınalıq artır. Konkret olaraq, Krasnodardakı komendaturanı dəmir barmaqları qıraraq kütləvi qaçmağa cəhd edənlər təkcə gənc çağırışçılar olmayıb, onların arasında müqavilə ilə xidmət edən yaşlı hərbçilər də var. Onların komendaturanın silahlar olan bölməsinə hücum edəcəkləri ağlabatan deyildi, çünki adamlar necə deyərlər, “silahı öz hərbi hissələrində atdıqları” üçün indi nəzarətə alınıblar, yəqin ki, bir çoxunu məhkəmə və azadlıqdan məhrum etmək də gözləyə bilər. Rəsmi bilgilərə görə, əraziyə Rusiya Milli Qvardiyasının bölmələrinin və polisin vaxtında müdaxiləsi nəticəsində qaça bilən 7 nəfərdən 4-ü saxlanılıb, 3 nəfərin isə axtarışı davam edir.
Rusiyada xalqın ayağa qalxması ayrı, hərbçilərin isə hər hansı formada “ayaqlanması” tam fərqli hadisədir. 2023-cü ilin iyununda “Priqojinin hərbi qiyamı” Rusiyada hakimiyyət elitası və generalitetin daxilində parçalanma olduğunu göstərdi. Bu parçalanma Ukrayna müharibəsindəki uğursuzluqlar, hərbi əməliyyatların davamı ilə bağlı fikir ayrılıqları, eyni zamanda orduya təsir imkanları olan bəzi qrupların Putinin nüfuzunu itirdiyini hiss etməyindən irəli gəlirdi. Ona görə Priqojinə orduda gizli şəkildə dəstək verənlər dərhal zərərsizləşdirildi, bir çox genaral vəzifələrini, azadlıqlarını itirdilər. Priqojin də helikoptel “qəzasında” həlak olsa da, “Vaqner” dəstələrini küçələrdə sevinclə qarşılayan adamların görüntüsü yəqin ki, Putinin yaddaşından çətin çıxsın.
Rusiyada xüsusilə son aylar fərariliyin artması ölkə rəhbərliyini ciddi narahat edir.
Ordu ilə bağlı mənfi hadisələr gizlədilsə də, bir neçə bölmə komandiri və hərbi prokurorlar rüşvət müqabilində döyüş zonasında olanlara saxta sənəd verərək hərbi hissəni qanunsuz tərk etməsinə şərait yaratdıqlartı üçün həbs ediliblər. Media yazır ki, hərbi əməliyyat zonasından qaçan daha bir qrup rus hərbçisi bu yaxınlarda Krasnoyarsk diyarında tapılıb.
Ukrayna ilə müharibədə Putin rejiminin əsas silahlarından biri ordu ilə bağlı təbliğat olub. Rusiya ordusunun təkcə Ukrayna ilə deyil, bütün NATO bloku ilə vuruşduğu tezisi bu təbliğatda əsas yer tutur. Xatlrlayırsızsa, müharibənin əvvəlində Putin məhz Ukrayna əsgərlərinə müraciət edib və onları itaətsizliyə, silahlı qiyama, hakimiyyəti öz əllərinə almağa çağırmışdı. Ukrayna ordusundakı fərarilik, hərbçilərin ordu komandanlığının əmrlərinə tabe olmaması, kütləvi şəkildə könüllü əsir düşdükləri haqda təbliğatın gücləndirildiyi bir vaxtda Krosnodarda “dezertirlərin qiyamı”Rusiya hakimiyyətinə zərbədir. Zatən, Ukrayna müharibəsi Rusiya ordusunun məğlubedilməzliyi haqda mifi dağıdıb. Şübhə yoxdur ki, Ukrayna bu son hadisədən geniş antitəbliğat qura bilər.
Rusiya Ukrayna ilə müharibənin davam etditilməsinin getrdikcə daha çətinləşdiyinin fərqindədir. Ölkənin resursları hərbi sənaye kompleksinə yönəldilib, hər gün müharibəyə milyard rublar xərclənir, ordudakı muzdluları saxlamağa da kifayət qədər vəsait sərf edilir. ABŞ müharibənin dayandırılması üçün Ukraynaya daha çox təzyiq edir. Dövlət katibi Rubio Zelenski sülh danışıqlarına razılaşmasa, Vaşinqtonun hərbi dəstəyini dayandıra biləcəyini anons edib. Amma Rusiyaya da təzyiqlər olmamış deyil. Müharibə uzandıqca, ordunun da potensialı zəifləyir, savaş xüsusilə aylarla döyüş bölgəsində olanların psixikasına ciddi şəkildə mənfi təsir edir, onları yeni çağırışçılarla əvəzləmək isə risklidir. Rusiya isə riskləri sevmir...