Ukraynadakı xüsusi əməliyyatın iştirakçılarından biri nə vaxtsa Rusiya prezidenti ola bilər.
Musavat.com Aif.ru saytına istinadla xəbər verir ki, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov Ukraynada aparılan müharibənin veteranı Artyom Joqanın Ural Federal Dairəsinə səlahiyyətli nümayəndə təyin edilməsi ilə bağlı Kremldə akkreditasiya olunmuş jurnalistlərinin suallarını cavablandırarkən deyib.
“Konstitusiyada dövlətə kimin başçılıq edə biləcəyi açıq şəkildə göstərilib”, - deyə rəsmi cavab verib.
Müharibə veteranlarının rəhbər vəzifələrə təyinatlarına gəlincə, Peskov əmin edib ki, bu proses davam edəcək.
“Bu, zamana yayılan prosesdir. Bütün təyinatlar rasionaldır. Burada heç bir təşviqat yoxdur və ola da bilməz. Bu, “Qəhrəmanların zamanı” proqramında iştirak edənlərin ixtisas və hazırlıq səviyyəsi ilə bağlıdır. Ona görə də proses davam edəcək”, - Kreml rəsmisi bildirib.
Rusiya prezidenti Vladimir Putin ötən gecə Kremldə A.Joqa ilə görüşüb və doqquz müharibə iştirakçısının yüksək vəzifələr aldığını söyləyib.
Putinin sözlərinə görə, daha dörd veteran prezident administrasiyasına gətiriləcək, bir döyüş veteranı Federal Hava Nəqliyyatı Agentliyinin rəhbərinin müşaviri, digəri Sankt-Peterburqun Hüquq, Asayiş və Təhlükəsizlik Komitəsinin sədr müavini olacaq, bir nəfər Kaluqa vilayətinin vitse-qubernatoru təyin ediləcək. Bundan əlavə, xüsusi əməliyyatın veteranları Moskva vilayətinin investisiya, sənaye və elm nazirinin müavini, Saxalin vilayətinin rəqəmsal və texnoloji inkişaf nazirinin müavini, Rosatom baş direktorunun müavininin müşaviri təyin olunacaqlar.
Musavat.com