Rusiya prezidenti Vladimir Putinin keçmiş mühafizəçisi, bu ilin mayında Dövlət Şurasının katibi təyin etdiyi Aleksey Dyumini yeni görəv verib. Musavat. com Rusiya mətbuatına istinadən xəbər verir ki, Dyuminə Kurskdakı əməliyyatlara rəhbərlik tapşırılıb. Dyumin Kursk vilayətindəki əməliyyatlarda təhlükəsizlik qüvvələrinin və yerli hakimiyyət orqanlarının hərəkətlərini əlaqələndirəcək.
Dyuminlə bağlı yayılan xəbərləri dəyərləndirən hərbi müxbir, Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü Aleksandr Sladkov Dyuminin Kursk əməliyyatına rəhbərliyi “əla xəbər” adlandırıb. “Dyumin hərbçidir, ordunun ən başında və xüsusi xidmət orqanlarında hörmətlidir. O, tez bir zamanda mühüm qərarlar qəbul etməyə başlayacaq”deyə, Sladkov yekunlaşdırıb.
Putin yenidən altı illik müddətə prezident seçildikdən sonra 51 yaşlı Dyumini əvvəl müdafiə sənayesinə nəzarət edən köməkçisi, sonra isə Dövlət Şurasının katibi vəzifəsinə təyin edib. Bundan əvvəl isə o, Tula qubernatoru olub.
Sergey Markov hələ o vaxt “Telegram”-da belə yazıb: “Rusiya elitası Dyuminin Dövlət Şurasının katibi təyin olunmasından məmnundur. Bu, Dyuminin Rusiyanın gələcək prezidenti olmasının təsdiqi, Putinin seçimidir".
Dyuminin adı, digərləri ilə yanaşı, uzun müddətdir ki, Rusiya siyasi elitası arasında spekulyasiyalara səbəb olub. Putinin 2020-ci ildə təklif etdiyi dəyişikliklərə əsasən, Rusiya regionlarının rəhbərlərini birləşdirən Dövlət Şurasının rolu ilk dəfə konstitusiyada təsbit edilib.
Dyumin 1972-ci ildə Rusiyanın qərbində, Kursk şəhərində anadan olub, evlidir və bir oğlu var. 2016-cı ildə Dyumin "Kommersant" qəzetinə bildirib ki, Putinin mühafizəçisi olduğu zaman Rusiya lideri dağ iqamətgahlarından birində istirahət edərkən ayını qorxutmaq üçün tapançasından istifadə edib.
Rusiyanın ən yüksək dövlət mükafatı olan “Rusiya Qəhrəmanı” mükafatını alan Dyumin 1995-ci ildə Kreml elitasının təhlükəsizliyini təmin edən Rusiya Federal Təhlükəsizlik Xidmətinə işə başlayıb və Putinin birinci və ikinci prezidentlik dövründə onu qoruyub.
"Mən prezidentin təhlükəsizliyini hər yerdə - Rusiyada və xaricdə təmin edən zabitlər qrupunun bir hissəsi idim" deyə, Dyumin bildirib.
“Hər səhər prezidentə əməliyyat hesabatları ilə bağlı məruzə ilə başlayırdı. Regionlar və fövqəladə hallar haqqında məlumatınız olmalıdır. Hərdən nazirə, region rəhbərinə tapşırıq verməli olurdum”.
ABŞ Maliyyə Nazirliyi 2018-ci ildə Dyuminə sanksiya tətbiq edərək bəyan edib ki, o, “Rusiyanın Krımı ilhaq etməsində əsas rol oynayan” xüsusi əməliyyat qüvvələrinə rəhbərlik edib.
O, həmçinin 2022-ci ildə Ukraynada pilotsuz uçan aparatları idarə etmək üçün əməliyyatçılara təlim məktəb açdığını iddia edən Böyük Britaniyanın sanksiyalar siyahısındadır.
Musavat.com