Putin kremlpərəst sənətçilərə belə DƏSTƏK olur

Putin hakimiyyəti Ukrayna savaşında ciddi zərər görən imicini düzəltmək məqsədilə yenidən təbliğat vasitələrinə əl atıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Kreml bu məqsədlə müxtəlif layihələrə səxavətlə pul xərcləməkdə davam edir.

Konkisürmə üzrə olimpiya və dünya çempionu Yevgeni Plyuşenkonun “Rus fəsilləri” və “Qar qız” buz şousu üçün 43 milyon rubl ayrılıb. Layihədə əsas məqsədin “şou vasitəsilə əhalinin ölkələri üçün qürur hissini qaldırmaq” olduğu bildirilir. Bir il əvvəl Plyuşenko şoularına görə 50 milyon rubl (568 min dollar) qopara bilmişdi.

24,5 milyon rubl Oleq Qazmanovun “vətənpərvərlik yönümlü musiqilərin təbliğatı məqsədilə” “Rodniki” adlı layihəsinə yönəldiləcək.

Aleksey Poddubnı və “Canqo” qrupunun “əhali arasında vətənpərvərlik ideologiyasının formalaşmasına töhfə verəcək” “Qələbə naminə” adlı qastrol səfərinə 28 milyon rubl xərclənəcək.

“Zaxar Prilepinin Nijni Novqoroddakı emalatxanası” adlı təbliğat layihəsi isə (gənc jurnalistlər, blogerlər və yazıçılar üçün nəzərdə tutulub - red.) 10 milyon pul alıb. Yazılarda “ideoloji və vətənpərvərlik prinsiplərinin prioriteti” əsas tutulacaq.

Rejissor Aleksandra Frank “Donbasın üzləri” təbliğat silsiləsini davam etdirmək üçün 17,5 milyon rubl alıb.
Ümumilikdə fond 4,3 milyard rubl paylayıb. 20 təbliğat layihəsinə yarım milyarda yaxın vəsait xərclənəcək.

Musavat.com

02.07.2023 19:08
550