“Putin ittifaqı”na yeni təhlükə

Ermənistan KTMT-nin daha iki təlimini boykot edir, Paşinyan  anti-Rusiya ritorikasını gücləndirir - İrəvanı nə gözləyir?

Rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qarşıdakı iki təlimində Ermənistanın iştirak etməyəcəyi barədə qurumun üzvlərinə xəbərdarlıq göndərib.

“Yeni Müsavat” xəbər verir ki, bu təlimlərdən birincisi - “Kobalt-2024" Rusiya Milli Qvardiyasının (RMQ) rəhbərliyi ilə avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək.

RMQ-nin mətbuat xidmətinin açıqlamasına görə, təlimlərdə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstanın nazirlik və idarələrinin nümayəndələri iştirak edəcək.

“İştirakçılar KTMT-nin kollektiv çevik reaksiya qüvvələrinə daxil olan bölmələr arasında təcrübə mübadiləsi aparacaq, xüsusi təyinatlılar tərəfindən qanunsuz silahlı birləşmələrin axtarışı, aşkarlanması və məhv edilməsi üzrə praktiki bacarıqlar qazanacaqlar. Onlar həmçinin aviasiyadan və PUA-lardan istifadə etməklə binaya və nəqliyyata hücum, girovların azad olunması və yaraqlıların zərərsizləşdirilməsi təcrübəsini də sınaqdan keçirəcəklər”, - bəyanatda deyilir.

KTMT-nin “Qarşılıqlı fəaliyyət-2024" adlı daha bir təlimi isə sentyabrın 3-15 Qırğızıstanda keçiriləcək. Bu təlimlərdə də Ermənistandan başqa təşkilata daxil olan bütün ölkələrin hərbçiləri iştirak edəcək.

KTMT-dən verilən məlumata görə, bu təlimlər Mərkəzi Asiya regionunda silahlı münaqişənin həlli üzrə birgə əməliyyatın hazırlanmasına yönəldiləcək.

“Ermənistan tərəfi təlimlərdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, bu ilin fevralında Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-də iştirakının dondurulduğunu bildirib. Ermənistan hakimiyyəti 2024-cü ildə KTMT-nin büdcəsinə üzvlük haqqı verməkdən də imtina edib.

Bununla artıq neçənci KTMT toplantısıdır ki, Ermənistan üzv ölkə kimi iştirakdan yayınır. Belə desək, de-fakto Ermənistan "Putin NATO-su"nu tərk edib, de-yure ayrılması qalır. Bütövlükdə isə baş nazir Nikol Paşinyan KTMT və Rusiya ilə bağlı ritorikalarını yenidən artırıb. Bununla paralel Qərblə yaxınlaşmaq üçün rəsmi İrəvan yeni cəhdlər edir. Yada salaq ki, ötən həftə Rusiya FTX Sərhəd Xidmətinin nümayəndələri Zvartnots keçid məntəqəsində dövlət sərhədinin mühafizəsi funksiyalarını Ermənistan tərəfinə təhvil veriblər. Rusiya sərhədçiləri Rusiya ilə Ermənistan arasında 1992-ci il 30 sentyabr tarixli müqavilənin Ermənistan ərazisində Rusiya sərhəd qoşunlarının statusunu və onların maraqları naminə fəaliyyət göstərmə şərtlərini müəyyən edən 8-ci maddəsinə uyğun olaraq yerləşdirilib. 

Eyni zamanda Rusiya bəyan edib ki, Rusiya FTX-nin Ermənistandakı sərhəd idarəsi Zvartnots hava keçid məntəqəsində Ermənistan Respublikasının dövlət sərhədinin mühafizəsini təmin etmək funksiyasını rəsmən dayandırıb. Müşahidələr göstərir ki, Rusiya Ermənistanın qeyri-dost açıqlamalarına və addımlarına soyuqqanlılıq göstərir. Xüsusən də Paşinyanın KTMT-dən yaxın zamanda çıxacaqları barədə bəyanatına rəsmi Moskva ciddi reaksiya vermədi. Əgər hadisələr bu cür inkişaf edərsə və Ermənistan KTMT-dən çıxmaq barədə qəti qərar verərsə, o zaman Paşinyan özünü güllə qabağına atmış olacaq. Hazırda bu məsələ ilə bağlı bir çox suallar açıq qalır. Amma dəqiq bilinən bir məsələ var ki, əgər Ermənistan KTMT-dən çıxsa və Rusiya ilə hərbi əməkdaşlığı dayandırsa, onda bu, Paşinyanın faciəvi siyasi sonu ola bilər. Və bu gedişlə Ermənistanın Avrasiya İqtisadi Birliyindən də uzaqlaşması istisna deyil. 

Qabil Hüseynli özünü öldürən qazidən danışıb, ağladı - VİDEO Pravda.az

Qabil Hüseynli 

“Yeni Müsavat”a fikirlərini bölüşən professor Qabil Hüseynli Ermənistanın Rusiyaya sanksiyalardan yayınmaqda kömək etdiyini bildirir. Onun sözlərinə görə, belə şəraitdə Paşinyan “ayağına güllə sıxaraq” Rusiya və Avrasiya İqtisadi İttifaqı ilə yollarını ayırmaz: “Ermənistanla Rusiyanın ticarət dövriyyəsi ötən illə müqayisədə artıb. Üzdə didişən tərəflər merkantil məsələlərdə yaxşı dil tapırlar. Ermənistan Rusiyanın patronajlığı altında fəaliyyət göstərən KTMT-nin əleyhinə addımlarını sürətləndirməklə yanaşı, iqtisadi sferada Moskva ilə münasibətlərdə səhv etməməyə çalışır. Üstəgəl, Avrasiya İqtisadi Birliyi o dərəcədə funksionallığını saxlamasa da, Ermənistan bu platformadan uzaqlaşacağı haqda istəyini heç zaman dilə gətirməyib. Çünki hələlik Rusiyadan iqtisadi asılılıq yüksək səviyyədədir. Ancaq təhlükəsizlik sahəsində Qərbdən ona vədlər verilir və Paşinyan ruhlanaraq KTMT-yə ittihamları artırır”.

Q.Hüseynlinin bildirdiyinə görə, Ermənistan KTMT-də olan Belarusla əlaqələrini tam korlayıb, amma tərəflər Aİİ-də təmsil olunurlar: “İrəvan elan edib ki, Lukaşenko hakimiyyətdə olduğu qədər Belarusla münasibətlər qurulmayacaq. Ancaq Avrasiya İqtisadi Birliyində üz-üzə gələcəklər. Bu baxımdan Ermənistanın strateji addımları daban-dabana ziddir: həm rus təsirindən qopmaq istəyir, həm qopmamaq üçün addımlar atır. Sadəcə, "iki stul" siyasəti çox davam edə bilməz. Paşinyan gec-tez bunun cəzasını çəkə bilər. Çünki seçim etməlidir: ya Qərb, ya Rusiya. Ermənistanın öhdəlikləri, Rusiya ilə müqavilələri, üzv olduğu platformalar var, yəni bu ölkə Gürcüstan, Azərbaycan deyil".

Ramiyə Məmmədova: “Ankara Yaxın Şərqdə müharibəni səmimi şəkildə istəməyən  yeganə oyunçudur” - MÜSAHİBƏ - Oxu.az

Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədova isə hesab edir ki, KTMT təlimlərini boykot etməklə Ermənistan Rusiyadan üz döndərdiyini nümayiş etdirir: “Paşinyan hiyləgərdir və erməni xalqında Rusiyaya qarşı nifrəti gücləndirir. Demək istəyir ki, ruslar bizə müttəfiq olmadılar, arxa çevirdilər, indi niyə onlarla eyni təşkilatda iştirak edək?! Halbuki Rusiyanın münaqişəyə birbaşa müdaxilə etmək hüququ yox idi. Əgər Ermənistan ərazilərində hərbi əməliyyatlar getsəydi, KTMT qarışardı. Bütün narazılıqlar bu prosesdən başlanıb və əslində Paşinyan Qərbin təlimatlarını yerinə yetirərək rus orbitindən uzaqlaşmaq üçün bu bəhanələri uydurur. Onsuz da ona verilən tapşırıq ölkədə Rusiyanın hərbi mövcudluğuna azaltmaqdır. Ona görə amerikalılarla birgə hərbi təlimlər keçirirlər, amma Novosibirskdəki təlimdə iştirak etmirlər. Bu, açıq-aydın verilən siqnaldır”.

Rusiyalı hərbi ekspert, ehtiyatda olan polkovnik Viktor Baranets isə hesab edir ki, Paşinyan hazırda KTMT-dən çıxmaq kursu götürüb: “Mən sizinlə diplomatik dillə danışmayacam. Ermənistan özü Rusiyadan ayrılır. Erməni xalqı Rusiyadan üz çevirmir, bunu edən rəhbərlikdir, onu isə ABŞ məcbur edir. Rusiyadan uzaqlaşma ABŞ-ın qızıl arzusudur. Bir sözlə, Moskva və Vaşinqton arasında Ermənistan uğrunda böyük mübarizə gedir. Hazırda ABŞ ciddi inkişaf edib. Ermənistandan getmək isə bizə böyük bədbəxtliklər vəd edir. Başa düşürsünüz ki, əvvəl-axır amerikalılar Paşinyandan bizim hərbi bazamızı çıxarmasını istəyəcəklər?! Bəs bundan sonra nə olacaq? Mən aydın görürəm ki, İrəvan və Moskva münasibətləri bu ssenari üzrə inkişaf etsə, erməni xalqını böyük tarixi faciə gözləyir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat” 

07.08.2024 10:42
911