Putin Əsəddən ÜZ ÇEVİRDİ: rus gəmiləri çıxır, Dəməşqlə əlaqə kəsilir… - CANLI

Rusiya müdafiə naziri Andrey Belousov Kursk vilayətində vəziyyətin pisləşməsi ilə əlaqədar xüsusi hərbi əməliyyat zonasından Suriyaya əlavə hərbi qüvvələr göndərməkdən imtina edib. Kiyev Ukraynanın ən yaxşı təchiz edilmiş və ən sürətli briqadalarından biri olan 80-ci Hava Desant Briqadasını bölgəyə yerləşdirib.

“İnsayder-T” Teleqram kanalı Rusiya Müdafiə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb. Kanalın mənbələri bildiriblər ki, Suriya Prezidenti Bəşər Əsədin hərbi kontingentin gücləndirilməsi ilə bağlı xahişlərinə baxmayaraq, Rusiya Müdafiə Nazirliyi yaxın vaxtlarda bu məsələyə baxmağa hazır deyil: “Suriya uzaqdadır, amma biz burada məsələləri həll etməliyik. Bizim Aerokosmik Qüvvələrimiz orada davamlı olaraq işləyir, getdikcə daha çox ərazi ələ keçirməyə çalışan islamçılara çoxsaylı zərbələr endirir. Müdafiə Nazirliyinin qarşısında əsas vəzifə durur: Kurskdan düşməni qovmaq və dövlət sərhədinin etibarlı mühafizəsini təmin etmək”.

Suriyada müxalif qüvvələr paytaxt Dəməşq istiqamətində irəlilədikcə, Bəşər Əsəd rejiminin təmsilçiləri və tərəfdarları ilə yanaşı, bölgədəki Rusiya qüvvələri də real təhlükə altına düşür. Artıq Rusiya hərbçilərinin və özəl hərbi şirkətlərə aid yaraqlılarının üsyançı qüvvələrin nəzarətinə keçən Hələb və digər bölgələrdən qaçdığı məlumdur. Eyni zamanda, Rusiyanın burada xeyli sayda canlı qüvvə itirdiyi, eləcə də böyük miqdarda müasir silahlarının müxaliflərin əlinə keçdiyi barədə məlumatlar var. Rusiyanın hələ 1971-ci ildən Suriyanın Aralıq dənizindəki Tartus limanında yerləşən strateji hərbi bazası da böyük təhlükə altındadır. Çünki üsyançılar bir qədər də irəliləsələr, bazadakı rusların Suriyanın qalan hissəsi, xüsusilə də Dəməşqlə əlaqəsi kəsiləcək.

Artıq müxalif qüvvələr Həma, Homs bölgələri və hətta Dəməşqə doğru dərin irəliləyişə nail olublar. Əsas məqsəd paytaxt Dəməşqin bu iki şəhərlə və Aralıq dənizi ilə nəqliyyat, logistika əlaqələrini kəsməkdir. O zaman həm də Rusiya, İran və Əsəd qüvvələri arasında bu strateji istiqamətdə quru əlaqəsini kəsmək mümkün olacaq. Suriyadakı Türkiyə yönlü “teleqram” kanalları Rusiyanın öz döyüş gəmilərini Suriyadan təxliyyə etdiyini bildirir. Qeyd olunur ki, Rusiya hələ 1971-ci ildən yerləşdiyi Suriyanın Tartus limanından hərbi dəniz qüvvələrini mərhələli şəkildə çıxarmağa başlayıb. Belə ki, artıq dekabrın 2-də Rusiyanın “Yelnya” yardımçı gəmisi Tartusdan ayrılıb və iki freqatın, bir yardımçı gəminin və bir sualtı qayığın da yola düşdüyü bildirilir.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu təhlilçi Fikrət Fəraməzoğlu ilə Yaxın Şərqi müzakirə edir.


https://www.youtube.com/@musavattv

https://www.facebook.com/tvmusavat

 

 

03.12.2024 16:16
940