Putin-Ərdoğan görüşünün alınmamasının gerçək səbəbi

Rusiya Türkiyədən mümkünsüz olanı istəyib?

Vladimir Putin Türkiyəyə səfər edərkən səmada Rusiyanın  döyüş təyyarələri ilə müşayiət olunmasını istəyir. “Middle East Eye”a bildirib ki, Rusiya Ukraynanın Putinin təyyarəsinə hücum edə biləcəyindən ehtiyat edir.   Mənbələrin bildirdiyinə görə, Rusiya prezidentinin Ankaraya səfəri bu səbəbdən təxirə salınıb.

Nəşr qeyd edir ki,  Moskvanın tələbini yerinə yetirmək çətindir, çünki NATO-nun hava hücumundan müdafiə sistemləri Türkiyədə yerləşir və Rusiya qırıcılarını düşmən hədəfləri kimi qəbul edə bilər. Danışıqlardan xəbəri olan mənbə aydınlaşdırıb ki, Türkiyə Rusiyanın bu şərtini qəbul etməyi planlaşdırmır. Son müzakirələrdə Rusiya prezidentinin oktyabrın ilk həftəsində Türkiyəyə gəlməsi  ehtimalı nəzərdən keçirilsə də, bu tələb səfərin reallaşmasını  mümkünsüz edir. Putin sonuncu dəfə 2014-cü ildə Ankaraya səfər edib.

Əvvəllər xarici dövlət başçılarının səfərlərinin diplomatik protokollarında yaxından iştirak etmiş Türkiyənin keçmiş səfirlərinin fikrincə, Rusiyanın tələbi son dərəcə qeyri-adidir. “Türkiyə hökuməti xoşməramlılıq əlaməti olaraq xarici dövlət başçılarını müşayiət etmək üçün döyüş təyyarələri göndərə bilər. Bununla belə, xarici dövlət başçılarının öz döyüş təyyarələrini gətirməyi xahiş etdikləri bir hadisəni xatırlamıram”, - “Middle East Eye” mənbə deyib.

Bundan əlavə, Rusiya rəsmiləri hotellərdən şikayətlənirlər, çünki Ankaranın üç ən böyük hoteli Amerikanındır.  Nəşrin mənbələrinə görə, Rusiyada belə hotellərin Rusiya prezidenti üçün təhlükəli olduğuna inanırlar. Onların sözlərinə görə, Putinə hökumətin qonaq evi verilməsi məsələsi qaldırılıb.

İyunun ortalarında media Putinin təyyarəsini "Su-30SM" qırıcısı ilə müşayiət etməyə başladığını yazmışdı. Eyni zamanda xaricə uçuşlar zamanı Putini müntəzəm olaraq qırıcı təyyarələr müşayiət edir. Ötən ilin dekabrında Rusiya Müdafiə Nazirliyi hətta dövlət başçısının BƏƏ-yə səfəri zamanı Hərbi Hava Qüvvələri 1-i müşayiət edən "Su-35" qırıcılarının görüntülərini dərc edib. Prezidentin mətbuat katibi Dmitri Peskov daha sonra deyib ki, “bu, təhlükəsizlik baxımından edilir”.

Vladimir Putinin təhlükəsizlik tədbirləri Ukraynada müharibəyə başlamasından sonra xeyli gücləndirilib. İyunun əvvəlində iki rusiyalı məmur və Kremlə yaxın mənbə “The Moscow Times”a bildirib ki, kəşfiyyat xidmətlərinin tövsiyəsi ilə o, açıq hava tədbirləri zamanı gülləkeçirməz jilet geyinməyə başlayıb. Putinin bu günlərdə gerçəkləşən Bakı səfərində rus qırıcıların müşahidə edib-etməməsi də maraq doğurur. Bəs Putin-Ərdoğan görüşünün baş tutmamasının gerçək səbəbi nədir?

Yusif Bağırzadə prezidentliyə namizəd oldu

Yusif Bağırzadə

Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Vladimir Putinin Türkiyəyə səfər edərkən səmada Rusiyanın döyüş təyyarələri ilə müşayiət olunmasını istəməsi xəbəri doğrudursa, təəccüblüdür: “Rusiya tərəfinin Putinin təyyarəsinə Ukrayna tərəfdən hücum ola biləcəyi ilə bağlı mövqe ortaya qoyması da ağlabatan deyil. Birincisi, Ukrayna tərəfi hazırda Rusiya ərazisində hərbi əməliyyatlar aparır və o məntiqlə əgər Putinin təyyarəsini vurmaq istəsəydi, bunu elə Rusiya ərazisində və ya Putinin bundan əvvəlki xarici səfərlərində edərdi. İkincisi, Ukraynanın məhz Türkiyə ərazisində belə bir addım ataraq Türkiyə ilə də münasibətləri korlaması mümkün deyil, çünki Ukrayna yaxşı başa düşür ki, Türkiyə ərazisində hər hansı bir hədəfə hücum elə Türkiyəyə qarşı hücum hesab olunar və rəsmi Ankara buna heç bir halda biganə qalmaz. Üçüncüsü isə istər Putin olsun, istərsə də bir başqası, fərq etməz, əgər hər hansı bir xarici ölkənin rəhbəri Türkiyəyə səfər edirsə, öz sərhədləri çərçivəsində Türkiyənin həmin şəxsin təhlükəsizliyini təmin etmək üçün kifayət qədər imkanları da, resursları da var.  Odur ki, Putinin Türkiyəyə səfərinin bu səbəbdən baş tutmaması inandırıcı deyil”.

Politoloq onu da nəzərə almağı məqsədəuyğun hesab edir ki, ötən il Türkiyə liderinin də Moskvaya səfəri haqda məlumatlar getsə də səfər son anda reallaşmadı: “Hər iki tərəf, həm Rusiya, həm də Türkiyə tərəfi səfərlərin baş tutmamasını iki ölkə liderlərinin iş qrafikini uyğunlaşdırmağın mümkün olmaması ilə izah etsələr də bunun, sadəcə, bəhanə olduğu şübhəsizdir. Demək ki, tərəflərin bu səfərlərdən konkret gözləntiləri var və həmin gözləntilərlə bağlı konkret razılaşmalar olmadığından səfər baş tutmur. Düzdür, Putin sonuncu dəfə Ankaraya 2014-cü ildə səfər edib, amma buna baxmayaraq iki ölkə liderləri indiyə qədər dəfələrlə ayrı-ayrı ölkələrdə keçirilən beynəlxaq tədbirlərdə görüşüb, müxtəlif məsələlərlə bağlı müzakirələr aparıblar. Son görüş bu ilin 3 iyulunda Astanada Şanxay Əməkdaşlıq Təşkilatının 24-cü Liderlər Zirvəsi çərçivəsində baş tutub. Bu görüşdə Ukrayna müharibəsi, Suriyadakı vətəndaş müharibəsi, enerji əməkdaşlığı, Akkuyu AES-in tikintisi və təbii qazın verilməsi, Taxıl dəhlizi müqaviləsi, turizm və digər istiqamətlərdə müzakirələr aparılıb.

Bir sözlə, Putinin Türkiyəyə səfərinin baş tutmamasına baxmayaraq və iki ölkə arasında münasibətlər nisbətən sürət itirsə də, ikitərəfli münasibətlərdə qırılma əlaməti yoxdur. Rusiyada hakimiyyətə yaxın mətbuat orqanları Putinin uzun müddətdir gözlənilən, amma baş tutmayan Ankara səfərini Türkiyənin Qərb maliyyə qurumları ilə əməkdaşlığı gücləndirməsi, bank sektorunda məhdudiyyətlərin tətbiqi niyyəti ilə, eləcə də Türkiyənin Qərbin sanksiyalarına əməl etmək planında ABŞ-la razılaşması ilə izah edirlər.

Amma nə olmasından asılı olmayaraq, hətta siyasi müstəvidə hansısa problemlər olsa da bugünkü Türkiyə-Rusiya münasibətləri iqtisadi baxımdan hər hansı zərər görməyəcək. Çünki hər iki ölkənin bu baxımdan bir-birinə ehtiyacı var".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

13.09.2024 09:43
788