Putin Elçibəyin 32 il öncəki yolunu gedir - Sabiq baş nazir DANIŞDI

Pənah Hüseyn: “Bu humanist qərardan sui-istifadə edənlər də az olmadı”

Rusiya Federasiyasının Ali Məhkəməsi Müdafiə Nazirliyi ilə müqavilə bağlayan və ya səfərbərliyə çağırılan müttəhimlərin cinayət məsuliyyətindən azad edilməsini təklif edib.

Musavat.com xəbər verir ki, hazırda müvafiq qanun layihəsi RF Silahlı Qüvvələrinin plenumunda müzakirə olunur.

Yeni qaydalar dövlət mükafatı alındıqda, xidməti və ya döyüş əməliyyatlarını başa vurduqda işə xitam verilməsi ehtimalı ilə artıq məhkəmədə baxılan işlərə şamil ediləcək.

Musavat.com bildirir ki, Ukrayna daha öncə belə bir addım atıb.

Məlumat üçün bildirək ki, Azərbaycan tarixində də praktikada belə bir təcrübə var. 1992-ci ilin ortalarında Azərbaycan dövləti də "qızıl amnistiya" elan edərək, dustaqları vətən müharibəsi üçün səfərbərliyə almışdı.

Həmin dövrdəki AXC hakimiyyətinin dövlət katibi və baş naziri işləmiş, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn 32 il əvvəl verdikləri o qərarla indi razı deyil:

“1992-cü ildə belə bir əfv sərəncamı verilib və məhbuslara öz məsuliyyətini, günahlarını vətənə xidmətlə ödəmək üçün şərait yaradılıb. Məqsəd də bu olub. Onların içərisindən şəhid olanlar da olub. Amma onların içərisindən bundan sui-istifadə edənlər də olub. Ümumiyyətlə, prinsipcə bunun tərəfdarı deyiləm, bizim də təcrübə nəzərə alınmaqla. Bir daha təkrar edirəm ki, həmin əfv edilən şəxslərdən yüzlərlə müharibəyə gedib, vuruşan, şəhid, qazi olanlar olub. Amma dediyim kimi bu humanist qərardan sui-istifadə edənlər də az olmadı”.

Cavanşir ABBASLI
Musavat.com

13.08.2024 15:12
1781